Son illər hava şəraitində tez-tez dəyişikliklərin baş verdiyini müşahidə edirik. Xarici mühit amillərinin davamlı dəyişməsinin insan orqanizminə təsirsiz ötüşmədiyini nəzərə alsaq, havaların kəskin dəyişməsi insan sağlamlığında da fəsadlar yaradır. Azərbaycanda son illər ilin istənilən fəslində hava şəraitinin normadan kənara çıxdığının, daha dəqiq desək kəskin şəkildə dəyişdiyinin şahidi oluruq. Əgər əvvəllər hava şəraiti daha çox payız və yaz fəsillərində dəyişirdisə, indi artıq bunu digər fəsillərdə hiss edir, hətta fəsadlarını yaşayırıq deyə bilərik.
Bəs görəsən hava şəraitində baş verən dəyişikliklərin səbəbi nədir? Dəyişik hava insan sağlamlığında hansı fəsadlar yaradır?
Dəyişikliklərin səbəblərini saytımıza açıqlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova söyləyib ki, əvvəlki illərə nəzər salsaq yanvar ayında hava bir qədər dəyişkənlik müşahidə olunub:
“Yanvar qış ayı və builki qış fəslinin mülayim keçməsinə baxmayaraq bəzi günlərdə havanın şaxtalı və soyuq olması istisna edilmir. Arktik hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində Azərbaycanda hava şəraiti dəyişir, soyuq, küləkli bəzi bölgələrdə qarlı hava şəraiti müşahidə olunur”.
Onun sözlərinə görə, hazırda paytaxtda yağışlı hava şəraiti müşahidə olunsa da, bölgələrdə, əsasən də dağlıq ərazilərə qar yağır: “Havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından 1-2 dərəcə yüksəkdir”.
“İqlim dəyişmələri Azərbaycana da təsirsiz ötüşmür”
Son illər iqlim dəyişmələrinin müşahidə olunduğunu deyən G.Məmmədova vurğulayıb ki, bu dəyişmələrin fəsadları bütün dünyada, eləcə də Azərbaycanda da hiss olunmaqdadır: “Qarşıda fevral ayı olsa da, hazırda qış fəsli mülayim keçir. Bu daha çox paytaxta aiddir. Belə ki, paytaxtda yağıntı yağış şəklindədir, amma bölgələrimizdə qar müşahidə olunmaqdadır. Bundan əvvəlki illərdə də qış fəslində paytaxta qar yağmadığını, mülayim qış fəslini müşahidə etmişik. Lakin elə illər də olub ki, yanvar ayında kəskin soyuq olub”.
“Hava şəraitində ciddi bir dəyişikliklər gözlənilmir”
Yaxın iki gündə hava şəraitində ciddi bir dəyişikliklərin gözlənilmədiyini deyən Proqnozlar Bürosunun direktoru qeyd edib ki, temperatur iqlim normasına yaxın bəzi günlərdə isə normadan 1-2 dərəcə yüksək olacaq: “Yanvarın 30 və 31-də yağmursuz hava şəraiti olsa da, səhər saatlarında zəif duman və çiskin olacağı istisna edilmir”.
Dəyişkən hava şəraitinin meteohəssas insanlara təsiri?
G.Məmmədova dəyişkən hava şəraitinin meteohəssas insanlara təsirindən də söz açıb. Qeyd edib ki, bu, gün ərzində şimal-qərb küləyinin güclənməsi atmosfer təzyiqinin yüksəlməsi və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər: “Güclü küləklər ürək-damar xəstəliyindən əziyyət çəkənlərə öz təsirini göstərməkdədir ”.
“Havaların dəyişməsi infeksiyalara yoluxma ehtimalını artırır”
İqlim dəyişmələrinin insan sağlamlığında yaratdığı fəsadlar haqqında məlumat verən Səhiyyə Nazirliyinin baş infeksionisti, Azərbaycan Tibb Universitetinin dosenti Cəlal İsayev deyib ki, havanın kəskin dəyişməsi bütün insanlara təsir göstərsə də, bundan ən çox ürək, qan-damar xəstəliklərindən əziyyət çəkənlərdə narahatlıq yaradır.
Onun sözlərinə görə, hər kəs havaların dəyişməsinə hazır olmalıdırlar: “Xüsusilə də qış mövsümündə buna diqqət etməli, geyimimizə fikir verərək özümüzü soyuqdan qorumalıyıq. Çünki soyuqdəymə orqanizmin zəifləməsinə səbəb olur və nəticədə bir çox, xüsusilə də hava damcı yolu ilə yayılan infeksiyalara yoluxma ehtimalı artır. Bura qrip, para qrip, Adena, Rino virusu və digərləri daxildir. 200-dən artıq virus növü var ki, onların hər biri zökəm əlamətləri ilə gedir, qripəbənzər sindroma malik olaraq xəstəlik törədir. Havanın dəyişməsi bu cür xəstəliklərin sayının artmasına səbəb olur.
“Xroniki xəstəliklər ağırlaşa bilər”
Baş infeksionist vurğulayıb ki, havanın dəyişməsi orqanizmin ümumi zəifləməsinə gətirib çıxarır ki, bu da nəticə etibarı ilə bir sıra bakterial infeksiyaların baş qaldırmasına səbəb ola bilər: “Xroniki xəstəliklərimiz varsa, onlar belə hava şəraitində daha da ağırlaşa bilər. Hava dəyişməsi bütün hallarda insan orqanizminə səbəb olan faktorlardan biridir”.
C.İsayev qeyd edib ki, insanlar dəyişkən hava şəraitinə hazırlıqlı olmaq üçün ilk növbədə immun sistemlərini möhkəmləndirməlidirlər: “İmmun sistemini gücləndirmək üçün düzgün qidalanmaya xüsusi fikir verilməlidir. Qidalarımız tam keyfiyyətli, təmiz olmalı, müxtəlif qatqılar olan qidalar qəbul edilməməlidir. Vitaminlərə, zəngin minerallara, ən əsası da meyvə və tərəvəz üstünlük verməliyik. Vətəndaşlarımız vaxtında qidalanmaya fikir verməlidirlər. Digər tərəfdən açıq havada çox, fiziki cəhətdən aktiv olmalıyıq. İdmanla məşğul ola bilmiriksə, o zaman təmiz havada gəzmək şərtdir. Yuxumuz normal olmalıdır. Yuxu normal olarsa, immun sistemimiz daha da qüdrətli olar. Nəhayət stresslərdən uzaq olmalıyıq. Xroniki xəstəliyi olanlar dəyişkən hava şəraitində daha çox diqqətli olmalıdırlar. Çünki onlarda orqanizm daha zəif olur belə hallar orqanizmin daha zəifləməsinə gətirib çıxara bilir. Yaşlı insanlar, hamilə qadınlar o cümlədən körpələrin qidalanmasına xüsusi fikir verilməlidir”.
Hava şəraiti insan psixologiyasına necə təsir göstərir?
Hava şəraitinin insan psixologiyasına təsirini açıqlayan psixoloq Vəfa Əkbər bildirib ki, elə insanlar var ki, onlar hava şəraitindən və fəsildən asılıdırlar: “Elə insanlar var ki, yağışlı hava onlarda depressiv vəziyyət yaradır, günəşli havada isə əksinə daha yüksək əhval-ruhiyyədə olurlar. Belə vəziyyət daha çox həssas və ya temperament olaraq melanxolik insanlarda müşahidə etmək mümkündür”.
Psixoloqun sözlərinə görə, havanın dəyişməsindən təsir altına düşən insanlar düşdükləri mühitin təsirinə də tez düşə bilirlər: “Belə şəxslər bir neçə həftəlik mühitlərini dəyişdikdə belə həmin mühitin xüsusiyyətlərini özlərinə götürə bilirlər. Misal üçün ləhcə, danışıq tərzlərini düşdükləri mühitə uyğunlaşdırırlar. Havadan, hadisələrdən asılı olan şəxslərə konformist insanlar deyilir”.
V.Əkbər qeyd edib ki, özlərini kontrol etməyi bacaran insanlar üçün hava dəyişkənliyinin heç bir fərqi yoxdur: “ Çünki, onlar özlərini kontrol etməyi, fikirlərini dağıda bilirlər. Amma həssas insanların nə qədər məşğuliyyətləri olsa da, onlar duyğularının qurbanı olurlar. Çiskinli, tutqun yağışlı hava həssas insanlarda mənfi əhval-ruhiyyə yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB