Milli atçılıq idmanı tarixinə növbəti töhfə FOTOLAR

Milli atçılıq idmanı tarixinə növbəti töhfə FOTOLAR

Yanvar ayının 26-da və 27-də İsveçrənin Sankt Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.MORITZ” dünya kuboku turnirinin həlledici oyunları keçirilib. Atçılıq Federasiyasının Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizi bu turnirdə təmsil edən “Land of Fire” komandası turnirdə keçirdiyi 3 oyundan ikisində qalib gəlmiş, son oyunda turnirin 13 qat çempionu “Cartier” komandası ilə növbəti dəfə qarşılaşmış, 5:0 hesabı ilə qalib gələrək turnitin 3-cüsü olub. Bununla da komandamız Avropa polo meydanlarında Azərbaycan idmançılarının qələbə müjdəli möhtəşəm çıxışlarını davam etdirmiş və milli atçılıq idmanı tarixinə növbəti töhfəsini verib.

Belə ki, 27 yanvar tarixində 3-cü yer uğrunda oyunda “Land of Fire” komandası hələ bir neçə gün öncə turnirin şərtsiz favoriti sayılan “Cartier” komandası ilə ikinci dəfə qarşılaşıb. İdmançılarımızın düzgün taktiki komanda oyunu və konkret epizodlarda nümayiş etdirdikləri fərdi məharət nümunələri tamaşaçıların zövqünü oxşamış, rəqib komandanın qapısına 5 cavabsız top vurulmuş, qolların hər biri aparıcı tərəfindən “Evləri var xana-xana” xalq mahnısının sədaları ilə qeyd olunmuşdur. Oyun 5:0 hesablı qələbəmiz ilə başa çatmış və Azərbaycanın “Land of Fire” komandası turnirdə 3-cü yeri tutub. İsveçrənin ən məşhur qış kurortlarından biri olan Sankt Moritz şəhərində ənənəvi olaraq 35-ci dəfə təşkil olunan bu dünya kuboku turniri həm də milli mədəniyyətimizin, qədim tariximizin və müasir inkişafımızın təbliği, ölkəmizin turizm potensialının tanıdılması üçün də xüsusilə əlamətdar olub. Azərbaycan Respublikasının əməkdar məşqçisi Azər Həmzəyevin və əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi altında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin və rəqs ansamblının ifasında əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Odlar Yurdu – Azərbaycan” adlı şou-kompozisiya turnir boyu hər gün tamaşaçıların diqqətinə təqdim olunmuş, Qarabağ atları üzərində süvarilərimizin inanılmaz və möhtəşəm çıxışları, rəqqaslarımızın heyranedici rəqsləri böyük çoşqu ilə qarşılanıb.

Turnir çərçivəsində Azərbaycan pavilyonu da tamaçıların və idmançıların böyük marağına səbəb olmuş, pavilyonda yarış iştirakçıları və çoxsaylı qonaqlar Azərbaycanın atçılıq ənənələri, qədim tarixi, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olubar. Tanınmış mədəniyyət xadimi Yaşar Baxışın rəhbərliyi altında musiqiçilərimizin ifasında həzin milli musiqi nümunələri, populyar klassik melodiyalar ilə Azərbaycan musiqisinin sintezindən ibarət olan unikal əsərlər ziyarətçilərin xüsusi marağına səbəb olub.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş “Azerbaijan – Take another look” pavilyonunda ziyarətçilərin ölkəmizi canlı izləməyi üçün unikal imkan yaradılıb. Belə ki, VR texnologiyası sayəsində hər kəs Azərbaycanın gözəlliyi ilə tanış olmaq fürsəti əldə edib. Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri, xalçalar, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi qonaqların diqqətini cəlb edib. Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz böyük diqqətə səbəb olmuş, tamaşaçılar rəqqaslarımızla birgə yallı gedərək rəqs ediblər. Pavilyonu ziyarət edən hər kəsə Azərbaycan barədə yeni çap olunmuş broşürlər təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə