Nuşirəvan Məhərrəmli: “Azərbaycan kimi milli ənənələrə söykənən bir xalqda televiziya vasitəsilə evlənmə prosesi əhalidə gülüş doğurur” -MÜSAHİBƏ

Nuşirəvan Məhərrəmli: “Azərbaycan kimi milli ənənələrə söykənən bir xalqda televiziya vasitəsilə evlənmə prosesi əhalidə gülüş doğurur” -MÜSAHİBƏ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin SİA-ya müsahibəsi:

 

- Nuşirəvan müəllim, şura sədri olaraq efir məkanının bugünki vəziyyəti sizi qane edirmi və sizcə, bu gün televiziya və radio sahəsində əsas problemlər nədən ibarətdir?

 

- Bu gün elə bir mühit, ölkə yoxdur ki, orada televiziya və radio yayımından vətəndaşların hamısı razı olsun. Azərbaycanda televiziya və radio sahəsində xeyli işlər görülüb. Televiziya və radio kanallarının kəmiyyət baxımından sayı get-gedə artır. İndi təkcə regional televiziyalar yox, sahə kanalları da fəaliyyət göstərir. Bundan əlavə, peyk yayımı üçün ATV İnternational fəaliyyət göstərir. Televiziya və radio kanallarının maddi-texniki bazası genişlənib, rəqəmsal yayıma keçmək üçün hazırlıq işləri görülüb, ölkədə teleradio sahəsində çalışan çoxsaylı jurnalist kollektivi formalaşıb. Bu bizim müsbət keyfiyyətlərimizdir.

 

Amma bununla belə Azərbaycanda televiziya və radio yayımı ilə, xüsusən də özəl telekanallarda bizim narazılığımıza səbəb olan çox məqamlar var. Bu dünya məkanında, televiziya və radio sahəsində şou-bizneslə bağlı olan istiqamətdir. Bütövlükdə dünyada internet mediasının meydana gəlməsindən sonra əhalinin böyük bir hissəsinin "jurnalist" fəaliyyətinə keçməsi nəticəsində jurnalistika sahəsinin özündə də dəyərlər bir az ucuzlaşıb. İndi istənilən bir insan özünü jurnalist adlandırır. Televiziya, radio kanallarında da əhalinin müəyyən bir hissəsinin, xüsusən də intellektual sahə ilə bağlı olan hissənin tələbatı çox zəif ödənilir. İntellektual xarakterli verilişlər yox dərəcəsindədir, maarifçilik xarakterli verilişlərin sayı azdır, olanların da keyfiyyəti çox aşağı səviyyədədir. Bundan əlavə, kriminal xarakterli verilişlər artmaqdadır. Verilişlər çox aşağı səviyyədədir, bəsitlik, sünilik, bayağılıq ilk addımda özünü büruzə verir. Cəmiyyət içərisində hörməti olmayanın "örnək" kimi təqdim olunması prosesi gedir. Xüsusən də estrada sahəsində çalışan müğənnilər, yumor sahəsində çalışan aktyorlar, ümumiyyətlə şou-biznesdə çalışan insanların xarakterinə uyğun olan verilişlərin səviyyəsi də aşağıdır. Bu bizi çox narahat edir.

 

Təbii ki, kanallar öz fəaliyyətlərini reklamla müəyyənləşdirdiklərindən onlar daha çox gəlir götürmək üçün reklam xarakterli verilişlər hazırlayır və bunların da çox hissəsi şou-bizneslə, qalmaqallı səhnələrlə, ucuz senssasiya xarakterli olur. Cəmiyyətdə, ictimai sahədə sosial problemləri olan insanları efirə çıxarıb onlardan reytinq qazanmaq yolu ilə gəlir əldə etmək vasitəsi kimi istifadə edilir.

 

Bundan əlavə, efirlərdə aparıcılıq edən jurnalistlərin aparıcılıq qabiliyyətindən narazılığımız var. Verilişləri Azərbaycan dilini, mədəniyyətini, tarixini çox zəif bilən insanlar hazırlayırlar. Həmçinin aktyorlar, ayrı-ayrı müğənnilər aparıcılığı adi bir iş bilib müxtəlif verilişlər aparırlar. Təbii ki, onlar da bu sahədə gözlənilən etimadı doğrulda bilmirlər.

 

Ümumiyyətlə, bu sahədə problemlər çoxdur və onları saymaqla qurtarmaq olmur. Hətta bəzən Azərbaycan kimi kiçik bir ölkədə böyük ölkələr üçün xas olan layihələr gətirib göstərirlər. Azərbaycan islam dəyərləri olan, dəyərlər əsasında formalaşan ölkədir. Bu dəyərlərə uyğun olmayan, Avropa üçün xarakterik olan layihələri göstərməyə çalışırlar və bu da təbii ki, insanlar tərəfindən narazıçılıqla qarşılanır.

 

Son zamanlar monitorinqin nəticələrinə əsaslanaraq ciddi tədbirlər görmək üçün müəyyən qurumlara müraciət etmişik. Cənab prezidentə də müraciət etmişik ki, bununla bağlı öz səlahiyyətlərindən istifadə edərək bizə yardım etsin.

 

- Cənab prezidentə etdiyiniz müraciətdə hansı təkliflər qeyd olunub. Sizin fikrinizcə, şuranın səlahiyyətlərinin artırılması teleradio sahəsində hansısa uğurlara səbəb ola bilərmi?

 

- Biz səlahiyyət deyəndə çox zaman insanlar bizi günahlandırırlar ki, əlavə səlahiyyətlər istəyirlər. Bu saat insanları düşündürən əsas məsələ teleradio kanallarında verilişlərin keyfiyyət məsələsidir. Verilişlərin keyfiyyət məsələsi də yaradıcılıqla bağlıdır. Təbii ki, biz yaradıcılıq işlərinə qarışmayacağıqsa, bu verilişlərin keyfiyyətində də dönüş olmayacaq. Belə olan halda qonşu ölkələrin də təcrübəsinə baxırıq. Məsələn, bir sıra ölkələrdə ayrı-ayrı verilişlərin yayımının dayandırılması hüququ təmzimləyici, yəni Milli Televiziya və Radio Şurası kimi qurumlara verilir. Hər hansı veriliş Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun deyilsə, narazılıqla qarşılanırsa, böyük ajiotaj yaradırsa, bu cür verilişlərin dayandırılması hüququ MTRŞ-ya verilərsə, bunun müəyyən müsbət nəticəsi olar. Digər kanallarda o cür təcrübədən nəticə çıxarda bilərlər. Qısa müddət ərzində dayanmış veriliş digər kanallar üçün də siqnal ola bilər. Belə bir təkliflə müraciət etmişik.

 

Bundan başqa, çoxsaylı digər təkliflər vermişik. Bu gün cizgi filmlərlə bağlı mövcud vəziyyət çox ürəkağrıdan bir faktdır. Azərbaycanda uşaqlar demək olar ki, Azərbaycan cizgi filmləri əsasında tərbiyə olunmurlar. Əsasən xarici filmlər əsasında tərbiyə olunurlar. Cizgi filmlər də bədii filmlərə, seriallara nisbətən daha az vəsait tələb edir. Cənab prezidentə müraciət etmişik ki, heç olmasa birdəfəlik formada cizgi filmlərinin çəkilməsi üçün fond yaradılsın və ya yardım ayrılsın. Cizgi filmlərin çəkilməsi ayrı-ayrı şəxslərə yox, birbaşa MTRŞ-ya və ya digər qurumlara verilsin ki, onu kanallar arasında yaya bilsin. Bizdə sovet dövründən çəkilən filmlər dövlət büdcəsindən maliyyələşib. İndi də dövlət büdcəsindən filmlərin çəkilməsi üçün xeyli maliyyə ayrılır. Amma çox təəssüf ki, son zamanlar çəkilən filmləri efirdə görmürük. Mədəniyyət və Turizm Nazirliyi filmləri çəkir, amma bunun kimə göstərilməsi aydın deyil. Biz təklif etmişik ki, büdcədən ayrılan vəsait hesabına çəkilən bütün filmlərə simvolik qiymət qoyulsun və o kanallar arasında yayımlansın. Bütün filmlər də Dövlət Film Fondunda saxlansın. Ayrılan vəsait də filmlərin saxlanılmasına sərf olunsun. Amma indi "Azərbaycan kinostudiyası" filmlərin sahibi kimi çıxış edir və hər saat üçün 60-70 manat pul alır. Kino sahəsində çalışan insanları başa düşürəm. Amma nəzərə alaq ki, bu vəsaiti dövlət ödəyir. Həmin kinostudiyada çalışanlar bu pulu ödəsəydilər, onların bu qiyməti müəyyənləşdirməyə hüquqları var idi. Ancaq aktyorun, ssenaristin, rejissorun, bir sözlə bütün yaradıcı kollektivin vəsaiti dövlət vəsaiti hesabına ödənilibsə, buna simvolik qiymət qoyulmalı və kanallar arasında yayımlanmalıdır.

 

Regional kanallar bəzən istəyir ki, Azərbaycan kinolarını yayımlasınlar. Bu zaman onlar da bu tip problemlərlə rastlaşırlar. Onlar gedib saatı 60-70 manat əvəzinə, 30-40 manat məbləğində pul ödəyərək xarici filmləri göstərirlər. Azərbaycanda bədii filmlərin istehsalının artırılmasını istəyirik. Filmlərdən, kinolardan başqa tamaşaların da efir vasitəsilə göstərilməsinin tərəfdarıyam. Bəzən tamaşalar efirdə göstəriləndən sonra teatra gedənlərin sayı azalır. Ancaq hər hansı bir gözəl çəkilən tamaşa müəyyən müddətdən sonra tamaşaçıların ixtiyarına verilə bilər.

 

Bundan əlavə, Azərbaycanda televiziya arxivinin yaradılmasını təklif etmişik. Ümumiyyətlə, istərdik ki, sovet dövründən sonrakı müstəqillik dövründə də Azərbaycan tarixində ən mühüm ictimai-siyasi hadisələrlə bağlı verilişlər arxivə toplansın. Tutaq ki, yeni bir televiziya kanalı açılır və bu televiziya kanalının verilişləri hardan və necə almaqla bağlı problem yaranır. AzTV 1956-cı ildən fəaliyyət göstərir və onun bazasında çəkilmiş bütün verilişlər onun mülkiyyəti hesab olunur. Amma bu Azərbaycan dövlətinin mülkiyyətidir. Yeni yaranmış televiziya kanalının da həmin o verilişdən istifadə etmək hüququ olmalıdır. Buna görə də yeni yaranan televiziya kanalının fəaliyyətini normal vəziyyətə gətirmək üçün bu cür xəbərə ehtiyac var. Ola bilsin ki, bu ya MTRŞ-nın nəzdində, ya da Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olsun. Amma belə bir arxivin yaradılmasına ehtiyac var.

 

Bundan əlavə, teleradio jurnalistikası ilə bağlı ixtisas kurslarının artırılmasını istəyirik. Bu gün Bakı Dövlət Universitetində jurnalistika fakultəsi var. Təbii ki, hazırda Azərbaycanda aparıcı sahə dövrü mətbuat yox, teleradio jurnalistikasıdır. Bizim teleradio jurnalistikasına gedənlərin əksəriyyəti digər sahələrdəndir. Ona görə də bu sahəyə təyinatı üzrə teleradio jurnalistikası ixtisasını artırmaq çox vacib şərtlərdəndir.

 

Teleradio Şurası qanunvericiliyə uyğun olaraq bəzi qanun pozuntularına görə bu və ya digər cəza tətbiq edir. Bu cəzaların içərisində reklamla bağlı, sponsorluq fəaliyyəti ilə bağlı, lisenziyanın qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar öz əksini tapır. Amma ən əsas proqrama verilən tələblərlə bağlı cəzalar yoxdur. Proqrama qoyulan tələblərlə bağlı cəza mexanizmini, cərimələrin müəyyənləşdirilməsini təklif etmişik.

 

- Milli Televiziya və Radio Şurası tərəfindən monitorinqlər aparılır və müxtəlif problemlər aşkarlanır. Ancaq uzun illərdir ki, bu problemlər həll olunmur. Bunların qarşısını almaq sizin səlahiyyətlərinizə aid deyil, yoxsa özəl kanallar buna maraqlı deyil?

 

- Bütün problemlərin əksəriyyəti yaradıcılıq işlərinə aiddir. Kanalların proqram siyasəti ilə bağlıdır. Təbii ki, teleradio şurası bunun əsasında fəaliyyət göstərir və onun səlahiyyətinə aid olmayan işlərlə məşğul olmur. Biz televiziya kanallarının yaradıcılıq işlərinə, proqram siyasətinə qarışmırıq. Təbii ki, belə olan halda bu məsələləri həll etmək üçün bizim elə bir səlahiyyətimiz yoxdur. Ümumiyyətlə, yaradıcılıq işlərinə qarışmaq düzgün deyil. Amma televiziya kanalları da onlara verilən bu hüquqdan çox sui-istifadə edirlər. Cəmiyyətin doğru tərbiyələnməsi, maariflənməsi, məlumatlandırılması kimi funksiyaları doğru yerinə yetirmirlər. Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycan həm ərazi, həm də əhalinin sayı baxımından çox kiçik bir ölkədir və burada olan proseslər xarici ölkələrlə müqayisədə fərqli görünür. Təsəvvür edin ki, son zamanlar Azərbaycanda evliliklə bağlı layihələr həyata keçirilir. Azərbaycan kimi milli ənənələrə söykənən bir xalqda televiziya vasitəsilə evlənmə prosesi əhalidə gülüş doğurur. Mən heç kimi təhqir etmək istəmirəm. Ola bilsin ki, ora dəvət olunan insanlar da aldanıblar, başqa yolla ora gətiriliblər. Şəxsən mən hesab edirəm ki, heç bir normal adam belə verilişlərə çıxış orada özünə ailə axtarmaz. Bu mənim şəxsi fikrimdir. Bundan başqa, evlilik verilişlərindən sonra baş verən qalmaqallar, xəbərlərdən məlumatımız var. Bəzən bunu bu və ya digər yollarla əsaslandırmağa çalışırlar. Bunların hamısı absurd bir əsaslanmadır. Yəni, Azərbaycan xalqı üçün xarakterik olmayan absurd əsaslardır.

 

- O zaman deyə bilərik ki, ATV kanalında yayımlanan "Onun yarısı" verilişin bağlanmasına səbəb sizin narazıçılığınız və xəbərdarlığınız olub?

 

- Bu məsələlər çoxdan ictimaiyyət arasında müzakirə olunur. Dəfələrlə ictimaiyyət, insanlar bu kimi məsələlərə haqlı narazılıqlarını ortaya oyur. Biz də MTRŞ olaraq bu məsələlərə öz mənfi fikirlərimizi demişik. Nəinki ATV, digər kanalların hamısında bu cür verilişlərə bizim münasibətimiz kəskindir.

 

- Bildiyimiz kimi, bu il bir neçə televiziyanın lisenziya müddəti bitir. Bu lisenziyanın artırılması məsələsinə nə vaxtdan başlanacaq və ola bilərmi ki, bunun nəticəsində hansısa kanalın lisenziya müddəti uzadılmasın?

 

- Teleradio yayımı lisenziyalaşdıran bir sahəsidir. Lisenziya müəyyən bir müddət üçün verilir. MTRŞ o qədər də böyük tarixə malik olan qurum olmadığından lisenziyalaşdırma prosesinə 2005-ci ildən başlandı. İndi idisə həmin dövrdən 6 il keçib və bu il prosesin davamını həyata keçirəcəyik. Əgər həmin müddət ərzində lisenziya əldə edənlər qayda-qanunu pozmayıblarsa, qanunlara əməl ediblərsə, onlar müvafiq prosedurlardan keçəndən sonra lisenziyanı uzada biləcəklər. Yox əgər qanunları pozublarsa, prosedur qaydalarına əməl etməyiblərsə, ona uyğun olaraq da tədbir görüləcək. Lisenziya müddəti ona görə verilir ki, bu müddət ərzində televiziya və radio kanallarının vəziyyəti araşdırılsın. Bu aparılan araşdırmanın nəticəsinə uyğun olaraq lisenziya uzadıla da bilər, uzadılmaya da bilər.

 

Burada televiziyanın fəaliyyətinin dayandırlmasından söhbət getmir, sadəcə lisenziya müddətinin uzadıb-uzadılmamasından gedir. Qanunda belə bir maddə var ki, hər hansı bir televiziya kanalı lisenziya müddətinin qurtarmasına ən azı 6 ay qalmış müraciət etməlidir. Ancaq hər hansı bir televiziya kanalı lisenziya müddətinə 10 gün qalmış müraciət edir. Belə olan halda MTRŞ-nın mövqeyi də aydın olur. Əgər 6 ay müddətində müraciət etmirsə, o tezlik haqqında düşünmür. Belə olduğu halda, həmin tezlik boşalmış hesab olunur və ona uyğun olaraq da MTRŞ tədbir görür.

 

Başqa bir maddə də var ki, lisenziya müddətinin qurtarmasına 3 ay qalmış MTRŞ boşalan tezlik haqqında məlumat verir. Biz o məlumatı verəcəyik. Yəni, bu prosedur qaydaları gücləndirilməlidir. Mən başa düşürəm ki, bu praktika bizdə yeni yaranır. Əvvəllər belə şey olmayıb deyə, televiziya və radio kanalları da bu işi bilmirlər. Amma bizim əsas işimiz bundan ibarətdir və lazım gəlsə, maarifləndirmə işini də aparacağıq. Bu artıq dinamik bir proses olacaq və davamlı şəkildə baş verəcək.

 

- Bu gün kanallarda fəaliyyət göstərən aparıcıların səviyyəsi qaneedicidirmi? Ötən il televiziya aparıcıları üçün müxtəlif treninqlər təşkil etmişdiniz və bunun hər hansı bir müsbət nəticəsi oldumu? Bu il üçün televiziya sahəsi üzrə belə treninqlərin keçirilməsi gözlənilirmi?

 

- Belə bir treninqlərin keçirilməsini biz istəyirik. Amma çox təəssüf ki, bəzən televiziya kanallarının bəziləri düşünür ki, o bütün işləri görüb və onun aparıcısının treninqə göndərilməsi vacib deyil. Bu cür məsələlərlə bəsit yanaşma televiziya kanallarında var. Amma istənilən halda bu işin hər hansı müsbət nəticəsi var. Amma təbii ki, biz gözlədiyimiz tərzdə deyil.

 

Bizim gözləntilərimiz çoxdur. Bu il də belə treninqlərin keçirilməsi ola bilər. Amma MTRŞ dövlət büdcəsi tərəfindən maliyyələşən bir qurumdur. Onda bütün maliyyə mənbələri hər biri xərc maddələri ilə göstərilir. Amma treninq üçün hər hansı xərc maddəsi bizdə yoxdur. Belə bir funksiya MTRŞ-nın üzərinə düşmür, bu əlavə iş kimi görülə bilər. Ola bilsin ki, KİVDF və ya başqa bir qurumlarla bu işləri görə bilək.

 

- Teleradio kanallarının reklam siyasəti hansı səviyyədədir və bu sahədəki mövcud problemlərin həlli üçün hansı işlər görülür?

 

- Reklam siyasəti teleradio sahəsində mövcud vəziyyətə oxşardır. Televiziya və radio kanallarının əksəriyyəti reklamı əsas iş hesab edirlər. Əgər reklam varsa, deməli onlar fəaliyyətdirlər. Təbii ki, reklam məsələsi ciddi bir məsələyə çevrilib. Bizdə reklam haqqında ayrıca qanun və televiziya və radio yayımı haqqında reklama qoyulan tələblər mövcuddur. Bu qanunauyğun olaraq da onlar gözlənilməlidir. Təbii ki, bunları izləyirik və bu sahədə qanun pozuntu halları çox azdır. Bəzən 1 saatda 12 dəqiqədən artıq reklam vermə halları olur. Bunu həmin televiziya kanalları ilə mütəmadi işlər nəticəsində aradan qaldırırıq. Son zamanlar tütün məlumatlarnın istehsalı, içkilərin reklamı ilə bağlı çox sərt qərarlar verilib. Alkoqollu içkilər ancaq axşam saat 23:00-dan sonra verilə bilər, tütünün reklamı isə ümumiyyətlə, qadağandır. Digər məsələlər isə xalqımıza uyğun olan məsələlərdir. Elə məhsullar var ki, onların reklam olunması arzuolunan deyil. Yəni, ümumi kütləvi şəkildə reklam olunması arzuolunan deyil, ancaq çox təəssüf ki, reklam vericilər və televiziya kanalları bu məsələyə dırnaqarası baxırar. Uşaqların hissiyyatına toxunan məsələlərdə, onların hüquqlarını pozan hallarda bəzən reklamı gizli formasında etməyə çalışırlar. Bu tənzimləyici qurumlarla kanallar arasında hər zaman davam edən bir prosesdir. Onlar çalışacaqlar ki, hər zaman pul qazansınlar, gizli reklama yol versinlər, biz də çalışacağıq ki, bunların qarşısını alaq. Əslində qanunla kanallarda 1 saatda 12 dəqiqə reklam verilməlidir. Amma bu saat ərzində bir neçə dəfəyə bölünə bilər və bu kanalın proqram siyasətindən asılıdır. Ancaq nəzərə alaq ki, televiziya və radio işi də çox çətin işdir. Bəzən kanallar özləri belə bu işi həyata keçirməyə çətinlik çəkirlər. Bəzən 5 dəqiqəlik xəbərlər verilir və bu müddət ərzində reklam vermək olmur. 15 dəqiqədən sonra bədii film gedirsə, 45 dəqiqəlik filmin 12 dəqiqəsində reklam vermək olmur. Belə olduğu halda 1 saat kanalda reklam getmir. Reklam vermirsə, kanalın fəaliyyəti sıfra bərabər olur və işləyə bilmir. Bu cür hallar var və ona görə də kanallar daim çalışırlar ki, optimal bir yol tapsınlar.

 

- Regional kanalların bugünki fəaliyyətini necə qiymətləndirisiniz? Onların yüksək səviyyədə fəaliyyət göstərə bilmələri üçün hansı problemlər mövcuddur?

 

- Regional kanalların fəaliyyəti də bizi çox narahat edir. Belə ki, regionlarda reklam bazarı çox zəifdir, paytaxta nisbətən həddindən atıq azdır. Əgər reklam bazarı yoxdursa, orada fəaliyyət də çox aşağı səviyyədədir. Bundan başqa, regional kanalların maddi-texniki bazası çox zəifdir, kadr potensialı yox dərəcəsindədir. Orada işləyənlərin çox az bir hissəsi ola bilsin ki, jurnalistikanı qurtarıb. Bəzi kanallarda isə jurnalistika ixtisası olan jurnalistlər yoxdur.

 

Fəaliyyətə başlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bütün regionlarımızda regional televiziyalar olsun. Parlament seçkilərində bütün regionlarda televiziya olmalıdır ki, namizədlər öz təbliğatını apara bilsinlər. Amma çox təəssüf ki, bizim son tədqiqatlarımız nəticəsində məlum olub ki, çox yerlərimizdə hələ buna hazır deyilik. Mövcud televiziya kanallarımızdakı vəziyyət bunu deməyə əsas verir.

 

Prezidentə təqdim etdiyimiz müraciətdə bununla bağlı da təkliflərimiz vermişik ki, regional televiziya kanallarına hər hansı bir formada yardımlar edilsin. Hazırda ölkədə 14 regional televiziya fəaliyyət göstərir.

 

- Bu gün ölkədə nə qədər kabel televiziyası fəaliyyət göstərir və bu sahədə vəziyyət necədir? Cəmiyyət bəzən kabel televiziyalarında müxtəlif filmlərin göstərilməsi və bir sıra məsələlərlə bağlı senzura qoyulmasını istəyir. Sizin bu kimi məsələlərə münasibətiniz necədir?

 

- Kabel televiziyası xidmət sahəsidir. Əgər hər hansı bir insan öz televiziyasının xidmətlərindən istifadə etmirsə, hər hansı bir mağazadan istənilən diski alıb baxa bilər. Bu fərdi seçimdir. Kabel televiziyası fərdi seçimdir və insanlar fərdi yollarla o kanallara müraciət edirlər. Heç kim zorla onlara abunə yazılmır, kim istəyirsə, ona baxır. Əgər mənim evimə matəmlə bağlı hər hansı qayda-qanun yoxdursa, burada kabel televiziyasının günahı yoxdur. Bu doğru yanaşma deyil. Artıq məsələ insanların özlərindədir. Bakıda sərbəst şəkildə insanlar bu xidmətdən istifadə edə bilərlər. Azərbaycanda əhalinin üstünlüyü ondadır ki, həm rus dilli, həm də türk dillidir. Geniş auditoriya bizim üçün var. Bəziləri deyir ki, Azərbaycanda verilişlərin səviyyəsi aşağı səviyyədədir. Bu faktdır, amma bizim dünyagörüşümüz inkişaf edir və biz öz kanallarımıza deyil, digərlərinə də baxırıq. Biz çalışmışıq ki, bu məsələdə insanlara daha keyfiyyətli məhsullar təklif edək. Bir müddət öncə insanlar türk kanallarına baxmaqda problem yaşayırdı, ancaq indi bütün türk kanallarını evlərə gətirmişik. İnsanlar istədiyi qədər müxtəlif kanallara baxırlar. Bu məsələ ilə bağlı tutduğumuz yol düzgün yoldur və azərbaycançılıq, milli dil məsələsi sərt formada özünü göstərməlidir.

 

Azərbaycanda hər hansı bir şirkət fəaliyyətə başlayırsa, bu və ya digər formada dövlət orqanı ilə əlaqəli olmalıdır. Kabel televiziyasında yayımlanan televizya kanalları bizimlə məsləhətləşməlidir və bizim icazəmiz olmadan onları buraya yerləşdirə bilməzlər. Təsəvvür edin ki, hər hansı bir kabel şəbəkəsi Ermənistanın dövlət televiziyasını öz kabel şəbəkəsində yerləşdirir. Bu hansı rezonans doğuracağı bəllidir.

 

Milli Televiziya və Radio Şurası tərəfindən 14 kabel televiziyasına lisenziya verilib. Onlardan real fəaliyyət göstərəni isə çox az, hardasa 5-6 nəfərdir. Kabel televiziyası lisenziya alıb 100, 1000, 10000, 100000 min adama fəaliyyət göstərə bilər. Təbii ki, müəyyən qədər seçimlər olmalıdır. İndi biz lisenziyanın dəyərinin, dövlət rüsumunun müəyyənləşdiriməsi ilə bağlı dövlətə məktub göndərdik. Azərbaycan teleradio yayımı lisenziyalaşdıran sahədir və 6 il müddətinə 11 min manat vəsait ödənilir. Bu bütün televiziya və radio stansiyalarına aiddir. Paytaxtda yayımlanan kanallarla regionda yayımlanan kanallar arasında çox böyük fərq var. Ən azı reklam bazarında bunu görmək olar.

 

Biz istəyirik ki, kabel şəbəkəsində də müəyyən vergilər olsun. Məsələn, abonentlərinin sayı 10 minə qədər olanlar üçün bir dövlət rüsumu, 10-50 min olanlara digər dövlət rüsumu olsun, 50 mindən yuxarı olanlar isə daha yüksək dövlət rüsumu ödəsinlər. Özəl kabel şəbəkəsinin 100, 200 nəfər abonenti varsa, ona 11 min manat vermək sərf etməz. Çünki o heç il ərzində 10 min manat qazanmır.

 

- Bu gün Azərbaycan milli radio sahəsində hansı problemlər var və onlar necə həll olunmalıdır?

 

- Radiolar bütün respublika üzə fərqli tezliklərdə səslənir. Əgər radiolar paytaxtdan kənara çıxırsa, o artıq başqa bir tezliyə yönəlməlidir. Məsələn, ictimai radio 90 dalğasına köklənirsə, Bakıdan çıxdıqdan sonra bu tezlik dəyişməlidir. İnsanlar bunu etmir və hesab edir ki, o dalğalar tutmur. Bütün radio stansiyalarına tapşırmışıq respublikanın bütün bölgələrində özlərinin yayımlarını təşkil etsinlər. Bu gün respublika üzrə ən çox yaymlanan Azərbaycan radiosudur. Amma digər radio stansiyaların yayımı 70-80%, digərləri isə 50-60% arasında dəyişir. Bu da böyük bir rəqəmdir.

 

Radio stansiyanın fəaliyyəti televiziyalara nisbətən bir az yüngüldür. Xırda bir kollektivlə bu işi görürlər. Radioda vəziyyət belədir ki, görüntü yoxdur, yalnız səslə müşahidə olunur. Radioların indiki toplu ilə televiziyaların rolu arasında çox böyük fərq var. Radiolar televiziya ilə müqayisə oluna bilməz. Bununla bərabər radionun imkanları televiziyadakı ilə müqayisədə məhduddur. Ona görə də orada daha çox musiqiyə yol verilir. Əvvəllər radioda tamaşalar verilirdi, ancaq indi insanlar ancaq səs əvəzinə tamaşaya, görüntüyə üstünlük verir. Ancaq teleradioların üstünə getmək də doğru deyil. Biz çox istəyirik ki, radioda maarifləndirici, məlumatlandırıcı verilişlər çox olsun. Yalnız estrada müğənnilərinin mahnılarını verməklə işlərini bitmiş hesab etməsinlər. Radio böyük bir informasiya vasitəsidir. İndiki dövrdə nəqliyyat vasitələri ilə bağlı radioların da rolu artıb. Əvvəlki illərə nisbətən Azərbaycanda nəqliyyat vasitələrinin sayı artdıqca radiolara da tələbat artır.

 

- Mədəniyyət kanalının açılışı nə vaxta gözlənilir və onun fəaliyyətinə necə nəzarət olunacaq?

 

- Hər bir televiziya kanalının özünün müəyyən funksiyaları olacaq. Mədəniyyət kanalı artıq sahə xarakterlidir. Burada idmanla və digər sahələrlə bağlı xəbərlərin getməsinə icazə verilmir. Orada xəbərlər ancaq mədəniyyətlə bağlı olacaq. Ona görə də mədəniyyət kanalının özünün funksiyalarına uyğun fəaliyyət göstərməsinə nəzarət edəcəyik. Mədəniyyət deyəndə təkcə mədəniyyət və turizm nazirliyinin tabeliyinə daxil olan təşkilatlar nəzərdə tutulmur. Mədəniyyət geniş anlayışdır və buraya Azərbaycanın tarixi, mədəniyyəti, milli adət-ənənələri, geyimi və hər şey daxildir. Bunları yüksək səviyyədə təmsil etmək lazımdır. Onların üzərinə qoyulan tələb daha yüksəkdir.

 

Sahə xarakterli kanallar böyük dövlətlərə xas olan xüsusiyyətdir. Auditoriya, reklam bazarı məsələsi var. Ancaq Azərbaycanda bu sahəyə xüsusi yer verildiyi üçün belə bir kanalın açılmasına icazə verildi. Bizimlə bərabər ölkələrdə belə sahə xarakterli kanallar yoxdur. Bunlar ancaq Rusiya, Amerika, Fransa kimi böyük ölkələrdə var.

 

- 2011-ci il MTRŞ hansı yenilikləri həyata keçirəcək və bu il üçün yeni televiziya və radionun açılması gözlənilirmi?

 

- Bu il bizim üçün çox fəal bir il olacaq. Ən azından bir çox televiziya və radio kanallarının lisenziya müddətinin uzadılması ilə bağlı məsələ müzakirə olunacaq. Bu özü böyük bir işdir. Azərbaycanda yeni radio və televiziya kanallarının açılması prosesi davam edəcək. Amma bu o demək deyil ki, tezliklərin sayı qədər kanallar olmalıdır, radio stansiyalar açılmalıdır. Bu absurd bir fikirdir. Azərbaycanda bu məsələni həll etmək üçün Milli Televiziya və Radio Şurası var, bu məsələlərinin monitorinqi aparılır və zərurət yarandığı halda televiziya və radio kanalları açılır. Bu il yeni başlayıb. Ötən il mədəniyyət kanalının açılışını elan etdik. Bu il yeni radiostansiyanın açılması ilə bağlı yanvarın 25-ə qədər qərar verəcəyik. Kəmiyyət baxımında son zamanlar Azərbaycanda xeyli irəliləyişlər olub. Ancaq xarici ölkələrdə yeni kanalların açılması çoxdan qapanıb, çünki onlar bu tezliklər məsələsini həll ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə