Şəhid anasının 1,5 sot torpağına şərik çıxırlar

Şəhid anasının 1,5 sot torpağına şərik çıxırlar
Gəncədə şəhid anasına qarşı torpaq iddiası irəli sürülüb. İddiaçı Kəmalə Elxan qızı Hacıyaeva Nizami Rayon Məhkəməsinə ünvanladığı ərizəsində qonşuları Sevda Yəhya qızı Cəfərova və Şahnaz Zakir qızı Zeynalovanın ona məxsus 0,06 ha torpaq sahəsinin bir hissəsindən öz həyətlərinə yol çəkmələrinə etiraz edir. Ilk baxışdan adi mülki münaqişəyə bənzəyən bu məsələnin ictimaiyyətin müzakirəsinə verilməsi vacib olan bir neçə maraqlı məqamı var.

İddia ərizəsində adı cavabdeh kimi çəkilən S.Cəfərova evin əsl sahibəsi Ema Qoca qızı Cəfərovanın gəlinidir. E.Cəfərovanın oğlu Altay Zakir oğlu Cəfərov 28 aprel 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olub. Onların yaşadığı evin ərazisi Göygöl (o zaman Xanlar) Rayon XDS Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarı ilə, 11 sayli Təmir-Tikinti Trestinin torpaq sahəsindən ayrilaraq trestin işçilərinə paylanan 3 ha ərazinin 50 payından 1-cisidir. Bu ərazi hər biri 0,06 ha olmaqla məhz 50 nəfərə paylanıb.

E.Cəfərovaya məxsus 1 saylı yer trestin o zamankı işçilərindən biri olaraq Müzadil Abbasəli oğlu Ələkbərova verilib. Torpaq sahibi onu 30 illik etibarnamə ilə E.Cəfərocvanın oğlu Adil Zakir oğlu Cəfərova verib. Maraqlıdır ki, iddiaçı K.Hacıyevaya verilən mülkiyyəti təsdiq edən sənədlər də 1 saylı yerə aiddir. Amma bu yerlərin yalnız müəyyən bir hissəsi üst-üstə düşür.

Yəni, şərik hissəni nəzərə almasaq, onları yanaşı yerləşdirmək olar. Tərslikdən, hər iki yer sənəddə 0,06 ha kimi göstərilir. Deməli, K.Hacıyevaya məxsus yeri A.Cəfərova məxsus yerlə yanaşı yerlədirsək, onun 0,015 ha hissəsi ya tratuara çıxmalı, ya da üst-üstə düşməlidir. Bundan başqa, A.Cəfərovun yerinin yola çıxışı da K.Hacıyevaya verilmiş yerdən keçır. Bu, onların arasındakı mübahisənin daha bir səbəbidir. K.Hacıyeva məhkəməyə məhz bu məsələni əsas götürərək müraciət edib. Gəncə şəhər Nizami Rayon Məhkəməsi 15 mart 2007-ci il tarixli qətnaməsilə bu iddianı təmin edib. Üstəlik, polis A.Cəfərovun evinin bir hissəsinin K.Hacıyevaya məxsus yerə düşməsi iddiasıyla sökdürüb. Ev bərpa edilincə, yenidən sökülüb və bu hadisə bir neçə dəfə təkrarlanıb. Şəhid anası E.Cəfərova və onun digər ailə üzvləri hesab edir ki, K.Hacıyevaya verilmiş torpaq sənədləri saxtadır. Onlar K.Hacıyevadan əvvəl bu yerə sahıblik iddiası ilə gələn 12 adamla qarşılaşdıqlarını deyirlər: "Biz Kəmalənin həyat yoldaşı Biləndərə dedik ki, bu yerin sənədləri saxtadır, səndən əvvəl 12 adam gəlib, həqiqəti duyan kimi gedib. Dedi ki, mən bu yeri pul verib almışam. Amma özü də bilir ki, onun sənədlərinin arxivdə kökü yoxdur. Tratuar üçün nəzərdə tutulmuş yerin bizə və qonşumuz Arif Bayramova məxsus yerlərin qarşısından keçən hissəni kəsib ona veriblər".

Bunu F.Bayramov özü də təsdiq etdi. Onun bizə təqdim etdiyi sənədlər evinin qarşısındakı tratuarın torpaq sahəsi kimi başqasına satılması üzündən torpağına gedən yolu müəyyən müddətə itirdiyini, onu bərpa etmək üçün xeyli əziyyət çəkdiyini, sonda isə yalnız onun 8 metrini geri ala bildiyini sübut edir. A.Bayramovdan fərqli olaraq, şəhid ailəsinə evin sol tərəfindən keçən küçəyə çıxış açmağı məsləhət görürlər. Bu tərəfə doğrudan da çıxmaq mümkündür. Lakin Cəfərovlar bu dəyişikliyin məhəllənin baş planına zidd olduğunu və iddiaçı qonşunun sənədlərinin saxtalığını əsas gətirərək elə əvvəlki yoldan istifadə etməyə qərar veriblər.

Göygöl rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri H.B.İsmayilovun imzası ilə təsdiq edilmiş məhəllənin baş planında 1 saylı yerin məhz Müzadil Abbasəli oğlu Ələkbərova məxsus olduğu göstərilir. Bundan başqa, həmin sənəddə bu 3 ha ərazinin yalnız 50 nəfərə məxsus olduğu və daha bir "1 saylı" yerin olmadığı aydın görünür. Burada hər hansı 51-ci yeri tapmaq mümkün belə deyil.

Göygöl Rayon Dövlət Arxivindən Müzadil Ələkbərova verilmiş arayış onun sözügedən torpağa dair sənədlərinin köklü olduğunu göstərir. Arxixin müdiri Hamlet Hüseynova ünvanladığımız sorğunun cavabı da bunu sübut edir.

Əksinə, K.Hacıyevaya və ya onun aldığı torpağın öncəki sahibəsi Xədicə Ellazovaya aid belə bir cavab ala bilmədik. Arxiv müdiri təqdim etdiyimiz adların torpağa sahibliyini təsdiq edən hər hansı sənədilə rastlaşmadığını dedi: "Mən diqqətlə araşdıddım və burada nə Xədicə Ellazovanın, nə də Kəmalə Hacıyevanın adına heç bir torpaq sənədi ilə rastlaşmadım".

Bütün bunlar bu gün daha bir məhkəmə çəkişməsində araşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə