"Xocalı sakinlərini vəhşi kimi döyürdülər və öldürürdülər" ŞAHİDLƏR DANIŞIR
“Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum etdilər. Camaat elə bilirdi ki, sıradan bir hücum olacaq. Amma onlar nə bilərdi ki, rusların tankları kəndləri darmadağın edib yandıracaq. Onlar şəhərə doldular və darmadağın etdilər. Mənim nəvəm də qucağımda idi. Hərə bir yerə pərən-pərən düşdü. Gördük ki, hamı meşəyə doğru qaçır. Qaçmayanları isə elə oradaca öldürdülər". Bunu SİA-ya açıqlamasında Xocalı sakini, hadisələrin canlı şahidi Cəmil Məmmədov deyib.
"Biz meşəyə qaçdıq və orada da dizdən yuxarı qar idi. Uzun sıralama dağlar idi, birini keçirdin digər dağ gəlirdi. Qucağımda uşaq idi və özüm də ayaqyalın idim. Çaydan keçəndə ayaqqabım suya batdı dondu və çıxardım. Meşədə qalanda bacımoğlu da mənimlə idi. Bacımoğlu o zamanlar Gəncədə oxuyurdu və gəlmişdi ki, atasına və anasına köməklik etsin. Biz yolumuzu davam edə-edə bir erməni kəndinə getdik çıxdıq. Duman çəkiləndə onlar bizi gördülər və Dəhraz kəndinə töküldülər. Bizi gətirib fermaya doldurdular və orada da xeyli sayda arvad, uşaq, kişi var idi. Orada olanları vəhşi kimi çırpırdılar, döyürdülər və öldürürdülər. Cavanlara isə dəhşətli işgəncələr verirdilər. Biz gecəni orada qaldıq. Səhər bir maşın gəldi və qadınları ora yığdılar ki, Ağdamın sərhəddinən buraxsınlar. Kişilərdən mən, qardaşım və qucağımda olan nəvəm qaldı.
Ermənilər içəri girdi və saçımdan tutdu. Ayaqqablarının dabanında olan dəmir nalla barmaqlarımı qırıq-qırıq etdilər. Barmaqlarımın heç biri salamat qalmadı. Vicdansız özü məni tanıyırdı. Çünki Əsgəranda bənnaçı işləmişəm. Qardaşımı və məni xeyli çırpdılar. Sonra bizi maşına mindirib apardılar. Hər ikimiz yaralı idik. Ermənilərdən biri məni ağzımdan vurdu və bütün dişlərim qırıq-qırıq oldu, burnum əzildi. Qan elə fışqırırdı ki, elə bir toyuq başı kəsmisən. Sona biri gəlib mənə necə bir təpik vurdusa, sonra dedi qanını ye. Mən həmin qanı süpürüb dəsmalımın arasında gizlədirdim. Bütün qanı cibimə doldururdum ki, yenə gəlib üstümə düşməsin. Sonra xəbər gəldi və bizi öldürmədilər. Bizi Ağdam sərhəddində ermənilərlə dəyişdilər və sonra mən 3 ay xəstəxanada qaldım. Əgər desələr Xocalıya ayaqyalın get inanın ki, gedərəm”.
Qeyd edək ki, Məmmədov Cəmil Cümşüd oğlu 1934-cü ildə Ermənistanda anadan olub və 1942-ci ildə orada orta təhsil alıb. 1952-ci ildə hərbi xidmətdə olub və Xocalıda bir neçə müddət bənnaçı kimi çalışıb. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin işğalçı siyasəti nəticəsində Xocalıdan didərgin düşüb. Ailəlidir, 5 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB