Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü cəmiyyətdə və şəhid ailələri arasında böyük ruh yüksəkliyi ilə qarşılanıb. Diqqət və qayğıya daha çox ehtiyac duyan ailələr ölkə rəhbərliyinin onlara göstərdiyi diqqəti yüksək qiymətləndiriblər. SİA-nin əməkdaşı görüşdə iştirak edən ailələrlə əlaqə saxlayaraq onlardan münasibət öyrənib.
Şəhid Kamal Kazımovun qardaşı Mikayıl Kazımov bildirib ki, biz hər zaman Prezidentimizin şəhid ailələrinə olan diqqətini hiss etmişik: “Qardaşım müharibədə həlak olandan bir-neçə gün sonra ailəmizlə əlaqə saxlayıb 11 min manat birdəfəlik yardımı bizə çatdırdılar. Şəhid ailələrinə cəmiyyətdə də yüksək diqqət göstərirlər. Canını Vətən yolunda şəhid edən qəhrəman qardaşı kimi fəxr edirəm ki, dövlətimiz daim bizimlə maraqlanır".
Daşaltı əməliyyatının iştirakçılarından olan şəhid Vüqar Qasımovun atası Firudin Qasımov da yanvarın 28-də Prezident Sarayında şəhid ailələrinin nümayəndələri ilə görüşdə iştirak edib: “Görüşdə dövlət başçısı şəhidlərimizə Allahdan rəhmət dilədi. Onların müqəddəs Vətən torpağı uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. Prezident qeyd etdi ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Dövlətimizin başçısı vaxtı ilə müavinət almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını söylədi. Mənə elə gəlir ki, bu, çox böyük humanist addımdır və şəhidlərimizə, onların müqəddəs ruhuna göstərilən çox böyük diqqət və qayğının dövlət səviyyəsində daha bir ifadəsidir. Göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmiz adından minnətdarlığımı bildirirəm. O gün olsun ki, Qarabağ torpağı düşmən işğalından azad edilsin və övladlarımızın qanı tökülən torpaqlarda onların arzularının həyata keçdiyini gözlərimizlə görüb, sinə dolusu nəfəs alaq”.
Şəhid atası Şirvan Nüsrətov isə Prezidentə dərin təşəkkürünü bildirib: "Hörmətli Prezidentə, Azərbaycanı qüdrətli dövlətə çevirdityi üçün təşəkkür edirəm. Bu gün Azərbaycanın güclü ordusu var və əminəm ki, biz Qarabağ məsələsini Allahın köməyi və Prezidentimizin siyasəti sayəsində həll edəcəyik. Mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olub. Ölkə rəhbərimiz biz şəhid ailələrinə həmişə qayğı göstərib. Görüşdə bir daha bu diqqətin sahidi olduq...”
Qubanın İsnovqışlaq kəndində yaşayan şəhid anası Gülarə Şəmiyeva bildirdi ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən oğullarının ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının göstəricisidir: “Dövlətimizin başçısı bu görüşdə şəhid ailələrinə dərin hörmətini ifadə etdi. Bizim ailəyə də birdəfəlik ödəmə olunub. Bir şəhid anası kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iki oğlum Sərvər və Şəmsəddin qəhrəmancasına şəhid olub. Sərvər Şəmiyev 1993-cü ilin noyabr ayında cəbhəyə yollanıb. Ağcabədi rayonunun bir neçə kəndinin erməni işğalçılarından təmizlənməsində fəal iştirak edib. 1994-cü il yanvarın 12-də Martuni kəndi uğrunda gedən döyüşdə minaya düşərək həlak olub. Kiçik oğlum Şəmsəddin Şəmiyev isə Milli Orduya ondan 4 ay əvvəl yazılıb. Cəbhədə ayrı-ayrı döyüş bölgələrində vuruşan qardaşlar həmişə bir-birini soraqlayıb, bir yerdə döyüşməyə can atıblar. Amma tale elə gətirib ki, Vətən uğrunda canlarından keçən Sərvər və Şəmsəddin qardaşları eyni gündə, 1994-cü il yanvarın 13-ü İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıblar. Mənim övladlarım vətənpərvər, elini, obasını sevən igidlər idi. Onların qəhrəmanlıqları dillərdə dastandır. Kəndimizin məktəbi Sərvər və Şəmsəddin Şəmiyev qardaşlarının adını daşıyır. Mən Prezidentimizə minnətdarlığımı bildirirəm, bizim qayğımıza qalır. Şəhid ailəsi olaraq dövlətin yanımızda olmasını daim hiss edirik”.
Milli Qəhrəman Məzahir Rüstəmovun həyat yoldaşı Rəsmiyyə Rüstəmova da görüşdə iştirak edib. Şəhidin xanımı deyib ki, Prezidentimizin şəhid ailələri ilə olan görüşü bizi çox sevindirdi: “Prezident İlham Əliyevin bu humanist addımı olduqca təqdirəlayiqdir. Mən bir şəhid yoldaşı kimi Prezidentimizin şəhid ailələrinə olan diqqət və qayğısına illər öncədən şahid olmuşam. Yoldaşım Məzahir Rüstəmov 1992-ci ildə Gədəbəy bölgəsində qərəmanlıq göstərərək müharibədə şəhid olub. Məzahir Rüstəmovun qəhrəmanlığına dövlət tərəfindən yüksək diqqət göstərilib. Onun adına məktəb və küçə verilib. Həmin küçədə iki otaqlı mənzillə təmin olunmuşuq. Bizim bir qızımız var. Hazırda o mənzildə yaşayıram və göstərilən diqqət üçün Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Onu da deyim ki, Məzahir Rüstəmov 30-a yaxın ermənini məhv edib və düşmən əlinə keçməsin deyə özünü qumbara ilə partladaraq şəhid olmuşdur. Onun xatirəsi hər zaman yaşayır və bundan sonra da yaşayacaq. Nizami rayonunda yerləşən 32 saylı məktəb qəhrəmanın adını daşıyır. Bizə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB