Azərbaycanın humanitar təşəbbüsləri bəşəriyyətin inkişafına xidmət edir

Azərbaycanın humanitar təşəbbüsləri bəşəriyyətin inkişafına xidmət edir

Vladiqafqaz Cümə Məscidinin Azərbaycan Prezidentinin yardımı sayəsində yenidən bərpa olunması ümumbəşəri, dini-mənəvi irsə qayğı kimi qiymətləndirilir

Tarixi ənənələrin, müasir zamanda isə, müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən Azərbaycanda firavan həyat sürməsinə əsas verir. Azərbaycan sülhsevər dövlət kimi, dünyaya multkultural dəyərələrini, tolerant mühiti ilə özünün xoşməramlı mesajlarını göndərir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər.

Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti də əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrində böyük hörmətlə yanaşan bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dünya miqyasında dinlərarası və millətlərarası münasibətlərin qurulmasında, artıq nümunəvi ölkə kimi tanınır. Əlbəttə ki, dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycanda həm məscidlərimiz, həm də qeyri-xalqların dini abidələri qorunur və abadlaşır. "Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir" deyən Azərbaycan Prezidenti vurğulayıb ki, bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir: "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir". Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə Kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bəşəri dəyərlərə olan ali münasibətin daha bir təzahürü kimi qiymətləndirilir. "İslam Həmrəyliyi İli" çərçivəsində İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsinin Azərbaycanda bir araya gəlməsi islam dünyasında böyük təntənə kimi qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycan dünyada islam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır: "Biz dünyanın müxtəlif ölkələrində islam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər, mədəni proqramlar, təqdimatlar, konfranslar - bütün bu addımlar bir məqsədi güdür ki, dünyaya islam mədəniyyətini, islam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda islam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real həqiqətləri çatdıraq... Bizim bu fəaliyyətimiz bir daha onu göstərir ki, Azərbaycan həm islam mədəniyyətinin təbliğinə, həm islam ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir".

Azərbaycanın həyata keçirdiyi layihələr sırasında bu yaxınlarda Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidini vurğulamaq yerinə düşər. Bu, Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından, xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidi xalqlarımız arasında mənəvi dostluq abidəsi olaraq qiymətləndirilir.

Bu günlərdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkürlərində Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu, multikultural, milli, dini tolerantlıq ənənələrinin müdrik siyasət nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə örnək olaraq dəyərləndirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu siyasətin təməli Qafqaz xalqlarının mənəvi Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-Alinizin səyləri ilə uğurla davam etdirilir. Yenidən bərpa olunmuş Vladiqafqaz Cümə məscidi ümumbəşəri, dini-mənəvi irsə qayğı kimi qiymətləndirilir: "Zati-Aliləri, Sizin multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləriniz bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayışı amallarına xidmət edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Beynəlxalq humanitar forumlar, Mədəniyyətlərarası dialoq-forumları keçirərək, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir".

Azərbaycan Prezidentinin maddi-mənəvi yardımı sayəsində yenidən bərpa edilən 110 illik tarixə malik Vladiqafqaz məscidi təkcə Şimali Osetiya-Alaniya Respublikasının deyil, bütün Qafqazda islam mədəni irsinin əsas simvollarından biri hesab edilir. Murtuza Muxtarovun sayəsində ucalan bu məscid bölgədəki müsəlman icmasının cümə məscidi olmaqla yanaşı, Şimali Osetiyanın mədəni-mənəvi mərkəzi olaraq tanınıb. 80 min rubla başa gələn məscidin 50 min rublunu, məhz Bakı neft milyonçusu Murtuza Muxtarov verib. Bu səbəbdən, məbədə Muxtarov məscidi adı verilmişdir. 1934-cü ildən etibarən tarixi abidə statusu alaraq qorunur. Xatırladaq ki, Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq tarixdə yer alan bu məscid 1996-cı ildə partlayış zamanı ciddi dağıntıya məruz qalmışdır. Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscidə yenidən həyat verildi. Bu, bir daha təsdiqlədi ki, ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlət başçısı qlobal miqyasda multikulturalizm, islam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış edir. Bu hadisə xalqımızın xeyriyyəçilik fəaliyyətini, xalqlar arasında dostluğun möhkəmlənməsinə böyük töhfələr verməsindən xəbər verir.

Yeni həyat qazanmış Muxtarov məscidi Vladiqafqaz şəhərinin gözəl rəmzi, Şərq memarlığının nadir incisi, mənəvi vəhdət rəmzi, xalqlar arasında dostluq abidəsi, Şimali Osetiya müsəlmanlarının əsas ibadətgah yeri olmaqla yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin böyük humanistliyinin və mesenatlığının bariz nümunəsi olaraq qiymətləndirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə