Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz ölkənin iqtisadi potensialının gücləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amilinin dayanması vətəndaşlarımızın sosial vəziyyətinin gündən-günə yaxşılaşmasına xidmət edir. Ölkə başçısının tapşırıqları əsasında Azərbaycanda işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələr daha da genişləndirilməkdədir. Görülən işlərin nəticəsidir ki, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanan məlumata görə, 2018-ci ildə aktiv məşğulluq tədbirləri nəticəsində 51,774 min nəfər işlə təmin olunub. Bu da 2017-ci illə müqayisədə 8,1 faiz çoxdur. Ötən il 7267 nəfər özünə məşğulluğa cəlb olunub ki bu da 2017-ci illə müqayisədə 6.5 dəfə çoxdur. Görülən tədbirlər bununla yekunlaşmır Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq məşğulluqla bağlı yeni “İşsizin dostu” proqramına başlanılıb. Bəs görəsən bu proqramın icrası kimləri və necə işlə təmin edəcək?
“16 minədək işsiz vətəndaş işə cəlb olunub”
Layihə haqqında ətraflı məlumat verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan "İşsizin Dostu” proqramının cari ilin əvvəlindən icrasına başlanılıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub” .
“Proqramda həssas qruplardan olanlara üstünlük verilir”
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında iş yerlərinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd etdiyini xatırladan mətbuat xidmətinin rəhbəri söyləyib ki, “İşsizin Dostu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir: “Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) məşğulluq mərkəzlərində iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. “Məşğulluq haqqında” qanuna əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyırlar. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və digərləri daxildir”.
“Əməkhaqqı “DOST İş Mərkəzi” tərəfindən ödənilir”
Mətbuat xidmətinin rəhbəri diqqətə çatdırıb ki, proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır: “Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək”.
“İşlə təmin olunanlar arasında qadınlar çoxluq təşkil edir”
Proqramın builki hədəflərindən söz açan F.Talıblı vurğulayıb ki, bu il belə işsizlərin 30 minini işlə təmin etmək nəzərdə tutulur:
“İşsizin Dostu” proqramı icrası üçün nəzərdə tutulmuş vəsait cari ildə 30 minədək işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan yaradıb. Artıq yanvar ayında 16 minədək işsiz vətəndaş bu işlərə cəlb edilib. Layihə çərçivəsində işlə təmin olunan şəxslərin 3 mini Bakı şəhərində qeydiyyatdadır. Yaş həddi 18-65 arasındadır və qadınlar çoxluq təşkil edir”.
Xidmət rəhbəri qeyd edib ki, proqram çərçivəsində əmək müqaviləsi işçi ilə 1 illik bağlanır və müvəqqəti xarakter daşıyır: “Gələcəkdə isə işçinin istəyindən asılı olaraq müqavilə müddəti artırıla bilər. Bu işçilər günün bir hissəsi, yaxud həftənin müəyyən günlərində işləyir”.
“İşsizin Dostu” vətəndaşların iş axtarmasını asanlaşdıracaq”
Proqramın əhəmiyyəti haqqında fikirlərini bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, son dövrlərdə Azərbaycan prezidentinin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mütərəqqi proqramlar hazırlanaraq həyata keçirilir ki, onlardan da biri neçəsi məşğulluqla bağlıdır: “Özünə məşğulluğun təmin olunması, “İşsizin Dostu”, eyni zamanda ictimai işlərə vətəndaşların cəlb olunması və digərləri müasir proqram olmaqla yanaşı, vətəndaşla işəgötürən arasındakı münasibətləri tezləşdirmək, hüquqi müstəvidə qurmaq, vətəndaşın öyrəndiyi müvafiq peşəyə yiyələnmək, yaxud da yeni peşə öyrənməsi üçün şəraitlərin yaradılması ilə bağlıdır.
“İşsizin Dostu” vətəndaşların iş axtarması asanlaşdıracaq, onlara elektron formada müxtəlif səpkidə işlə təmin olunmaq təklifi olunacaq ki, bunun da nəticəsində işsizlərin ictimai işlərə cəlb olunması aktivləşəcək. Vətəndaşlarımızın məşğulluğunun qısa müddət ərzində onların arzuladıqları şəkildə reallaşmasına imkan yaradacaq”.
“İnsanların proqramla əlaqədar məlumatlanması üçün maarifləndirməyə ehtiyac var”
Komitənin sədr müavini söyləyib ki, iş axtaran şəxslərin proqramla yaxından tanış olması üçün maarifləndirmə işləri aparılacaq: “İnsanlar informasiya texnologiyaları əsrində yaşadığımızı və informasiya almaq üçün geniş imkanlara malik olduğumuzu bilməlidir. İşsiz şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına daxil olmaq, eləcə də kütləvi informasiya vasitələrinin köməyi ilə vaxtaşırı aparılan maarifləndirmə proqramları vasitəsilə məlumatlana bilərlər. Amma bütün bunlarla yanaşı, müvafiq dövlət orqanları yerlərdə insanlara proqramla bağlı izah və geniş məlumat verməlidirlər. Dövlət tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən maliyyələşən əmək və məşğulluq sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlar var ki, onlar da bu sahədə daha da fəal olmalıdırlar”.
“Məşğulluğun artırılması evliliklərin, dünyaya gələn uşaqların sayını artırır”
Proqramın sosial tərəflərinə gəlincə sosioloq Cavid İmamoğlu vurğulayıb ki, əhalinin rifah halına təsir edən başlıca amillərdən biri məşğulluqdur: “ Xüsusilə də gənclər arasında məşğulluğun artırılması, onların inkişafında müstəsna rol oynayır. Xüsusilə də regionlarda məşğulluq sahəsində resursların artırılmasına ehtiyac var idi. Çünki, 18 yaşına çatan gənc məşğulluğunu təmin etmək üçün Bakıya gəlmək məcburiyyətində qalırdı. Ona görə də işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması, insanların güzəranının daha da yaxşılaşmasına xidmət edən layihələr ümumilikdə rifahın artırılmasına xidmət edir. Məşğulluq varsa, ölkədə sosial rifah da yuxarı qalxır. Bu da öz növbəsində evliliklərin, dünyaya gələn uşaqların sayına, nəticə etibarı ilə ölkədə cəmiyyətin formalaşmasına, ailə dəyərlərinin qorunmasına, zorakılıq hallarının azalmasına gətirib çıxarır”.
“Məşğulluq idarələri iş axtaranla işəgötürən arasında körpü rolunu oynamalıdır”
Sosioloq söyləyib ki, ölkənin, cəmiyyətin inkişafı məşğulluq institutundan asılıdır: “Bu baxımdan məşğulluğun artırılmasına xidmət edən bütün proqramlar Azərbaycan gəncliyinə uğurlu gələcək, dövlətimizin təməl prinsiplərini daha da möhkəmləndirir.
Ümumiyyətlə, məşğulluğun artırılması üçün iş yerləri haqqında məlumatlılıq olmalıdır. İşsiz şəxs iş yerləri haqqında informasiya əldə etməlidir. Bununla bağlı məşğulluq idarələrinin fəaliyyəti gücləndirilməlidir ki, onlar iş yerləri ilə əlaqədar əhalini məlumatlandırsınlar. Yalnız bu halda, insanların resurslara əlçatanlığı təmin oluna bilər. Misal üçün regionlarda vakansiya boşluğu ilə əlaqədar həmin rayonun məşğulluq idarəsinə məlumatlar ötürülməli, məşğulluq idarələri də iş axtaranla işəgötürən arasında körpü rolunu oynamalıdır”.
“İşlə təmin olunmaq istəyən şəxslər bacarıqlarını artırmalıdırlar”
Bu gün ölkəmizdə məşğulluğun artırılmasına xidmət edən amillərdən birinin orta ixtisas müəssisələrinin təhsil keyfiyyəti ilə bağlı olduğunu qeyd edən C.İmamoğlu bildirib ki, işlə təmin olunmaq istəyən şəxslər öz bacarıqlarını texnikum və ya peşə məktəbləri vasitəsilə artırmalıdırlar: “Dövlət idarələri və özəl şirkətlərində vakansiya məhdud olduğu üçün bu müəssisələr bütün iş yerlərini təmin edə bilməz. Bu baxımdan da iş axtaran şəxs öz bacarığı ilə özünə məşğulluq proqramlarından istifadə edə bilər. Bu baxımdan orta ixtisas və peşə məktəblərində təhsil o qədər yüksək olmalıdır ki, orada təhsil alan heç olmasa öz bacarığı ilə kiçik biznes aça bilsin. Kompleks tədbirlər nəticəsində biz məşğulluqla bağlı ciddi irəliləyiş əldə edə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB