Hər gün dünyanın müxtəlif ölkələrində zəlzələ, daşqın, qar uçqunları, sel, torpaq sürüşmələri, irimiqyaslı meşə yanğınları, atom stansiyalarında baş verən qəzalar, güclü yanğınlar və digər bu kimi fəlakətlərin baş verdiyini müşahidə edirik. Yaşadığımız həyat təcrübəsi göstərir ki, Azərbaycan da bu cür təbii fəlakətlərdən sığortlanmayıb. Ötən gün Azərbaycanda - Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 gücündə (23:37) zəlzələ baş verdi. Təbii fəlakətlər zamanı ən əsas məsələ insanların təhlükəsizliyini qorumaq və təmin etməkdir ki, Azərbaycanda dövlət qurumlarının hadisə ilə bağlı operativ fəaliyyətin şahidi olduq.
Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verdi
Ölkəmizdə baş verən bütün hadisələri nəzarətdə saxlayan Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı da tapşırıq verdi. Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlərə başlanıldı.
Bununla yanaşı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən isə Heydər Əliyev Fondunun könüllüləri də bu işə qoşuldular.
Kəmaləddin Heydərov hadisə ərazilərində oldu
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hadisə ərazilərində olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkib.
Ciddi fəsadların olmadığı qeyd edən nazir bu dərəcədə olan zəlzələ nəticəsində fəsadların cüzi olmasının sevindirici olduğunu açıqladı: “Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq".
Nazir qeyd edib ki, araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq.
Zəlzələ nəticəsində dəymiş ziyan müəyyənləşdirilir
Ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində də komissiya yaradılıb. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb.
Sürüşmə sahələrinə təsirini öyrənmək üçün İşçi qrupu yaradıldı
Zəlzələnin sürüşmə sahələrinin aktivləşməsində birbaşa rol oynadığını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də operativ şəkildə qərar qəbul olunaraq qurumun Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb. Mütəxəssislər Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində monitorinq və müşahidələr aparmaq üçün sözügedən rayonlara ezam olunub.
Səhiyyə Nazirliyi: “Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb”
Səhiyyə Nazirliyi də fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxananın gücləndirilmiş rejimdə çalışdığını, bölgədə 6 təcili tibbi yardım briqadasının işlədiyini açıqladı.
Nazirlikdən verilən məlumata görə, hadisə əlaqədar təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb: “Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib”. 
Nazirlikdən bildirilib ki, 1 nəfər cavan adamın həyəcandan dili tutulub: “Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyəcandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir ”.
Təhsil Nazirliyi: “Zəlzələ məktəblərdə dərslərin gedişatına təsir etməyib”
Baş verən zəlzələ məktəblərdə dərslərin gedişatına təsir etməyib.
Təhsil Nazirliyinin açıqlamasına görə, baş verənlərlə əlaqədar şagirdlərin dərsə davamiyyət nisbətən zəif olsa da, dərslər davam etdirilib. Nazirlikdən bildirilib ki, fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib.
“Məktəblərdə çatlar əmələ gəlib ”
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz qeyd edib ki, zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirilib”.
"Zəlzələ ərazisində içməli suyun verilməsində problem yoxdur"
Şamaxıda baş verən zəlzələ kommunal xidmətlərin fəaliyyətində də ciddi fəsadlar yaratmadı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, zəlzələ nəticəsində əraziyə içməli suyun verilməsində problem yoxdur.
Onun sözlərinə görə, qurum əməkdaşları əraziyə baxış keçirib: "Rayon ərazisindəki anbarlarda, hidrotexniki qurğularda vəziyyət yaxşıdır. Şəbəkədə hər şey qaydasındadır".
Növbəti güclü zəlzələ baş verə bilərmi?
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələ ilə bağlı açıqlama verib: “Şamaxı-İsmayıllı zonasında iki güclü təkan qeydə alınıb. Birinci təkan 5, ikinci təkan 6 bal olub. İkinci təkan insanları təşvişə salıb. Hadisə yerində olduq, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib”
Q.Yetirmişli qeyd edib ki, 6 ballıq zəlzələ orta güclü zəlzələdir: “Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda olan stansiyasında da çatlar əmələ gəlib. Zəlzələdən sonra fəsadlar yaranan tikililər keyfiyyətsiz tikinti materiallarından istifadə olunaraq qanunazidd formada tikiliblər təkanların bir neçəsi 3 balı keçsə də, çoxu 3 baldan aşağı hiss olunmayan təkanlar olub. Zona seysmoloji baxımdan aktiv zonadır. Hazırda ərazidə 6 baldan yuxarı zəlzələ olması ehtimalı yoxdur”.
“Zəlzələnin vulkanlara təsir etməsi barədə dəqiq məlumat yoxdur”
Zəlzələnin bəzi vulkanların aktivləşməsinə təsiri ilə bağlı AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib ki, güclü zəlzələ vulkanları oyadır:
"Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Güclü zəlzələ enerji toplayan palçıq vulkanının oyanmasına təkan verir. Amma zəlzələdən sonra vulkanların vəziyyətinin necə olduğunu yoxlamaq üçün əraziyə ekspedisiya təşkil etmək lazımdır. Lakin hazırda zəlzələnin vulkanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanlar püskürsün”.
Şöbə rəhbəri seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayının çoxaldığını da nəzərə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB