"Bu gün gənclər siyasəti sahəsində formalaşmış normativ baza var" Nazir müavini

"Bu gün gənclər siyasəti sahəsində formalaşmış normativ baza var" Nazir müavini

"Təəssüf ki, Azərbaycanda narkomaniyaya düşən və ya digər mənfi cəhətləri olan gənclərimiz də var. Lakin gənclərin böyük əksəriyyəti sağlam, ürək açan mövqedədir". SİA xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.

Nazir müavini qeyd edib ki, 2019-cu ildə gənclər sahəsində mövcud olan iki dövlət strategiyası çərçivəsində 19 kateqoriyada gənclərlə iş nəzərdə tutulur: "Burada texnologiya, elm məsələsi, elmdə olan gənclərə dəstək verilməsi layihələri, onların stimullaşdırılması və.s işlər daxildir. İyul ayında Nazirliyin 25 illiyi ilə bağlı beynəlxalq çərçivədə tədbir keçirmək niyyətindəyik. Bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ekoloji maarifləndirmə, tələbələrə iş, sağlam həyat tərzi, kompüter texnologiyaları və.s tədbirlərin keçirilməsi nəzərdə tutulur".

İ.Babayev deyib ki, nazirliyin balansında olan 12 Gənclər evində kifayət qədər fəallıq var və burada gənclər üçün göstərilən xidmətlər tam təmannasızdır: "Bu gün radikal qrupların, eləcə də xarici qüvvələrin təsirinə düşən gənclərimiz az da olsa var. Lakin az olsa belə bizi narahat edir. Çıxış yolu həmin gəncləri maarifləndirmək, onları yönəltməkdir. Bir çox xarici qüvvələr milli maraqlara söykənən milli dövətçilik siyasətini həyata keçirməyi qəbul etmirlər. Bu, onları qıcıqlandırır".

Nazir müavini qeyd edib ki, bu gün gənclər siyasəti sahəsində formalaşmış normativ baza var: "Dövlət gənclər siyasətinin başlanmasının 25 illiyi çərçivəsində bu il artıq gənclər siyasəti ilə bağlı qanuna yeni əlavə və düzəlişlər olacaq, yeni anlayışlar gətiriləcək. Bu düzəlişlərin hər biri qlobal çağırışlara və dövlətin daxili imkanlarına cavab verir. Bu gün gənclərimiz kifayət qədər vətənpərvər və öz köklərinə sadiqdir. Lakin bəzən formalaşması müasir dövrə düşən gənc ötən zamana qiymət verə bilmir və o vaxta dəyərləndirmir. Bu günki inkişafı görür və hesab edir ki, belə də olmalıdır və daha çox olmalıdır. Kimki o günü görüb yaxşını, pisi ayırır".

Nazir müavini qeyd edib ki, bu gün 350-dən çox gənclər təşkilatı fəaliyyət göstərir: "Bu gün onların hər biri o qədər də fəal deyil və biz bunu gözləmirik də. Bunun içərisində hər gün işləyənlər də var, eləsi də vaxtaşırı sıçrayış olur. Eləsi var ki, qrant müsabiqəsi vaxtı peyda olur. Biz hər biri ilə çalışırıq. Biz bununla yanaşı, dövlət qurumları ilə də gənclərlə bağlı işləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə