Bu ilin aprel ayında ölkəmizdə Xəzər-Avropa Biznes Forumu keçiriləcək

Bu ilin aprel ayında ölkəmizdə Xəzər-Avropa Biznes Forumu keçiriləcək
Bu gün Xəzər -Avropa İnteqrasiya İşgüzar Klubunun toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə klubun rəhbəri Telman Əliyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin və digər dövlət qurumlarının, Litva, Macarıstan və Moldovanın Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Telman Əliyev bildirib ki, qurumun yeni ildə keçiriləcək tədbirlərinin formatı ötən illərə nisbətən fərqli olacaq. Onun sözlərinə görə, yaxın müddətdə İKT, maliyyə, neft-qaz klublarının da yeni formatda tədbirlərinin keçirilməsi planlaşdırılır. Qurumun 2002-ci ildə fəaliyyətə başladığını deyən klub rəhbəri söyləyib ki, bu il də ötən ildəki kimi ayda bir dəfə ölkənin bütün sahələrini əhatə edən nazir, komitə sədrləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
T. Əliyev həmçinin qeyd edib ki, cari ildə digər ölkələrin baş nazir və prezidentləri ilə də görüş nəzərdə tutulur.

Klub rəhbəri əlavə edib ki, cari ilin aprel ayında ölkədə Xəzər Avropa Biznes Forumunun da keçirilməsi planlaşdırılır ki, həmin forumda beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək: "Artıq 15 ölkənin spikeri həmin biznes forumda iştirak etmək üçün müraciət edib".

Tədbirin davamında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O bildirib ki, bu cür toplantıların keçirilməsi əhəmiyyətlidir. Onun sözlərinə görə, bu tipli toplantılar vasitəsilə görüləcək işləri müzakirə edib digər qurumlarla bölüşmək mümkündür. Daha sonra o ötən il rabitə sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qeyd edək ki, tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə