Baş redaktorlar "Səs" qəzeti barədə təəssüratlarını bölüşdülər

Baş redaktorlar "Səs" qəzeti barədə təəssüratlarını bölüşdülər

Bu gün "Səs" qəzetinin 20 yaşı tamam olur. Bu yaş müstəqil, yetişkin, 2 ildir ki, vətəndaşlıq alan bir gəncin ömrüdür. Yaş cəhətdən gənc, lakin qəzet olaraq uzun bir yol qət edən qəzetin 20 illik yubileyi ilə əlaqədar SİA media mənsublarının fikrini öyrənməyə çalışdı.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov:

- "Səs" qəzeti Azərbaycan mətbuatında həqiqətən yeni bir səs oldu. Bu səs ilk öncə xalqın arzusunu, istəyini özündə əks etdirdi. Qəzetin yaranması ağır, çətin dövrə təsadüf edir. Bu dövrdə ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmalı idi ki, Azərbaycanı bir dövlət kimi məhv olmadan xilas etsin, onun müstəqilliyini qoruyub, əbədiliyə çevirsin. Görünür tanrı bu missiyanı ulu öndər Heydər Əliyevin üzərinə qoymuşdu. Bu məsələdə xalqın bu arzusunun, istəyinin, müraciətinin gerçəkləşdirilməsində "Səs" qəzetinin xüsusi yeri, mövqeyi oldu. Ondan sonra çox ağır, çətin dövr başladı. Azərbaycanın xaosdan, anarxiyadan, qanunsuzluq burulğanından çıxarılması, ölkədə iqtisadi, siyasi islahatların keçirilməsi, anti-azərbaycançı qüvvələrlə, aqressiv, dağıdıcı, radikal müxalifətlə mübarizə çox böyük qüvvə, enerji, yaradıcılıq, jurnalist məharəti tələb edən məsələlər idi. Bu dövrün sınaqlarından "Səs" qəzeti, "Səs"çilər uğurla çıxdılar, özlərinin dövlətçiliyə sədaqətlərini, peşəkar qələmlərini nümayiş etdirdilər.

20 il müddətində qəzet inkişaf yolu keçib, daha da kamilləşib. Bu gün də "Səs" qəzeti yeni dövrün tələblərinə uyğun olaraq səmərəli fəaliyyət göstərir, dövlətçiliyimizə, Yeni Azərbaycan Partiyasına sədaqətlə, yüksək peşəkarlıqla xidmət edir. "Səs" qəzetində məni qane edən və fərqli cəhəti odur ki, qəzetin aydın, açıq, prinsipial mövqeyi var. O bir dəfə də olsun öz mövqeyindən, əqidəsindən dönməyib, dəyişməyib. "Səs" qəzeti tərəddüd keçirməyən bir orqandır. Təəssüf olsun ki, onun mövcud olduğu dövrdə Azərbaycanda bir çox mətbu orqanları, partiya qəzetləri var idi ki, onlar dəfələrlə mövqelərini, əqidələrini dəyişiblər. Bu fonda "Səs" qəzeti daim yüksəkdə durur.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:


- "Səs" qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan, zəngin inkişaf tarixi keçmiş bir qəzetdir. Müstəqil Azərbaycan mətbuatının formalaşmasında "Səs" qəzetinin xidmətləri danılmazdır və ölkə jurnalistikasının inkişafına xidmət göstərən bir qəzetdir. 20 illik fəaliyyəti dövründə daim milli mətbuat ənənələrimizə, milli dövlətçiliyimizə, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edən "Səs" qəzeti öz ətrafına çoxminli oxucu auditoriyası toplaya bilib. İstər müxalifətdə olduğu dövrdə istərsə də, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtidar qəzetinə çevrilməsinə baxmayaraq "Səs" qəzeti həmişə eyni maraqla, həvəslə oxunan qəzetlərimizdən biridir. Həm müxalifəti, həm də iqtidarı təmsil edərkən maraqla oxunmaq isə heç də hər bir qəzetə nəsib olan xoşbəxtlik deyil. Heç şübhəsiz ki, qəzetin bu gün maraqlı olmasında onun yaradıcı kollektivinin böyük xidmətləri olub.
Məlum olduğu kimi, "Səs" qəzeti ölkəmizin çox çətin bir şəraitində fəaliyyətə başlayıb. Ən azından, nəzərə almaq lazımdır ki, 1991-1993-cü illərdə söz demək, həqiqəti müdafiə etmək, ədalətin tərəfində durmaq, Heydər Əliyev tərəfkeşi olmaq az qalsın cinayət hesab olunurdu. Müəyyən qruplaşmalar var idi ki, Ulu öndəri müdafiə edənlər onlar tərəfindən təzyiqlərə məruz qalırdı. O dövrün mürəkkəb siyasi prosesləri içərisində "Səs" qəzeti cəsarətlə sözünü dedi, mövqeyini ortaya qoya bildi, daim ədalətin zəfər çalması uğrunda mübarizə apardı. Eyni zamanda, Azərbaycan xalqının düşmənlərə qarşı birləşməsində, birlik yaranmasında bu qəzetin də rolu böyük olmuşdur. Mən hesab edirəm ki, bu da Azərbaycan mətbuatı tarixində bir qəhrəmanlıq idi.
Bu qəzet mənə də çox doğmadır. Mən də özümü bu qəzetin yetirməsi hesab edirəm. O dövrdə mən də sevə-sevə öz yazılarımı "Səs" qəzetinə verirdim. Jurnalist kimi qələmimin püxtələşməsində, şəxsiyyət kimi yetişməyimdə, siyasi dünya görüşümün formalaşmasında bu qəzetin və onun ətrafında olan ideoloji mühitin böyük rolu olub.
Bu gün gözümüzü açıb hara baxsaq vaxtilə "Səs" qəzetində çalışan, təcrübə qazanan, Heydər Əliyevçilik, Azərbaycançılıq ideologiyasını mənimsəyən, ölkəmizin milli maraqlarına xidmət etməyi öyrənən jurnalistləri görmək mümkündür. Bu böyük bir ordudur.
Mən çox sevinirəm ki, "Səs" qəzeti işıq üzü gördüyü gündən bu günə qədər heç bir halda, heç bir məsələdə tərəddüd etməyib. Hər bir halda "Səs" qəzeti öz sözünü cəsarətlə deyib. Buna görə də, bu qəzet böyük hörmətə layiqdir. Çox sevinirəm ki, qəzet indiyə qədər inkişaf edib, bugünkü səviyyəyə çatıb. "Səs" İnformasiya Agentliyinin (SİA) simasında özünə qardaş qazanıb. Hesab edirəm ki, bu da qəzetin bir uğurudur. Mən "Yeni Azərbaycan" qəzetinin kollektivi adından "Səs" qəzetinin işıq üzü görməsində vaxtilə və indi də böyük zəhmət çəkən insanları qəzetin 20 illik yubileyi münasibətilə təbrik edirəm, gələcəkdə daha böyük uğurlar qazanmasını arzu edirəm.

"Səs" İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev:


- "Səs" qəzeti müstəqil Azərbaycanın klassik mətbuatının nümayəndələrindən biridir. "Səs" qəzeti Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin siyasiləşmiş mətbuatdan kənar, sırf mətbuat dili ilə yazan qəzet olub. Onun ilk nəşr olunduğu dövrlərdə vəziyyət çox çətin idi. Azərbaycana qarşı artan təzyiqlər, müxtəlif tərəflərdən yönələn hücumlar xalqın birliyini artırsa da, o vaxtkı hakimiyyət əksinə antimilli mövqe tutmuşdu. Bir sözlə xalqla hakimiyyət arasında münasibətlər getdikcə dərinləşirdi. O zaman Azərbaycanda mətbuatın bir hissəsi siyasiləşmişdisə, digərləri hakimiyyətin tam nəzarəti altında idi. Ölkədə nə baş verirdisə, heç kimə çatdırılmır, xəbər verilmirdi. Bütün bu boşluqları doldurmaq üçün "Səs" qəzeti bütün yükü öz üzərinə götürdü. Azərbaycanda toplanan xəbərlərin 40-50 faizi "Səs" qəzetində dərc olunurdu. Həmin dövrdə "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi nəşr olunan "Səs" qəzetinin fəaliyyətə başlaması sərəhədyanı bölgələrdə baş verən hadisələrin xalqa çatdırılmasında mühüm rol oynadı. Çünki o dövrün əksər mətbuatı sərhədyanı ərazilərdə, bölgələrdə baş verən hadisələri yayımlamada xəsislik edirdilər. Halbuki paytaxtda baş verənlərdən fərqli olaraq regionlarda hadisələr tamamilə başqa məcrada inkişaf edirdi. Oradan gələn xəbərlər isə xalqa təhrif olunmuş şəkildə çatdırılırdı. Ətrafda baş verənləri hakimiyyət bilərəkdən gizlətməyə çalışırdı. Amma "Səs" qəzeti həmin hadisələri olduğu kimi çatdırırdı.

O dövrdə Azərbaycanda nələrin baş verdiyini öyrənməyə çalışanlar təsəllini "Səs" də tapırdılar. "Səs" qəzetinin o dövrdə 17 min tirajla, bəzən isə 30-35 min tirajla yayımlandığını deyirlər. Bu Azərbaycan mətbuatının indiki dövrü üçün əlçatmaz bir göstəricidir. Müstəqilliyimizdən yaşlı olan bir qəzetin 20 il yol qət edərək indiki səviyyəyə qədər gəlib çıxması və öz aktuallığını itirməməsinin özü də böyük uğurdur.
O dövrdə bir çox qəzetlər mövcud olub ki, həmin qəzetlər indi arxivin bir küncünə atılıblar. Lakin bu qəzet 20 ildir ki, yaşayır. "Səs" qəzeti yarandığı ilk gündən bu günə qədər mövqeyini dəyişməyib.

Biz də "Səs" qəzetinin bazasında yaranan SİA, "SiaSport" İdman Agentliyi və "Səs TV" internet televiziya olaraq qəzetin araya ərsəyə gəlməsində misilsiz xidmətləri olanları 20 illik yubiley münasibətilə təbrik edirik, dövlətçilik, azərbaycançılıq uğrunda apardıqları müqəddəs mübarizədə başarılar diləyirik. Arzu edirik ki, "Səs" qəzetinin səsi daima ucadan gəlsin. Qəzetin ərsəyə gəlməsində, inkişafında əməyi olan insanlara minnətdarlığımızı bildirik və arzu edirik ki, bundan sonra da qəzetinin uğurlarında pay sahibi olsunlar, məsləhətlərini əsirgəməsinlər.

Qeyd edək ki, "Səs"qəzeti 1990-cı ildə qeydiyyatdan keçib, 1991-ci ilin 11 yanvar tarixində Azərbaycan "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə