“Lələtəpədə dastan yazanlar” filminin təqdimatı olub FOTO-VİDEO

“Lələtəpədə dastan yazanlar” filminin təqdimatı olub FOTO-VİDEO

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Lələtəpədə dastan yazanlar” layihəsi çərçivəsində hazırlanan “Lələtəpədə dastan yazanlar” filminin təqdimat mərasimi keçirilib. Bakı şəhəri şəhid Etibar Əliyevin adını daşıyan 162 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə təhsil ocağının müəllim və şagird kollektivi, QHT rəhbərləri və media nümayəndələri iştirak ediblər. Əvvəlcə Səs Televiziyasında istehsal olunan film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən ekran əsərinin rejissoru Cabir Məmmədov bildirib ki, layihənin rəhbəri Könül İsmayılzadədir. Film Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində hazırlanıb. Filmdə 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Elvin Namazov və Mühüd Orucovun həyat və döyüş yolundan bəhs olunur.

Tədbirdə 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova, “Erməni təcavüzünün tanıdılması” İB-nin sədri, tədqiqatçı-jurnalist Səriyyə Müslümqızı, məktəbin müəllimləri Rəfiqə Nəcəfova, Vüsal Əliyev çıxış ediblər. Qeyd olunub ki, bu cür layihələrin həyata keçirilməsi, filmlərin çəkilməsi şəhidlərimizin cəmiyyətə, xüsusilə yeniyetmə və gənclərə tanıdılması baxımından çox önəmlidir.

Eyni zamanda Azərbaycan Respublikasının Gənclər Fondunun ünvanına bu kimi layihələrə göstərdiyi dəstəyə, gənclərə yaratdığı şəraitə görə, minnətdarlıq ifadə olunub.

Sonda layihə rəhbəri və filimin yaradıcı heyəti adından məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə filmin təqdimatında, tədbirin təşkil edilməsində göstərilən dəstəyə görə təşəkkür edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə