"Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq, ətraf mühiti çirkləndirir. Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik. Bir daha qeyd edirəm ki, polietilen torbaların pullu olmasını isə dəstəkləyirik". Bunu SİA-ya açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
İ.İbrahimova bildirib ki, marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür: "Alıcılar da pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də, sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Mənimlə yəqin razılaşarsınız ki, bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır".
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb: "Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir".
ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB