Ana üçün övlad dağından, övlad itkisindən ağır heç nə yoxdur. O da ola hələ bığ yeri tərləməmiş, dünyanın astarını-üzünü görməmiş Həmid kimi oğul itkisi.
Həmid Tağıyev şəhid olanda cəmi 19 yaşı var idi. 1992-ci il iyunun 27-də Qazax rayonunun Barxudarlı və Qızılhacılı kəndləri istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə qovuşub.
AZƏRTAC xəbər verir ki, şəhid hərbi qulluqçunun anası Ceyran Tağıyeva oğul itkisini bu gün də ürək ağrısı ilə xatırlayır: “Məni göynədən bir də odur ki, oğlum bu dünyadan cavan ikən və nakam getdi. Onunla bağlı arzularım hamısı ürəyimdə qaldı”.
Ana söhbətinə davam edərək deyib: “Bizə Həmidin təmiz və uca adı qaldı. Oğul Vətən üçün doğulur. Torpağı qorumaq, harayına yetmək, qeyrətini çəkmək hər bir namuslu oğulun borcudur. Həmid bunu əməli ilə sübut elədi. Öz vətəni, torpağı üçün ölümə gedən övlad böyütdüyümə görə fəxr edirəm. Bir arzum da odur ki, kaş erməni quldurları Azərbaycan ərazisindən qovulub çıxarıla, vətənimiz, adamlarımız rahat nəfəs ala, mən onda Həmidin qanının yerdə qalmadığına görə rahatlıq taparam. Yəqin ki, balamın ruhu da şad olar”.
O, Prezident İlham Əliyevin şəhid hərbi qulluqçular barədə ədalətli və humanist qərarlarını, onların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi və aylıq müavinətlərin artırılması barədə verdiyi Fərmanlara belə münasibət bildirib: “Dövlətin öz şəhidlərini urvatlı tutması çox əhəmiyyətli məsələdir. Vətən üçün, torpaq üçün canından keçən oğulları uca tutmaq lazımdır ki, cavanlarda, yetişməkdə olan nəsildə də vətənpərvərlik hissləri yaransın. Səhhətim imkan vermədiyi üçün Prezident Sarayında keçirilən görüşdə iştirak edə bilmədim. Bizim ailədən qızım həmin görüşdə iştirak edirdi. Amma televiziyada Prezidentin çıxışını izlədim, deyilənlərə diqqətlə qulaq asdım. Ona görə də təkcə öz adımdan yox, həm də Həmidin qardaşı Ceyhunun, bacıları Sərmayə və Turanənın adından deyirəm: çox sağ olun, möhtərəm Ali Baş Komandan! Gün o gün olsun ki, sizin apardığınız qətiyyətli və ardıcıl siyasətin uğurlu nəticələrini görək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB