Kijəbə qəsəbəsində görüş

Astara rayonunun 12 min nəfərdən çox əhalisi olan Kijəbə qəsəbəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirib. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. SİA-nın məlumatına görə, İcra başçısı sakinləri salamlayaraq qəsəbədə və nümayəndəliyə daxil olan kəndlərdə vaxtaşırı səyyar qəbul-görüşlər keçirdiyini, qaldırılan problemlərin həllinə nail olunduğunu bildirib. Qəsəbə tam orta məktəbi, sahə xəstəxanası, ictimai yaşayış binaları əsaslı təmir olunmuş, bayraq meydanı, istirahət parkı salınmış, səkilərə daş üzlüklər döşənmiş, qəsəbənin əsas küçəsinin işıqlandırılması təmin olunmuş, əksər yollar asfaltlaşdırılıb. Nümayəndəliyə daxil olan kəndlərdə də kifayət qədər quruculuq-abadlıq işləri görülüb.

Sakinlərdən Nəsrəddin Teymurov, Mərcan Əliyeva, Musa Məcidov, Fazil Zülfüqarov, Rəhman Ağayev, İlyas Baxşıyev və başqaları çıxış edərək respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər. Sakinlər çəkilən asfalt yolların, tikilən təhsil-səhiyyə müəssisələrinin, digər quruculuq-abadlıq işlərinin uğurla aparılmasından razılıqla söhbət açıblar. Görülən işlərlə yanaşı qəsəbənin elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, uşaq bağçasının genişləndirilməsi, Ojakəran kənd futbol meydançasının standartlara uyğun düzəldilməsi, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Tüləküvan kəndinə suvarma suyun çəkilməsi barədə təkliflər veriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həllindən ötrü idarə, müəssisə rəhbərlərinə tapşırıq vermiş, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirmişdir. Qeyd edib ki, elektrik xətt təsərrüfatının müasir tələblərə uyğun yenidən qurulması dövlət proqramına salınmış, icrası təmin olunacaqdır. Qəsəbənin əsas enerji ötürücüsü olan Lovayın yarımstansiyasında əsaslı təmir işləri aparılıb. Lakin elektrik dirəkləri və xətlər köhnə olduğu üçün küləkli havalarda qısa fasilələr yaranır. Buna baxmayaraq əhaliyə dayanıqlı elektrik enerjisinin verilməsi təmin olunur.

Burzubənd kənd tam orta məktəbin vəziyyəti bizi çox narahat edirdi. Hazırda ən müasir səviyyədə 360 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanıb. Əlavə olaraq Şəmətük kəndində də modul tipli məktəb binası tikilir. Digər sosial layihələrin icrası da davamlı olaraq aparılacaq.

Sabitlik, əmin-amanlığın hökm sürdüyü Azərbaycanımızda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Bu inkişafı rayonumuzun və Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin timsalında aydın şəkildə görürük. Son illər nümayəndəlikdə görülən işlər kifayət qədərdir. Bu qədər quruculuq və abadlıq işlərinin aparılması ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Görülən hər bir işin arxasında cənab Prezidentimiz durur.

İcra başçısı Burzubənd kənd tam orta məktəbində tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını verib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə