Müsahibimiz iqtisadçı-ekspert, "Təməl" Hüquq Mərkəzinin direktoru Vüqar Abbasovdur
- Vüqar bəy, vergi qanunvericiliyi və vergi ödənişləri ilə bağlı səmərələşdirici təklifləriniz olduğunu bildirirsiniz. Bunu bizim üçün açıqlaya bilərsinizmi?
- Hazırkı vergi qanunvericiliyi normaldır, amma mükəmməl deyil. Ölkədə sahibkarlığın inkişafını sürətləndirmək, iqtisadi fəallığı artırmaq üçün vergi sistemində bəzi yeniliklər edilməsinə ehtiyac var. Buna misal olaraq Vergi Məcəlləsinin 155-ci maddəsini qeyd etmək istərdim:
Vergi məcəlləsinin 155.1-ci maddəsi:
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150 000 manatdan artıq olan hüquqi və 90 000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Aşağıdakı misallara baxaq:
Misal 1. 1-ci hal: ƏDV ödəyicisi olan istənilən şəxs 30.000 manatlıq mal satdıqda orta hesabla 1500 manat gəlir əldə edir. 1500 manatın 18 faizi ƏDV məbləği 270 manat (1500 x 18%) , 20 faizi mənfəət vergisi məbləği 300 manat (1500 x 20%) dövlət büdcəsinə ödənilməlidir. Dövlət burada 1500 manatın 570 manatını vergi məbləği şəklində dövlət büdcəsinə hesablayır.
2-ci hal: sadəlşmiş vergi ödəyicisi olan istənilən şəxs 30.000 manatlıq mal satdıqda bundan 4 faizi dövlət büdcəsinə hesablanır. Bu dövlət büdcəsinə köçürülən 1200 manat vergi məbləği deməkdir (30.000 x 4%).
Misal 2. 1-ci hal: malın ƏDV-siz qiyməti 100 manatdır, ƏDV məbləği 18 manatdır. Hər hansı bir səbəbdən mala görə əvəzləşmə hüququ itirildikdə vergi ödəyicisi üçün malın maya dəyəri 118 manat təşkil edir. Həmin mal 130 manata satılsa belə ƏDV ödəyicisi olan şəxs zərərə düşür. Hesablama: maya dəyəri 118 manat + 19.83 manat (malı 130 manat satdığı üçün tətbiq olunan əlavə ƏDV məbləği) = 137.83 manat. Nəticə 130 manat (satış qiyməti) – 137.83 manat = 7.83 manat zərər.
2-ci hal: malın ƏDV-siz qiyməti 100 manatdır, ƏDV məbləği 18 manatdır. Həmin mal 130 manata satılsa sadələşmiş vergi ödəyicisi (ƏDV ödəyicisi olmayan şəxs) gəlir əldə etmiş olur. Hesablama: 130 manat (satış qiyməti) – 118 manat (maya dəyəri) = 12 manat gəlir.
Təklif edirəm ki, ƏDV məqsədləri üçün qeydiyyata durmaq (istehsal, mobil rabitə, və ümumilikdə insan faktoru olmadan nəzarət edilə bilən digər fəaliyyət sahələri istisna olmaqla) məcburilik yox, könüllük prinsipi daşısın. Yuxarıdakı 1-ci misaldan açıq aydın görünür ki, sadələşmiş vergi sistemi dövlətə daha çox xeyir gətirir. 2-ci misalda isə əvəzləşmə üçün qanunvericiliyə əməl etməyən şəxslərin sadələşmiş vergi sisteminə meyl etməsi açıq aydın görünür. Bu da öz növbəsində dövlət büdcəsinə daha çox vergi daxil olmasına gətirib çıxarır.
- Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün hansı vergi güzəştləri mövcuddur və bu güzəştlərdən istifadə sahibkarlar üçün nə dərəcədə səmərəlidir?
- İlk öncə onu qeyd etmək istəyirəm ki, 01 yanvar 2001-ci il tarixindən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Bu qanuna əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Demək olar ki, iri sahibkarlıq subyektləri bu güzəştdən istifadə edə bilmirlər və ya çox az miqdarda istifadə edirlər. Qanuna görə taxıl məhsulunun istehsalından əldə olunan gəlirlər vergidən azaddır, amma həmin taxıl məhsulu istehsalçının özü tərəfindən un halına salınaraq satılarsa vergiyə cəlb olunur. Vergilər Nazirliyi və Statitika Komitəsi həmin məhsula kənd təsərrüfatı məhsulu kimi yox, emal məhsulu kimi baxır. Bu isə son nəticədə vergiyə cəlb olunur və sözü gedən güzəştin istifadəsi mümkünsüz olur.
Digər tərəfdən, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən buğda və meslin həmçinin, buğda unu və ya buğda-çovdar ununun idxalı ƏDV vergisindən azaddır. Bu isə son nəticədə yerli istehsalı iflic etmək təhlükəsi qarşısında qoyur. Yəni, xaricdən idxal olunan un məhsullarının idxalı ƏDV-dən azaddır, lakin yerli un istehsalı ƏDV-nə cəlb olunur. Bu da son nəticədə kənd təsərrüfatı məhsullarının ölkədə istehsalının inkişafının stimullaşmasını məhdudlaşdırır. Sözü gedən problem tək taxıl istehsalı yox, kənd təsərrüfatının bütün digər sahələri üzrə fəaliyyət növlərinin inkişafına böyük mane törədir. Yəni, güzəşt qanunu qüvvədə olsa da, bundan istifadə dolayısı ilə məhdudlaşdırılır.
- Məlumdur ki, satış və istehsal zamanı rəsmi qeydiyyata alınmayan məhsullar da olur. Nəticədə dövlət büdcəsindən vəsaitlər yayınır. Bu problemi necə həll etmək olar?
- Belə hallardan yayınmaq üçün dövlət əməliyyatların müasir qaydada həyata keçirilməsi üçün müvafiq tədbirlər görməlidir. Yəni, post-terminallar vasitəsi ilə malların (iş, xidmət) satışı həyata keçiriməlidir. Nağd əməliyyatlar tədricən aradan qaldırılmalıdır.
Post-terminalların tətbiqinə dəstək məqsədi ilə alınan mala, işə və xidmətə görə ödənilən ümumi məbləğin 1 faizi həcmində bonus şəklində alıcılara geri qatarılması üçün həvəsləndirici tədbirlər və s. digər tədbirlər görmək lazımdır. Mal, iş və ya xidmət alıcılara təqdim olunarkən vergi ödəyicisinin vergidən yayınma halının qarşısının alınması üçün alıcıda demək olar ki, heç bir maddi maraq olmur.
Bu da son nəticədə vergi ödəyicilərinin vergidən yayınma hallarının artması üçün münbit şərait yaradır. Alıcının mal (iş, xidmət) alınarkən bilavasitə iştirak etməsini nəzərə alaraq bildirirəm ki, alıcıdan başqa vergidən yayınma halının qarşısını alacaq ikinci yaxşı vasitə ola bilməz. Burada dövlət əlavə vəsait itirməmək üçün sadələşmiş verginin dərəcəsini artıra bilər.
- Bu təkliflərinizlə bağlı müvafiq dövlət qurumlarına müraciət etmisinizmi və bununla maraqlanan olubmu?
- Bu barədə dəfələrlə Vergilər Nazirliyinə müraciətim olub. Təəssüf ki, hələlik mənə qulaq asan olmayıb. Əgər ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın sürətli inkişafını təmin etmək istəyiriksə, bürokratik əngəlləri aradan qaldırmalı, vergi sistemində dəyişikliklər etməli, sahibkarların vergidən yayınmamasını stimullaşdırmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB