Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib. AMEA-dan SİA-ya bildirilib ki, tədbirdə MEK-in direktoru Leyla İmanova bu əlamətdar günün əhəmiyyətindən danışıb.
Bilik mənbəyi olan kitabın insanın ən yaxın dostu olduğunu, dünyagörüşünün zənginləşməsində, insanların həyata baxışlarının formalaşmasında, dəyişməsində əvəzedilməz vasitə olduğunu bildirib. L.İmanova rəhbəri olduğu müəssisənin yeni binasının 2014-cü ildə ölkə başçısının və AMEA prezidentinin iştirakı ilə açıldığını xatırladıb. Ölkəmizin qədim tarixi və zəngin mədəniyyətinin, müxtəlif sahələrdə qazandığı nailiyyətlərinin təbliği, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, rəqəmsallaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.
Sonra MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 2018-ci ildə görülmüş işlərlə bağlı təqdimatla çıxış edib. O, şöbə tərəfindən kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsi, həmçinin KİV ilə aparılan işlər, müxtəlif media təşkilatları ilə yaradılan əməkdaşlıq əlaqələri, həyata keçirilən tədbirlər, layihələr haqqında geniş məlumat verib. Kitabxananın saytının 2015-ci ildən etibarən Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərdiyini xatırladaraq, Azərbaycanda fəaliyyət göstərən 80-ə yaxın media orqanı ilə aktiv əməkdaşlıq etdiklərini, Mətbuat Şurası ilə tərəfdaşlığa dair memorandum imzaladıqlarını diqqətə çatdırıb. M.Göyüşlü, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunan qəzetlərin “Vikipediya”da səhifələrinin yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və şuranın idarə heyətinin üzvü Azər Həsrət kitab oxumağın mədəniyyət, zənginlik olduğunu söyləyərək, Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbirin təşkilinə görə MEK rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qonaqlar beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini də yüksək dəyərləndirərək, informasiyanın mühafizə olunması, KİV-lərin arxivinin qorunması sahəsində işlərin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd ediblər.
AMEA Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva 2012-ci ildə ABŞ-da uşaq ədəbiyyatı saytının təsisçisinin təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə belə bir aksiyanın – kitab bağışlamanın təşkilinin və getdikcə beynəlxalq səviyyədə vüsət almasının təqdirəlayiq olduğunu bildirib. Rəis müavini zəngin xəzinə olan kitabı böyüməkdə olan nəslə sevdirmək, mütaliəni vərdiş etdirməyin zəruri olduğunu bildirərək, yaşadığımız rəqəmsal əsrdə bunun önəmini qeyd edib.
Tədbirdə MEK-in kitabxana-xidmət şöbəsinin müdiri Aytən Səfərova və şöbənin əməkdaşı Aytən Rəhimova da təqdimatla çıxış edib, qurum tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.
Sonda MEK-in mübadilə fondundan tədbir iştirakçılarına kitablar hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB