NAYORA media nümayəndələri ilə görüşüb - Özəl-Tədbir

NAYORA media nümayəndələri ilə görüşüb - Özəl-Tədbir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının media nümayəndələri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova, NAYORA-nın baş katibi Hüseyn Məmmədov və qurumun ictimaiyyətlə əlaqələr üzrə katibi Günel Salayeva və yerli media orqanlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Məryəm Məcidova ilk öncə hər kəsi qarşıdan gələn 2 Fevral - Gənclər Günü münasibəti ilə təbrik edib. Daha sonra bildirib ki, hal-hazırda öz ətrafında 128 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 Noyabr 1995-ci ildə təsis olunmuşdur. Ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədi öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaq məqsədini daşıyır. Qurumun sədri əlavə olaraq media nümayəndələri ilə növbəti illərdə əməkdaşlıq istiqamətlərinin önəmliliyini vurğulayaraq son dövrdə medianın, xüsusilə də sosial şəbəkələrin və onlayn xəbər saytlarının fəaliyyətinin böyük önəm kəsb etməsindən, informasiyanın gənclərə çevik və operativ şəkildə ötürülməsinin bizlərə verdiyi imkanlardan danışıb.

Görüşün gedişatında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Hüseyn Məmmədov, qurumun 2019-cu il üzrə fəaliyyət planını təqdim edərək, növbəti il ərzində həyata keçiriləcək proqramlar, layihələr və kampaniyalar barədə ətraflı məlumat verdi. Hüseyn Məmmədov həmçinin qeyd edib ki, “Azərbaycanın gənclər təşkilatları dayanıqlı inkişaf naminə”, “Azərbaycan üçün bir olaq: gənclər təşkilatının onlayn tövhəsi”, “Gənclər təşkilatlarının iştirakçılığı və inklüzivlik” proqramları növbəti il ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əsas fəaliyyət strategiyasına daxil olaraq onlarla layihə və kampaniyaları özündə cəmləşdirəcək.

Tədbirin sonunda Məryəm Məcidova Gənclər Təşkilatları Milli Şurasının 24 illik fəaliyyətini Azərbaycan mediası ilə birgə qət etdiyini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını (NAYORA) tərəfdaşı olan “Kütləvi İnformasiya Vasitələri”nin hər zaman çeviklik, operativlik, etibarlılıq və işgüzar yanaşma nümayiş etdirdiklərini bildirərək qarşıdakı illərdə də əlaqələrin inkişaf edəcəyini deyib.

Sonda qurumun fəaliyyətini əhatə edən film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə