Gələn dərs ilindən paytaxtın bütün məktəblərində 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək

Gələn dərs ilindən paytaxtın bütün məktəblərində 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək
Xəbər verdiyimiz ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində vahid məktəbli formasının seçimi ilə bağlı yekun qərar qəbul edib. Bu gün BŞTİ-də təşkil olunan mətbuat konfransında VII-XI sinif şagirdləri üçün nəzərdə tutulan vahid məktəbli forması təqdim olunub. SİA-nın xəbərinə görə, konfransda məktəbli formasının tətbiqinə nəzarət edən və bu prosesi nizamlayan dövlət qurumu-BŞTİ, formaların seçim prosesini reallaşdıran Valideyn-Müəllim Assosiasiyasının vitse-prezidenti Təranə Şərifova, formaları istehsal edən Bakı Tikiş Evinin İdarə Heyətinin sədri Fədai Rəhimov, şagirdlər, müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, I-IV siniflər üçün forma cari tədris ilində müəyyən edilib. Onun sözlərinə görə, hazırda paytaxtın ibtidai sinif şagirdlərinin 90%-dən çoxu tədris prosesinə vahid formada gəlir. Artıq bütün sinif şagirdləri üçün də vahid məktəbli formasının seçim prosesinin başa çatdığını deyən Z.Əliqızı vurğulayıb ki, IV sinif şagirdlərinin vahid məktəbli forması eyni, VII-XI sinif şagirdlərinin geyimi isə eyni olacaq. O qeyd edib ki, Bakının orta ümumtəhsil məktəblərində 2011-2012-ci tədris ilindən etibarən bütün məktəbləri əhatə etməklə 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək.
"Gələn ildən paytaxtda təhsil alan 300 mindən artıq şagird orta məktəblərə vahid məktəbli geyimində gələcək. Məktəbli formasının tətbiqinə nəzarət edən və bu prosesi nizamlayan dövlət qurum olaraq Bakı şəhər üzrə Təhsil İdarəsi digər işlərlə məşğul olan qurumların işlərinə nəzarət edir. Hər hansı bir şikayət olarsa, bu barədə də müvafiq tədbirlər görüləcək. Geyimlərin qiyməti elə də baha deyil, yəni hər kəsin büdcəsinə uyğundur. Belə ki, I-VI siniflərin geyimləri 40-45 manat, VII-XI sinif şagirdlərinin geyimləri isə 53-55 manat dəyərindədir", - deyə o əlavə edib.

Daha sonra çıxış edən Valideyn-Müəllim Assosiasiyasının vitse-prezidenti Təranə Şərifova, Bakı Tikiş Evinin İdarə Heyətinin sədri Fədai Rəhimov yeni məktəbli geyimləri barədə ətraflı məlumat verib və vahid məktəbli geyiminin tətbiqini yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə