"Dövlət başçısı gənclərin fəaliyyətinə yüksək diqqət göstərir" RƏY-ÖZƏL

"Dövlət başçısı gənclərin fəaliyyətinə yüksək diqqət göstərir" RƏY-ÖZƏL

"Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, Prezident İlham Əliyevin müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər qazanmağa həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı”. Bu fikirləri SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Hazırda Azərbaycan əhalisinin təqribən üçdə birini gənclər təşkil etdiyini deyən ehtiyatda olan polkovnik söyləyib ki, Azərbaycan gəncliyi xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlardır: “Azərbaycanda müasir gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. Azərbaycan gəncləri 1997-ci ildən bəri hər il bu gün ən yüksək səviyyədə qeyd edir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyi hazırda ən müasir, hərtərəfli inkişaf dövrünü yaşayır”.

Ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin Azərbaycan gəncliyinin təşkilatlanmasına, formalaşmasına şərait yaratdığını deyən C.Xəlilov vurğulayıb ki, diqqət qayğı ilə əhatə olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə yaxından iştirak edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə