"Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” TƏDBİR-YENİLƏNİB

"Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” TƏDBİR-YENİLƏNİB

Bu gün “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, layihə çərçivəsində benefisiar qurum Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Litva tərəfindən layihə tərəfdaşları isə Litva Respublikası Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi olub.

Layihənin əsas məqsədi Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarını və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin mövcud alətləri təkmilləşdirməkdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə öz çıxışında qeyd edib ki, layihə çərçivəsində litvalı həmkarlarımızla birgə bir çox yerli təşkilatlarla mühüm işlər görülüb, onlar üçün treninqlər keçirilib, vəzifələrin təsnifat sisteminin təkmilləşdirilməsi, dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsi, fəaliyyətin qiymətləndirilməsi, əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə təkliflər irəli sürülüb və fikrimcə, kifayət qədər müsbət nəticələr əldə edilib. Sədr bildirib ki, bu layihə çərçivəsində bir çox praktik nəticələr də əldə edilib. Misal üçün, xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində təqdim olunan yeni yanaşmalar çox müsbət qarşılanıb. Həmçinin layihənin hər bir komponenti üzrə ekspertlər tərəfindən zəruri tövsiyələr verilib və gələcək üstünlüklər barədə geniş izahat işləri aparılıb. Sahənin hərəkətverici qüvvəsi hesab olunan bir komponent – mükafatlandırma sistemi ilə bağlı 14 ekspert missiyası və 1 təlim səfəri baş tutub. Mükafatlandırma sistemi haqqında qanun layihəsinin işlənib hazırlanması ilə bağlı müqayisəli araşdırmalar və müxtəlif hesablamaların dəqiq təhlili aparılıb və hazırda bu qanun artıq qəbul olunmaq mərhələsindədir.

Litva tərəfindən layihə rəhbəri olan cənab Alminas Maciulis layihənin Tvinninq müqaviləsində nəzərdə tutulan əsas nəticələrinin əldə olunmasından məmnunluq duyduğunu və layihə dövründə həyata keçirilən təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu bildirib. O, qeyd edib ki, 2019-2025-ci illər üzrə Azərbaycan Respublikasında Dövlət Qulluğunun İnkişafına dair Strategiyanın 2018-ci ilin noyabrında qəbul edilməsi dövlət qulluğunun daha da inkişafı baxımından olduqca əhəmiyyətli hadisədir. Cənab Maciulis gələcəkdə də Litvanın Azərbaycanla sıx əlaqələr qurmağa hazır olduğunu və 2019-cu ildə Azərbaycan - Litva diplomatik əlaqələrinin 100 illiyinin qeyd olunacağını vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas tədbirdə çıxış edərək layihə çərçivəsində həyata keçirilən tədbirləri və aparılan islahatları müsbət qiymətləndirib və Avropa İttifaqının bu sahədə fəaliyyətə və həyata keçirilən islahatlara dəstək göstərməyə daim hazır olduğunu bildirib.

Layihənin Azərbaycandakı Rezident Tvinninq müşaviri cənab Edvardas Jukauskas Layihənin iki il ərzində əldə etdiyi nəticələr barədə təqdimatla çıxış edərək onun 4 əsas istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib: dövlət qulluğu vəzifələrinin məzmun yönümlü qruplaşdırılması, dövlət qulluğuna işə qəbulda yeni seçim metodlarının təklifi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və əmək haqqı sistemi üzrə təkliflər. O bildirib ki, bütün adıçəkilən istiqamətləri əlaqələndirə biləcək universal həll yolu kompetensiyaya əsaslanan İnsan Resurslarının İdarəetmə (İRİ) modelinin tətbiqidir və artıq bu ideya Azərbaycanın Dövlət Qulluğunun İnkişaf Strategiyasında öz əksini tapıb.

Dövlət qulluğu vəzifələrinin yeni təsnifatı ilə bağlı həyata keçirilən işlər barədə danışan cənab Jukauskas oxşar vəzifələr üçün tələb olunan bilik və bacarıqların ümumiləşdirilməsi və dövlət səviyyəsində İRİ-ni asanlaşdırmağa yardım edən standart vəzifə profillərinin və bilik, bacarıqlar sisteminin yaradıldığını qeyd edib. Layihənin ikinci komponenti olan dövlət qulluğuna qəbul prosesinin təkmilləşdirməsi ilə bağlı o, təklif olunan əsas ideyanın seçim prosesində namizədin biliyinin yoxlanılması dərəcəsinin azaldılaraq, daha çox onların bilik və bacarıqlarının, potensialının yoxlanılmasına diqqət yönəldilməsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, dövlət qulluğuna gənclərin qəbulu vətəndaşların dövlət qulluğuna qəbul prosesinin şəffaflığına olan inamını artırır.

Deputat qeyd edib ki, dövlət qulluğu ilə bağlı əsas məsələlər qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, 2016-cı il 31 may tarixində "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklər kifayət qədər mütərəqqi idi: "Amma indi qarşıya qoyulan yeni məsələlər mövcuddur. Mövcud bir sıra problemlərin qanunvericilik yolu ilə həlli ilə bağlı tövsiyələr verilib. Hazırda komitəmizdə bu iş həyata keçirilir. Bu işi Dövlət Imtahan Mərkəzinin hüquqşünasları ilə birlikdə icra edəcəyik".

Bağlanış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli bildirib ki, dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb: "Buna uyğun olaraq yeni yanaşma müəyyən edilib. Birincisi özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırma nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır".

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə artıq 2 ildən çoxdur ki, Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə