Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən şəxslərlə görüş keçirilib

Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən şəxslərlə görüş keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olublar. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müvəkkilin nümayəndələri aclıq aksiyası keçirən Fuad Hüseynov və Rasim Ramazanovla görüşüb, onlarla təkbətək söhbət aparıb, problemlərini öyrəniblər.

F.Hüseynov və R.Ramazanov bu müəssisədə saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayətlərinin olmadığını söyləyiblər. Söhbət zamanı həmin şəxslər aclıq aksiyasına səbəb kimi, barələrində istintaqın və məhkəmə prosesinin qeyri-obyektiv aparılmasını göstəriblər.

Ombudsmanın səlahiyyətləri aksiya iştirakçılarına izah olunub, onlara aclığı dayandırmaq tövsiyə edilib. Aksiya keçirən məhkumların səhhətinin həkimlərin nəzarəti altında olduğu müəyyən edilib. Aparatın əməkdaşları müəssisənin rəisi və baş həkimi ilə söhbət edib, aksiya keçirənlərin səhhətinin nəzarətdə saxlanmasını tövsiyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə