Əli Həsənov: "Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür" - MÜNASİBƏT

Əli Həsənov: "Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür" - MÜNASİBƏT

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsini yerləşdirib. İctimai marağı nəzərə alaraq SİA mətndəki bəzi məqamları oxuculara təqdim edir.

Prezidentin köməkçisi qeyd edib ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır: "Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Odur ki, sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə, iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir".

Ə.Həsənov əlavə edib ki, axı ölçüsü, tutumu hər kəsə bəlli olan bir meydanda üç-beş min adamın iştirak etdiyi mitinq tribunasından hansı dəyərli və təzə fikir səsləndi, yeni proqram açıqlandı, hansı fərqli yol xəritəsi elan edildi ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu?: "Doğrudanmı, bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfıra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər? Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür! Azərbaycan cəmiyyəti yaxşı görür ki, 25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar...".

Bütün xəbərlər Facebook səhifəmizdə