Daşaltı əməliyyatının iştirakçılarından olan şəhid Vüqar Qasımovun atası Firudin Qasımov da yanvarın 28-də Prezident Sarayında şəhid ailələrinin nümayəndələri ilə görüşdə iştirak edib. Şəhid atası söhbətində deyib ki, görüşdə dövlət başçısı şəhidlərimizə Allahdan rəhmət dilədi, onların müqəddəs Vətən torpağı uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi: "Prezident qeyd etdi ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Dövlətimizin başçısı vaxtilə müavinət almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını söylədi. Mənə elə gəlir ki, bu, çox böyük humanist addımdır və şəhidlərimizə, onların müqəddəs ruhuna göstərilən çox böyük diqqət və qayğının dövlət səviyyəsində daha bir ifadəsidir”.
Prezident birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartı şəxsən təqdim etdiyi Firudin Qasımov daha sonra əlavə edib: “Göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmiz adından minnətdarlığımı bildirirəm. O gün olsun ki, Qarabağ torpağı düşmən işğalından azad edilsin və övladlarımızın qanı tökülən torpaqlarda onların arzularının həyata keçdiyini gözlərimizlə görüb, sinə dolusu nəfəs alaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB