Bu günlərdə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin görülməsi istiqamətində ciddi addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlətimizin başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb. Təbii ki, təbii fəlakətlərin qarşısını almaq mümkün deyildi. Daşqın, sel, zəlzələ kimi təbii fəlakətlər gözləniləndir. Dövlətin öz vətəndaşının yanında olması bütün çətinliklərin aradan qaldırılmasında önəmlidir. İqtisadi cəhətdən güclü dövlət olan Azərbaycan dəymiş ziyanı asanlıqla aradan qaldıracaq. Prezident İlham Əliyevin çıxışlarını birində vurğuladığı kimi, "...heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb. Zəlzələ baş vermiş ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dərhal bölgədə aidiyyəti dövlət qurumlarının nümayəndələri olmuşdur. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və vəziyyətini araşdırırlar. Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub, zəlzələdən əziyyət çəkən sakinlərlə görüşüb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşının yanında istənilən zaman olduğunu bir daha təsdiqləyir. Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısını bir daha görmüş oldular.
"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev əməli fəaliyyətində bunu göstərir. Əlbəttə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onun firavan yaşayışını, təhlükəsiz həyatını təmin etmək iqtidarındadır. Dövlətimizin gücünü, qüdrətini hər bir Azərbaycan vətəndaşı duyur, dərk edir və bu, onlar üçün qürurvericidir. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın sosial-iqtisadi inkişafın dinamik xarakter aldığını, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığının şahidi olurlar.
Çoxlu sayda sosial obyektlər istifadəyə verilir, yol infrastrukturu yenilənir, zavodlar, fabriklər tikilir, iş yerləri açılır, maaş və müavinətlər dəfələrlə artıb, ən əsası, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşır. Bu, Cənab Prezidentin uğurlu daxili siyasətinin məntiqidir.
Son illər ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı ardıcıl olaraq, dövlət başçısı tərəfindən imzaladığı sərəncamları sürətlə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarıb. Hər bir vətəndaşın çətin anında yanında olması dövlət başçısının hər bir Azərbaycan vətəndaşının yanında olduğunu bir daha təsdiqləyir. Bütün insanlar bundan şərəf duyur və xalqımızı xoşbəxt gələcəyə aparan Lider ətrafında sıx birləşiblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər. Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq, sakinlərin müraciətlərini qeydə alıblar. Mehriban xanım Əliyevanın tapşırığı əsasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zərərçəkmiş sakinlərlə görüşən RİİB nümayəndələri zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək.
Eyni zamanda, təbii fəlakət nəticəsində, evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq, onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB