Ağcabədidə Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir

Ağcabədidə Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir

YAP Ağcabədi rayon təşkilatı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə silsilə tədbirləri davam etdirir. Təşkilatın növbəti tədbiri Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi, Mübariz Veteranlar İctimai Birliyi, Qazi Veteranları ilə birgə rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər Xiyabanına gələrək, şəhidlərin məzarı üzərinə tər çiçəklər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. "N" saylı hərbi hissənin atıcılıq mərkəzində Ağcabədi rayon məktəbliləri və gənc əsgərlərin iştirakı ilə atıcılıq yarışı keçirilib və qaliblər müəyyən edilib.

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Rövşən Əhmədov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib: "Bu qətliamın qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən, məhz soyqırımı olduğunu təsdiqləyir. Bu soyqırımı nəticəsində, 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Təkcə bir gecədə Xocalı şəhəri yerlə- yeksan olundu".

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan R.Əhmədov diqqətə çatdırıb ki, Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı Soyqırımı Günü haqqında" xüsusi qərar qəbul edib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Radə Qafarova, rayon gənclər və idman idrəsinin əməkdaşı Cavid Bünyadov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Əlizadə Nəcəfov, "N" saylı hərbi hissənin əsgəri Namiq Qasımov, Xocalı və onun ətraf kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş Qarabağ Qazisi Elçin Mikayılov çıxış edərək, Xocalı faciəsi ilə bağlı fikirlərini bildiriblər, eyni zamanda, şahidi olduqları erməni vəhşilikləri barədə toplantı iştirakçılarına məlumat veriblər.

Sonra Ağcabədi rayon məktəblilərinin ifasında Xocalıyla bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən atıcılıq yarışının qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə