Əfqanıstan müharibəsi veteranları Prezidentə minnətdarlıq edirlər RƏYLƏR

Əfqanıstan müharibəsi veteranları Prezidentə minnətdarlıq edirlər RƏYLƏR

Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam və Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb. Belə ki, sərəncamda qeyd olunur ki, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılsın.

O cümlədən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

Qeyd edək ki, həmin ailələr 220 AZN yerinə 300 AZN aylıq təqaüd alacaqlar.

Dövlət başçısının verdiyi sərəncam və fərmanı ilə bağlı SİA-ya açıqlama verən Əfqanıstan müharibəsinin veteranı, "Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu"nun prezidenti Sərraf Orucov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı bütün sosial təbəqələri, o cümlədən, Əfqanıstan müharibəsində iştirak etmiş veteranları, həmçinin bu müharibədə həlak olmuş şəxslərin ailələrini əhatə edib. “Biz son vaxtlar İlham Əliyev cənabları tərəfindən aparılan sosial islahatların inqilabi və uğurlu nəticələrinin şahidləri olmaqdayıq”, deyə bildirən S.Orucov həmçinin bildirib ki, onlar bu diqqət və qayğıdan qürur və fərəh hissləri keçirirlər: “Bu, Prezident İlham Əliyevin hər zaman öz vətəndaşının yanında olmasının bariz sübutudur. Bizlər Əfqanıstan müharibəsinin veteranları olaraq, bundan sonra da Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin möhkəmləndirilməsi istiqamətində uğurlu fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manatın ayrılması, habelə bu müharibədə iştirak etmiş və həyatlarını itirmiş şəxslərin ailələrinə verilən təqaüdün artırılması növbəti dəfə sübut edir ki, ölkə rəhbərimiz hər bir azərbaycanlının prezidentidir. Ümumiyyətlə, istər aztəminatlı ailələrə birdəfəlik sosial yardımın verilməsi, təqaüdlərin artırılması, tələbələrə göstərilən qayğı, şəhid ailələrinə verilən təqaüdlərin hər biri məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır. Biz, ölkə rəhbərimizə öz təşəkkürlərimizi, sonsuz minnətdarlığımızı çatdırırıq”.

Əfqanıstan müharibəsinin digər veteranı, Əfqanıstan Baş hərbi prokurorluğunda tərcüməçi işləmiş, "Şərəf" ordenli Elxan Qasımov isə sərəncam və fərmanlarla bağlı bildirib ki, bu qərarlar bütövlükdə Azərbaycan xalqına göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Biz fəxr edirik ki, cənab İlham Əliyev hər bir azərbaycanlıya özəl diqqəti və qayğısı ilə yanaşır”, deyən E.Qasımov həmçinin bildirib ki, dövlət başçımızın apardığı məqsədyönlü, mütərəqqi və yalnız uğurlara əsaslanan sosial siyasəti demək olar ki, bütün sahələri və bütün vətəndaş təbəqələrini əhatə etməkdədir: “Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır. Əlbəttə, biz də bu siyasətin ətrafında dövlətimiz, Vətənimiz, xalqımız üçün var gücümüzlə çalışacaq, töhfələrimizi verəcəyik. Əfqanıstan müharibəsi veteranları və bu müharibədə həlak olan şəxslərin ailələri Prezident İlham Əliyev cənablarına öz sonsuz minnətdarıq hisslərini çatdırırlar”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə