Məzarı tapılmayan azadlıq və repressiya qurbanlarının siyahısı hazırlanıb
AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahıları" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq, rəhbərlik etdiyi müəssisə tərəfindən azadlıq və repressiya qurbanlarının siyahısının hazırlandığını söyləyib.
O, hazırlanmış siyahının elektron kataloqa salındığını və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini diqqətə çatdırıb. Siyahının hazırda açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin nəzərdə tutulduğunu deyən L.İmanova ictimaiyyəti, xüsusilə, Türkiyə və İranda təhsil alan həmyerlilərimizi bu məsələdə MEK-ə dəstək verməyə çağırıb.
Tədbir MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova hazırlanmış siyahıya dair təqdimatla çıxış edib. O, bolşeviklərin Azərbaycanda hakimiyyətinin ilk illərində insanların təqib və böhtanlara məruz qaldığını, AXC-nin yaradılmasında iştirak etmiş insanların repressiya qurbanlarına çevrildiyini, ziyalı, hərbçi və s. xadimlərinin Sibirə, Qazaxıstana, o cümlədən, digər yerlərə sürgün edildiyini, onların dəfn yerlərinin ictimaiyyətə məlum olmadığını vurğulayıb. Bölmə rəhbəri, bunu nəzərə alaraq, tədqiqatçıların yazılarından istifadə etməklə, həmin insanlar haqqında "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı"nın hazırlandığını diqqətə çatdırıb. O, 546 nəfərlik siyahıda AXC dövründə təhsil almağa göndərilən tələbələr barədə məlumatların da yer aldığını və siyahının gələcəkdə genişləndiriləcəyini deyib.
Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və digərləri çıxış edərək, MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, AXC mühacirləri ilə bağlı tədqiqatların aparılmasının, onların siyahıya daxil edilməsinin önəmini vurğulayıblar.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB