"Qardaşım "anam, bacım erməniyə əsir düşərsə qranatı partladacam" dedi" ŞAHİDLƏR DANIŞIR
“Xocalı faciəsi təkcə xocalılılar üçün deyil, bütün Azərbaycan xalqı, ümumiyyətlə, türk dünyası üçün acı bir gündür, qətliamdır. Dünya tarixində olan vəhşiliklərdən ən dəhşətlisi erməni silahlıları tərəfindən Xocalıda törədilib. Bu soyqırımı baş verməyə də bilərdi. Ona görə ki, xocalılılar 1988-ci ildən 1992-ci ilə qədər qadınlı-uşaqlı, böyüklü-kiçikli adi ov tüfəngi, yaba, dəhrə, balta ilə belə gecə-gündüz döyüşürdü". Bunu SİA-ya açıqlamasında Xocalı sakini, haisələrin canlı şahidi İradə Cəfərova deyib.
"Biz inanmırdıq ki, o faciə törənə bilər. Bilirdik ki, xalqımızın qeyrətli oğulları var, erməni qorxaqdır və biz qalib gələcəyik. Ancaq o zamanki siyasi rəhbərliyin səriştəsizliyi ucbatından, onların yalnız öz kariyeralarını güdməsi nəticəsində ermənilər Xocalıda soyqırımı törətdilər. Bu faciə törənən zaman mən 3-4 ay əvvəl bir uşaqlı qadınla Xocalıdan çıxmışdım. Lakin sonradan işimlə əlaqədar Xocalıya qayıtmalı oldum. Ermənilər Şuşa şəhərinə gedən vertolyotu göydə vurdular. Ondan sonra Xocalı ilə Ağdam arasında əlaqə tamamilə kəsildi. Artıq biz Xocalıda mühasirədə qalmalı olduq. 4 ay ərzində Xocalıya ancaq hərbi vertolyotlar gəlirdi və oradan düşənlər də ermənipərəst ruslar idi. Biz səhər saat 9-dan çıxırdıq və axşam 6-ya qədər Xocalı hava limanında qalırdıq. Heç bir vertolyoya minə bilmədik və nəticədə həmin gecənin şahidi olduq.
Saat 8 radələrində faciə törənməmişdən əvvəlki həmin günü biz Xocalıda yerləşən çörəkbişirmə sexinə getdik. Çünki bütün xocalıların ərzaqı tükənmişdi. Ermənilər isə hər dəqiqə Xocalının ətrafına kağızlar yazıb atırdılar və maşınla keçəndə bizi hədələyirdilər. Bizə deyirdilər ki, hər şeyi boş-boşuna tikib qurursunuz, çünki sonda hər şey bizlərə qalacaq. Xocalının bütün gəncləri, cavanları hamısı postlarda idi. Mənim həyat yoldaşımda həmin postlardan birində idi. Biz iki uşaqla ancaq anamgilin zirzəmilərində gizlənirdik və gecələri orada yatırdıq. Fevralın 25-də axşam saat 8 radələrində Xocalı dördbir tərəfdən atəşə tutuldu. Xocalı faciəsi törənən günü səmada partlayan mərmilərin yaydığı alovu, toplardan, qrad qurğularından atılan yaylım atəşlərini mən hələ heç harda görməmişdim. İnanırsınız, o top atəşinin səsindən bütün evlər silkələnirdi. Biz ikinci mərtəbədən zirzəmiyə düşə bilmirdik. Uşaqların, qadınların, anaların çığırtısı ərşə qalxırdı. Biz hər gün, hər gecə atəşə məruz qalırdıq. Axşam saat 10 radələrində o postda olanlardan gəlib bizə xəbər verdilər ki, artıq Xocalı aeroportu alınıb və əlaqə tamamilə kəsilib. Ermənilər tanklar və pulyemotlar vasitəsilə bütün kəndi mühasirəyə almışdılar. Artıq camaat meşəyə doğru qaçırdı. Mən evdə gəzdiyim ayaqqabılarla uşaqlarım isə kürəyimdə evdən çıxmalı oldum. Xeyli aralanmışdıq və dəmiryolu körpüsünə yaxınlaşdıq. Biz yenə də ümidimizi itirmədik ki, bəlkə bizə kömək edərlər. Biz dəmiryolu körpüsünün altında da 2-3 saat qalmalı olduq. Sonra gördük ki, yaxınlıqda olan mal fermasından rusların və ermənilərin səsləri gəlir. Onlar bizlərə tamamilə yaxınlaşmışdılar. Biz məcbur olub oradan da qaçdıq. Qar dizdən idi və hava da çox qaranlıq idi. Atam gedib evdən mənim çəkmələrimi gətirməli oldu. Biz evlərimizin açarını belə özümüzlə götürmüşdük ki, atəş səsləri səngiyər və biz yenidən evimizə qayıdarıq. Gördük ki, ümidimiz artıq kəsilir və Qarqar çayı deyilən istiqamətə doğru getdik. Qarqar çayını keçdik. 4 yaşlı oğlumu atam kürəyinə bağlamışdı, 3 yaşında qızımı isə özüm götürmüşdüm. Bizdən əvvəl gedən dəstələrdən atışmaya düşənlər olmuşdu və çoxlu qırğınlar olmuşdu. Biz istiqamətimizi dəyişib Ağdamın Gülablı kəndi deylən ərazisinə tərəf yan aldıq.
Qar, boran, duman imkan vermirdi ki, biz yolumuzu gedək. Çünki göz-gözü görmürdü. Biz dəfələrlə qaranlığa düşdük və 3 gün 3 gecə meşədə qaldıq. Qaldığımız yerlərdə ocaqlar yandırırdıq. Həmin ocaqların tüstüsündən, işartısından ermənilər bizim hansı ərazidə olduğumuzu bilirdilər. Hara gedirdiksə, orada erməni pusqusuna rast gəlirdik və atışma nəticəsində xeyli insanı itirirdik. Bibimin yoldaşı yaralandı və yenidən arxaya qayıtdıq. Qardaşım əlində qranatı saxladı və dedi ki, əgər anam, bacım erməniyə əsir düşəcəksə bu qranatla partladacam. Biz işıq gələn istiqamətə getdik, çünki ermənilər olan yerdə işıq yox idi, ancaq Ağdamda var idi. Səhər açılanda biz yolumuza davam etdik və iki yol gördük. Biz inanmırdıq ki, o yol erməni kəndinə tərəf gedər. Aramızda bizimkilərdən 13-15 nəfər silahlı var idi. 3 gün 3 gecə ac-susuz qalan uşaqlar qorxudan səslərini çıxarıb su, çörək də istəmirdilər. Su əvəzinə onlara qarı əlimizdə isidib verirdik. Biz yolumuza davam edə-edə düz gəlib ermənilərin Dəhraz kəndinə düşdük. Erməni quldurları yüksəkliklərdə gizlənmişdilər və bizi görən kimi atəş açmağa başladılar. Atəş açan kimi biz hamımız yerdə uzandıq. Qalxanda gördüm ki, yanımda olan Zəhra adında qadının ağzından qan gəlir. Güllə onun başından dəymişdi və elə oradaca dünyasını dəyişmişdi. Hamımızın ayağını soyuq almışdı. Əgər mən televiziya vasitəsilə eşitsəm ki, Xocalı erməni işğalçılarından azad edilib, inan mən ayaqyalın ora gedərəm”.
Qeyd edək ki, Cəfərova İradə Aydın qızı 1965-ci ildə Xocalıda anadan olub. 1971-ci ildə Xocalıda yerləşən 8 illik məktəbdə oxuyub. 1982-ci ildə Ağdam kənd təsərrüfatı texnikomunun mühasibat uçotu şöbəsində işləyib. 1991-ci ildə Statistika idarəsində baş iqtisadçı vəzifəsində çalışıb. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalçı siyasəti nəticəsində Xocalıdan didərgin düşüb. Ailəlidir, 2 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB