Kirayəçilikdən mənzil sahibliyinə gedən yol ARAŞDIRMA

Kirayəçilikdən mənzil sahibliyinə gedən yol ARAŞDIRMA

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında əhalinin sosial rifah halın yaxşılaşdırılmasının dayandığını sübut edən bir sıra faktlar var. Xüsusilə də son atılan addımların əksəriyyətinin bu istiqamətdə atılması ölkəmizdə vətəndaş amilinin ən üst pillədə durduğunun göstəricisidir. Aztəminatlı, şəhid ailələri, müharibə əlilləri və digər vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində verilən qərarlar, imzalanan sənədlər bunun bariz göstəricisidir. Bu qərarlardan biri Prezident İlham Əliyev tərəfindən yanvarın 25-də təsdiq edilən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”dır. Qaydalara əsasən, kirayəçilər ev sahibi ola biləcəklər.

Bəs görəsən yeni mexanizmlər kirayəçilər üçün nə vəd edir?

Yeniliklərin icra mexanizmi ilə bağlı mühüm məqamlarla bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” ölkəmizdə sosial kirayə fondunun yaradılması deməkdir.

Onun sözlərinə görə, yeni mexanizmlərə əsasən ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı həmçinin evləri kirayə götürmək hüququna da malik olacaqlar: “Yeniliklərə əsasən, artıq mənzili kirayə götürənlər ona sahib olmaq imkanı əldə edəcəklər. Bununla da mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq”.

Müqavilə bağlanandan 3 il sonra kirayəçinin mənzilin sahibinə çevrilmək imkanı qazanacağını dilə gətirən ekspert söyləyib ki, istənilən vətəndaş həm daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verə və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola biləcək: “Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək”.

“Aylıq kirayə haqları fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək ”

V.Bayramov bildirib ki, yalnız İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillər kirayə veriləcək: “Vətəndaşlarımız fondun təklif etdiyi şərtlər ilə mənzili kirayəyə götürmək imkanı qazanacaqlar. Bu zaman mənzillərin aylıq kirayə haqları fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək. Fondun nizamnamə kapitalı 466 milyon manatdır və yeniliklərə əsasən, fondun kapitalı və fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına evlər alınacaq. Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır”.

“Vaxtı keçmiş öhdəlikləri olanlar kirayə mənzil ala bilməyəcəklər”

Ekspert söyləyib ki, bank kreditləri və digər məcburi ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olanlar kirayə mənzil ala bilməyəcəklər: “Mənzil almaq üçün əsas şərtlərdən biri Azərbaycan vətəndaşı olmaqdır. Kirayə mənzil üçün müraciət edən şəxslərin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Əks halda belə şəxslər mənzil sahibi ola bilməyəcəklər. Bir sözlə ödəmə qabiliyyəti olan və borc öhdəliyi olmayan istənilən vətəndaş kirayə mənzillərə sahib olmaq üçün müraciət edə biləcək. Yeni mexanizmə əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir.

Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir. Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmirsə o zaman müqaviləyə xitam verilir”.

“3 ildən sonra mənzil sahibi olacaqsınız”

V.Bayramov qeyd edib ki, kirayəçinin mənzilə sahib olması üçün 3 il keçməlidir: “Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər. Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir. Fond aylıq ödəniş məbləğini fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərcləri əsasən hesablanacaq”.

“Mənzili rəsmi olaraq başqa şəxsə ötürmək hüququ verilir”

Ekspert vurğulayıb ki, yeni mexanizmdə kirayəçilərə mənzili rəsmi olaraq başqa şəxsə ötürmək hüququ da verilir: “Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq. O ki qaldı kirayəçinin dünyasını dəyişməsi prosesinə o zaman kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir”.

“Aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək”

Aylıq ödənişlərə toxunan V.Bayramov deyib ki, qaydalara əsasən, fonda ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və geri qaytarılmır: “12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək. Kirayə mənzildə yaranan xərclərə gəlincə, əgər mənzil kirayəçinin istifadəsinə verilibsə, kirayəçi yaşadığı müddətdə yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərcləri özü ödəyəcək. Yaşayış sahəsində yenidənqurma və ya yenidən planlaşdırma, habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri və digər məcburi ödənişləri də kirayəçi özü ödəməlidir. Sığorta hadisəsi baş verdikdə isə sığorta ödənişi kirayəçi ödədiyi vəsait ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə uyğun olaraq Fond ilə kirayəçi arasında bölüşdürüləcək ”.

Kirayə müqaviləsinə nə zaman xitam verilir?

Ekspert əlavə edib ki, kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüquq münasibətlərinə xitam verilir: “Yəni, bu zaman artıq kirayəçi mənzilə sahib olur və çıxarış (kupça) alır. Artıq o kirayə haqqı ödəmir. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Fond isə ödənişləri 60 gün və daha çox müddətə yubatdıqda, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə müqaviləyə xitam verir”.

Yeni qaydalar vətəndaşlarımıza sosial tərəfdən nə qazandıracaq?

Yeni mexanizmin sosial tərəfləri haqqında danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, tətbiq olunan qaydalar vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək: “Çox təəssüf ki, əhalimiz arasında həm kirayədə qalan, həm də mənzil şəraiti arzu olunan səviyyədə olmayan vətəndaşların sayı az deyil. Elə insanlar var ki, hətta mənzili olsa belə həmin mənzil onun səhhətinə uyğun deyil və ya ziyandır. Belə olan halda, yeni mexanizm vətəndaşlarımıza kirayə ev götürmək və ödəniş etdikdən sonra ev sahibinə çevrilmək imkanı yaradır. Elə insanlar var ki, illərlə kirayədə qalır, sonra ev sahibi onu müəyyən səbəblərə görə evdən çıxarır. Halbuki hesablama aparsaq, bəlkə də kirayəçi qaldığı müddətdə mənzil sahibinə mənzilin dəyərindən də artıq pul ödəmiş olub. Bu əlbəttə ki, kirayəçilər üçün həm maddi, həm də mənəvi ziyandır”.

Yeni qaydaların iqtisadi cəhətdən əsaslandıranda dövlətin də xeyrinə olduğunu dilə gətirən sosioloq vurğulayıb ki, mexanizm iqtisadi cəhətdən müsbət amilləri özündə əks etdirir: “Yeni qaydalar bu günün tələblərinə tam şəkildə uyğundur. Bu sahəyə diqqət ayrılması çox vacib idi. Yeni mexanizm dövlət büdcəsinə əlavə gəlirin yönəlməsinə imkan yaradacaq. İndiyədək insanların harada kirayə qalmasından heç kimin xəbəri olmur və bundan vergi ödənilmirdi. Lakin insanların İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillərdə kirayə qalması dövlət büdcəsinə də öz müsbət təsirlərini göstərəcək. Bir sözlə yeni qaydalar həm kirayəçilərin mənzilə əlçatanlığı, həm də dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması imkanlarını özündə ehtiva edir”.

“Bu qaydalar xarici vətəndaşlara da şamil olunsa, büdcəyə xeyr gətirə bilər”

Ə.Qəşəmoğlu bu istiqamətdə növbəti dəfə atılacaq addımlarda xarici vətəndaşların da nəzərdə tutulmasını təklif edib: “Yeni qaydalar Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bəzən xarici vətəndaşların da ölkəmizdə kirayə qalması ilə bağlı bəzi problemlə yaşana, xoşagəlməz hadisələr baş verə bilir. Əgər belə qaydalar onlar üçün də tətbiq olunsa, o zaman kirayə qalan xarici vətəndaşlar da həmin mənzillərdən istifadə edə bilər və bunun özü dövlət büdcəsinə xeyir gətirə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə