Rüdəkənar sakinləri cənab Prezidentə minnətdarlıqlarını bildiriblər

Rüdəkənar sakinləri cənab Prezidentə minnətdarlıqlarını bildiriblər

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Rudəkənar kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə bir sıra məsələlərə aydınlıq gətirildi. SİA-nın məlumatına görə, rayonun inzibati orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdiyi görüşdə İcra başçısı iştirakçıları salamlayaraq, bildirib ki, Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Suparibağ, Seləkəran və Qapıçıməhəllə kəndlərində keçirilən görüşlərdə qaldırılan problemlərin həlli istiqamətində tədbirlər görmüşük

Sakinlərdən Ələsgər Əliyev, Barat Sadıxov, Rəvanə Baxşıyeva, Habil Ağayev, Babaş Əsgərov, Məmməd Məmmədov, Rəsul Əliyev, Ramiz Rzayev və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildiriblər. Xüsusilə Astara çayında sahilbərkitmə işlərinin aparılması məqsədilə vəsaitin ayrılmasına görə cənab Prezidentə sonsuz minnətdarlıq ifadə ediblər. Sakinlər yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmiş, problemləri söyləyərək, onların həlli ilə əlaqədar təkliflərini veriblər. Rudəkənar-Astara avtomobil yolunun təmiri, yolun kənarlarında piyada səkilərin düzəldilməsi və işıqlandırılması, elektrik xətt təsərrüfatında aparılan kabelləşmənin başa çatdırılması, kənd qəbristanlığının səviyyəsinin torpaq örtüyü ilə qaldırılması barədə təkliflər verilib.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirib.

İcra başçısı daha sonra əlavə edib ki, Rudəkənar kəndi, ümumiyyətlə Astara çayı boyunca yerləşən digər kəndlərimiz daim sel təhlükəsi ilə üzləşir. 2017-ci ilin payız-qış aylarında çayın daşması ilə sel bütün bu kəndləri ağuşuna almışdı. Sizinlə bir yerdə birləşərək böyük bir fəlakətin qarşısını ala bildik. Əhaliyə maddi ziyan dəysə də itkisiz ötüşdük. Elə ötən il də belə bir təhlükə yaşandı. Bu, demək olar ki, hər il daşqınlar zamanı təkrarlanır. Ona görə də, cənab Prezident keçən ilin oktyabr ayında rayonumuza səfər edəndə ilk xahişimiz məhz çaylarda sellərin qarşısının alınması üçün sahilbərkitmə işlərinin aparılmasına köməkliyin göstərilməsi barədə oldu. Prezidentimiz çox sağ olsun ki, dərhal bu işlərin aparılmasından ötrü vəsaitin ayrılması barədə Sərəncam imzaladı. Hazırda gördüyünüz kimi burada işə başlanıb. Bununla da daşqın təhlükəsinə birdəfəlik son qoyulacaq, rahat yaşaya bilərsiniz. Bu diqqət və qayğıya görə hər birinizin, eləcə də, rayonumuzun bütün sakinləri adından cənab Prezidentə minnətdarlıq edirik.

Çıxışına davam edən İcra başçısı qeyd edib ki, sevindiricidir ki, rayonumuz üçün ənənəvi olan çay, çəltik və sitrus sahələri ildən-ilə artır. Bu sahələrin səmərəli üsullarla inkişaf etdirilməsi üçün biz də mümkün olan köməklikləri göstəririk. Kənd təsərrüfatının bu və digər sahələrinin davamlı inkişafında fəaliyyəti genişləndirmək lazımdır. Bu işdə hər birinizə uğurlar arzulayıram.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “III dərəcəli Əmək Ordeni” ilə təltif olunmuş kənd sakini, fermer Əzimov Sadıx Bəhlul oğlunu təbrik etmiş, mükafatı ona təqdim edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə