Prezident İlham Əliyev yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
Qeyd edək ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir.
Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır (04.07.1994).
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB