Ermənilər Qarsda "sülh abidəsi"nin söküləcəyindən bərk narahatdırlar

Ermənilər Qarsda "sülh abidəsi"nin söküləcəyindən bərk narahatdırlar

"Rəcəb Tayyıb Ərdoğan seçkilər öncəsi ölkə daxilində siyasi divident qazanmağa cəhd edir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyə üzrə ekspert Andranik İspiryan türk-erməni dostluğunu ehtiva edən abidənin söküləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

 

"İnsanlıq abidəsi"nin yerləşdiyi Qars vilayətində çoxlu azərbaycanlının yaşadığını qeyd edən ekspertin fikrincə, baş nazir parlament seçkiləri öncəsi seçicilərin diqqətini cəlb etməyə çalışır. A.İspiryan hesab edir ki, Ərdoğanın bəyanatı Türkiyənin Ankara-İrəvan münasibətlərinin normallaşmasına maraq göstərmədiyinə sübutdur. Ekspert qeyd edib ki, R.T.Ərdoğanın bəyanatından sonra xarici işlər naziri Əhməd Davudoğlunun fikirləri baş nazirin fikirlərini düzəltməyə xidmət edir: "Xarici işlər naziri Əhməd Davudoglu baş nazirin sözlərini düzəltməyə cəhd etdi. O, abidənin Qarsda yerləşən başqa tarixi abidələrə uyğun gəlmədiyini bildirib".

 

A.İspiryanın sözlərinə görə, Qarsın bütün məşhur abidələri erməni mənşəlidir. O, həmin abidələrin bəzilərinin Qarsın Rusiyanın idarəsi altında olduğu zaman tikildiyini qeyd edib. Ekspert bundan çıxış edərək Ə.Davudogulunun məntiqdən kənar danışdığını bildirib. A.İspiryan Türkiyə baş nazirinin abidənin söküləcəyi ilə bağlı bəyanatının beynəlxalq ictimaiyyətdə də narazılıq doğurduğunu dilə gətirib. O, vurğulayıb ki, "BBC" və "Uoll Strit journal" Ərdoğanın bəyanatının Türkiyə-Ermənistan danışıqlara zərbə endirdiyini yazıb.

 

Qeyd edək ki, Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidənin söküləcəyi barədə məlumatı Türkiyənin baş naziri Qars əhalisi ilə görüşündə deyib. Qars vilayətinin ermənilərin türklər və azərbaycanlıların başına açdığı çox qırğınlara şahidlik etdiyini dilə gətirən R.T.Ərdoğan orada yaşayanların çoxunun 20-ci əsrin əvvəlində ermənilərin əlindən canını qurtarıb bu torpaqlara gələn insanlar olduğunu deyib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə deyib ki, abidə şəhərin qədim memarlıq ahənginə uyğun deyil və Qarsın zəngin mədəniyyətini əks etdirmir. Türkiyənin sülhün tərəfdarı olduğunu, Ermənistanın da bu məsələdə üzərinə məsuliyyəti yerinə yetirməli olduğunu deyən Davudoğlu, bunun abidə ilə əlaqəsi olmadığını bildirib. Qarsın bələdiyyə başçısı 350 tona yaxın çəkiyə malik olan abidənin sökülməsi işinin bir qədər vaxt aparacağını və abidə söküldükdən sonra yerində park salınacağını qeyd edib.

 

Erməni-türk dostluğu abidəsi 2008-ci ildə Qarsın keçmiş ermənipərəst meri Naif Əlibəyoğlunun dövründə tikilib. 30 metr hündürlükdə olan iki heykəl bir-birinə doğru çevrilmiş iki fiquru nümayiş etdirir. Abidə Ermənistanla sərhədin 40 kilometrliyindəki hündürlükdə ucaldılıb. Məhz N.Əlibəyli mer olduğu dövrdə Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün imzatoplama kampaniyasını təşkil edib. O, sərhədlərin açılmasının heç bir şərt olmadan həyata keçirilməsi fikrini müdafiə edirdi. Bu mövqe onun mer seçkilərində məğlubiyyəti ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə