"Dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq"

"Dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq"

"Bu günlərdə dövlət idarəetmə sistemində start verilmiş struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir. Bu isə, öz növbəsində, 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)" uyğunluq təşkil edir". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı Tvininq layihəsinin bağlanış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur: "Qeyd etməliyəm ki, strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında icraçı təşkilat kimi ən çox tapşırıq üzrə (40-a yaxın) adı qeyd olunmuş qurum Dövlət İmtahan Mərkəzidir. Hazırki Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınmış və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilmişdir. Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq. Fikrimcə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə