Təbii fəlakətdən ziyan çəkmiş bir qrup şikayətçi ombudsmana müraciət edib

Təbii fəlakətdən ziyan çəkmiş bir qrup şikayətçi ombudsmana müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Kür çayının daşması, sel və digər təbii fəlakətlərdən zərərçəkmiş ölkə vətəndaşlarının hüquqlarının təmin olunmasını və müdafiəsini diqqətdə saxlayır. Ombudsman aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o, təbii fəlakət zonasına səfərləri zamanı onların problemlərinə həssaslıqla yanaşıb, həmin problemlərin həllində yardımçı olub və bu fəaliyyət davam etdirilməkdədir.

Bu günlərdə Saatlı rayonunda daşqınlardan əziyyət çəkən Novruzlu və Dəllər, habelə Sabirabadın Ulacalı kəndlərindən bir qrup şikayətçi ombudsmanın qəbulunda olaraq ona həmin kəndlərin sakinləri adından müraciət edib. Şikayətçilər qəzalı vəziyyətə düşən evlərinə müvafiq komissiya tərəfindən indiyədək baxış keçirilmədiyini, evlərinin təmir edilmədiyini, dəymiş maddi ziyana görə bəzi ailələrə bu günədək kompensasiyanın ödənilmədiyini, bəzilərinin yaşadıqları kəndlərdən onlar üçün tikilmiş yeni qəsəbəyə köçmək istəmədiklərini bildirib, qeyd edilən məsələlərin həllində kömək göstərilməsini müvəkkildən xahiş ediblər.

E.Süleymanova bu məsələ ilə bağlı Azərbaycan Respublikasının baş nazirinə, fövqəladə hallar nazirinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinə məktubla müraciət edərək, göstərilən halların yoxlanılması, qeyd olunan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsini və nəticəsi barədə məlumatların bildirilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə