Joze Manuel Barrozu təndir çörəyinin dadına baxıb

Joze Manuel Barrozu təndir çörəyinin dadına baxıb

Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozo paytaxtın görməli yerlərindən olan İçərişəhərlə tanış olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılmış son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilib.

 

Avropa Komissiyasının sədri gəzintiyə Qız qalası ilə tanışlıqdan başlayıb. Bakının rəmzi sayılan Qız qalasının tarixi barədə qonağa məlumat verilib, əsrlərin şahidi olan bu qədim abidənin YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edildiyi bildirilib. Joze Manuel Barrozu Bazar meydanındakı daş eksponatlarından ibarət ekspozisiya, Buxara karvansarası, qoşa qala qapıları ilə də tanış olub, Kiçik Qala küçəsində təzə təndir çörəyinin dadına baxıb.

 

Qonağa XI əsrdə inşa edilmiş Məhəmməd məscidi, burada avstriyalı və almaniyalı mütəxəssislər tərəfindən aparılmış bərpa və konservasiya işləri barədə məlumat verilib. Gəzintinin sonunda "Kiçik Karvansara" abidəsindəki təsviri və dekorativ–tətbiqi incəsənət mərkəzində - "İncəsənət bağı"nda hörmətli qonağın şərəfinə çay süfrəsi təşkil olunub.

 

Joze Manuel Barrozu burada taxta üzərindəki oyma işlərinə, xalçalara baxıb. Avropa Komissiyasının sədri İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Qonağa xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə