“Hal-hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir”
"Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərdə saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Qurumun mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənovun SİA-ya verdiyi xəbərə görə, cari ilin ilk monitorinqinə bu gün, yəni yanvarın 10-da start verilib. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də "Ovçular və balıqçılar" Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Bu nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Eləcə də monitorinq müddətində ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan nümunələrin götürülməsi nəzərdə tutulur. Köçəri və ev quşlarından götürülcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr yanvarın 22-də ictimaiyyət üçün açıqlanacaqdır.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin "Qaynar xətt"inə (Tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar, o cümlədən quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Dövlət Baytarlıq Xidməti bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır. Onu da xatırladır ki, ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında uçotda olan baytarlıq nəzarəti obyektlərindən baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədlər ilə müşayiət edilən quş əti və onun məhsulları istisna olunur. Dövlət
Baytarlıq Xidməti xüsusi olaraq vurğulayır ki, hal-hazırda "quş qripi" xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB