Qaradağ rayon icra hakimiyyətinin hesabatı keçirilib

Qaradağ rayon icra hakimiyyətinin hesabatı keçirilib

Yığıncaqda 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məlumat verilib

Bu gün Qaradağ rayon icra hakimiyyətinin 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 11 yanvar 2019-cu il tarixli iclasında və 29 yanvar 2019-cu il tarixində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Tədbir iştirakçıları, ilk öncə, rayonunu mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra yığıncaq iştirakçıları 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan filmi seyr ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 11 yanvar 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətləri vurğulayaraq, 2018-ci il respublikamızda olduğu kimi, Bakının Qaradağ rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib. Qeyd olundu ki, 2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti İlham Əliyevin Qaradağ rayonuna səfərləri və bu səfərlər Qaradağ rayonunda bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olub. Belə ki, ölkə Prezidenti İlham Əliyev yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində RO-RO terminalının, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, mayın 24-də məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin və yeni istifadəyə verilən Lökbatan-Qobu avtomobil yolunun, mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, avqustun 1-də Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində və avqustun 13-də Lökbatan qəsəbəsində Abşeron Logistika Mərkəzinin açılışlarında iştirak edibdir.

S.Mikayılov onu da vurğulayıb ki, rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, ödtən il sənaye sahəsində 1 milyard 793 milyon 70 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox sənaye məhsulu istehsal edilib, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 700 milyon 993 min manat məbləğində investisiya yönəldilmiş, 2169 yeni daimi iş yeri açılıb, rayonda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlər görülübdür: "Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamına, müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış maliyyə vəsaiti hesabına rayonun Qobustan qəsəbəsindəki 17 saylı Birləşmiş Şəhər xəstəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş və ən yeni texnoloji avadanlıqlarla təchiz edilərək, cari ilin 14 yanvar tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib".

Yığıncaqda, o da qeyd olunub ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar. Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Məruzə ətrafında müzakirələrdə Qaradağ rayon icra hakimiyyəti başçısı aparatın ərazi-idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Səmədzadə və Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdir əvəzi Elşən Fətullayev çıxış edərək, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək, rayonda görülmüş işləri yüksək qiymətləndirərək, qarşıda duran vəzifələrdən və həlli vacib məsələlərdən söhbət açıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2018-ci ildə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar haqda ətraflı məlumat verərək, 2019-cu ildə qaradağlılara böyük uğurlar arzulayıb. Tədbirdə cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub.

Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə