Şamaxı şəhərinin "Gənclər Paytaxtı" elan olunması gənclərin fəallığını artıracaq TƏHLİL
Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər gənclərdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Ulu Öndər Heydər Əliyev hər zaman "Gənclər bizim gələcəyimizdir" ifadəsini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirir, dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradıb. Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyevin sərnəcamları ilə təsdiq olunuan dövlət proqramları gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynadı.
Dövlət başçısı tərəfindən gənclərə hər zaman diqqət və qayğı ilə yanaşılır. Gənclər Günündə "2019-cu il gənclər üçün Prezident Mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da dövlət-gənclər siyasətinin davamıdır. Sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir neçə şəxsə 2019-cu il gənclər üçün Prezident Mükafatları veriləcək. 2 Fevral Azərbaycan Gənclər Günü münasibəti ilə dövlət-gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə isə, bir neçə şəxs dövlət başçısının Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Tərəqqi" medalı ilə, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunublar.
Gənclərə ayrılan daha bir diqqətdir ki, bu gün Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib. Bu, 2 fevral -Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə elan olunub. Şamaxı şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib. "Gənclər paytaxtı"nın simvolik açarı Şamaxı şəhər icra hakimiyyətinin nümayəndəsinə təqdim olunub.
Xatırladaq ki, 2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri idi. Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsi "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq, səsvermə yolu ilə həyata keçirilir. Məlumat üçün bildirək ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində, həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir ki, 2019-cu il üçün Şamaxı şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan olunub. Şamaxıda cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən, ictimai həyatımızda öz fəallıqları ilə tanınan gənclərimiz çoxdur. Bu, bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB