Plastik qablardan imtina etməklə büdcənizə xeyr gətirəcəksiniz! ARAŞDIRMA
Artıq bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkəmizdə plastik qablar, polietilen torbalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı kampaniyaya start verilib. Belə ki, ETSN tərəfindən kompleks tədbirlər planı hazırlanıb, ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilir. Bu tədbirlər bütün tərəflərin maraqları nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək. Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, ümumilikdə, 37 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 153-dək konteyner yerləşdirilib.
Amma buna baxmayaraq, bu gün bütün alış-veriş mərkəzlərində, ərzaq dükanlarından məhsul aldığımız zaman yenə də alınan malları sellofan paketlərə yerləşdirildiyini görürük. Bu, təkcə satış mərkəzləri ilə yekunlaşmır, insanlarımızın özü də hələ də sellofan torbalardan istifadəyə üstünlük verir, kiçikdən böyüyə qədər hər kəs bu torbalardan istifadə edir. Kağız torbalarına çox az rast gəlinir, əvvəllər bazarlıq üçün ən gözəl vasitə kimi istifadə edilən həsir zənbillər isə tarixə qovuşub. Avropa Parlamenti tərəfindən də plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunduğu, Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələr də sellofan paketlərdən istifadəyə qadağan olduğunu bilə-bilə niyə hələ də zərərli vasitələrdən istifadəni edir özümüzə eləcə də yaşadığımız ətraf mühitə mənfi təsir göstəririk?
ETSN plastik tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə “Tədbirlər Planı” hazırlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən saytımıza verilən məlumata görə, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədi ilə qurum beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib.
Məlumata görə, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra nazirlik bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlayacaq.
Planda hansı təkliflər var?
Belə ki, Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb.
Beynəlxalq təcrübə bu torbaların ödənişli olmasından sonra onlara olan tələbat 95 faizədək azaldığını göstərir. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib.
“Plastik qablardan lüzumsuz istifadə insanların büdcəsinə zərər vurur”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Nazirliyin vacib və olduqca əhəmiyyətli olan təşəbbüsündən danışarkən ona dəstək verdiyini deyib: “Bir neçə il bundan qabaq Milli Məclisin iclasında eləcə də mətbuatda da plastik tullantılar və sellofan torbalardan imtina etmək barədə məsələ qaldırmışdım. Plastik tullantılar həm suyu, həm də ekologiyanı çirkləndirməklə yanaşı torpaqda çürümür və qalır. Şəhər və kəndlərimizin gözəlliyinə xələl gətirir. Bundan başqa plastik qablardan lüzumsuz istifadə insanların büdcəsinə də zərər vurur. İnsanlara plastik tullantıların və sellofan torbalardan istifadənin ziyanları ilə bağlı maarifləndirilmə işləri aparılmalıdır”.
“Birdəfəlik paketlərdən istifadə azaldılmalı, çox dəfə işlənən materiallara üstünlük verilməlidir”
M. Quliyev söyləyib ki, plastik tullantıların qarşısının alınmasının digər yolu onlardan istifadəni azaltmaqdır: “İstər birdəfəlik paketlər, istər su və digər ərzaq qablarından istifadə azaldılmalı, çox dəfə işlənən materiallardan istifadəyə üstünlük verilməlidir. Ölkəmizdən fərqli olaraq bir çox ölkələrdə polietilen paketləri havayı verilmir, onların satışı həyata keçirilir. Hətta onlara müəyyən rüsumlar da tətbiq olunur.
Artıq Rusiyanın bir çox bölgələrində də sellofan torbaların istifadəsi yığışdırılıb. Bəzi ölkələrdə parça və yüngül qamışlardan zənbillər hazırlanır. Həm millidir, həm ekoloji cəhətdən təmizdir, həm də iqtisadi cəhətdən sərfəlidir. Elə torbalar var ki, ora ərzaq məhsulları qoymaq çox təhlükəlidir. Müəyyən ərzaq məhsullarında kağızdan istifadə daha düzgündür. Əvvəlki zənbil torbalar geri qayıtsa, daha təhlükəsiz olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkəmizdə plastik qablar, polietilen torbalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı kampaniyanı dəstəkləyirik. Hesab edirəm ki tədbirlər kompleks şəklində həyata keçirilməlidir. Lazım olsa, Nazirliyin təklifi ilə Milli Məclisdə qanunvericilik əsaslarına da baxıla bilər ”.
“İnsanların plastik qabların, sellofan torbaların vurduğu ziyanla bağlı maarifləndirilməsin ehtiyac var”
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov də nazirliyin təşəbbüsünə dəstək verdiyini bildirib:
“Plastik qablar, sellofan torbalar ekoloji cəhətdən də çox zərərlidir. Marketlərdə polietilen torbalar pulla satılsa daha yaxşı olar. Sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı təşəbbüs kimi görünsə də, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirlərinin nə dərəcədə böyük olacağı ağıla belə gəlmir. Bu baxımdan sellofan torbalardan istifadə məhdudlaşdırılmalıdır. Bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır. İnsanların plastik qabların, sellofan torbaların vurduğu ziyan və fəsadlarla bağlı maarifləndirilməsin ehtiyac var.
Ona görə də nazirliyin başladığı kampaniya çox müsbət təşəbbüsdür. Nazirliyi dəstəkləyirəm ”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB