Komitə rəsmisi: “Gələcək 2-3 il müddətinə ölkədəki fin qəsəbələri tamamilə ləğv olunacaq”-MÜSAHİBƏ
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun SİA-ya müsahibəsi:
- Ötən il qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində nə kimi işlər görüldü və hansı nəticələr əldə olundu?
- Ötən il cənab Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məşiət şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Dövlət başçısının imzaladığı Dövlət Proqramının icrasına uyğun olaraq Yevlax şəhərində 615 ailəlik 15 mərtəbəli bina tikilib istifadəyə verilib. Prezident özü də həmin qəsəbənin açılışında iştirak edib. Bundan əlavə, Ağdam rayonunda 689 ailəlik qəsəbənin açılışı olub. Dövlət başçısı Füzuli rayonunda Olimpia İdman Kompleksinin açılışında iştirak edib.
Bununla yanaşı, Qəbələ rayonunda 40 ailəlik bina tikilərək məcburi köçkünlərin istifadəsinə verilib. Qaçqın və məcburi köçkünlər üçün 164 nəfərlik 2 beşmərtəbəli bina Qəbələ rayonunda tikilib. Naftalanda isə 164 ailəlik 2 beşmərtəbəli bina tikilərək tam başa çatıb. Bu yaxınlarda məcburi köçkünlərin həmin binalara köçürülməsinə başlanacaq.
Ağcabədi, Mingəçevirdə əlavə torpaq sahələri ayrılıb və bu il orada yeni evlərin, qəsəbələrin tikintisinə başlanacaq. 2010-cu ildə məcburi köçkün və qaçqınların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Ümumilikdə isə bu günə qədər 100 min məcburi köçkün ailəsi yeni evlərə köçürülüb və onlar üçün 67 yeni qəsəbə tikilib.
- Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı fin qəsəbələrinin ləğvi istiqamətində işlər hansı səviyyədədir?
- Hazırda bu işlərə başlanıb və bunun üçün lazımi torpaq sahələri ayrılıb. Artıq ötən il Yevlaxda, Goranboyda, Ağdamda fin qəsəbələri ləğv olundu. İşlər bu gün də davam etdirilir və müəyyən müddət ərzində ölkə ərazisində fin qəsəbələri tamamilə ləğv olunacaq. Təxminən gələcək 2-3 il müddətinə fin qəsəbələrinin tamamilə ləğv olunması nəzərdə tutulur. Cari il də fin qəsəbələrinin ləğvi istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulub. Belə ki, Ağcabədinin Taxtakörpü ərazisində olan məcburi köçkünlər üçün fin tipli qəsəbə ləğv olunacaq və onlar üçün yeni tipli evlər tikləcək. Bundan əlavə, Mingəçevir və Bakı şəhərində də fin qəsəbələrinin ləğvi və qaçqın, məcburi köçkünlərin yeni evlərə köçürülməsi gözlənilir.
- Qaçqın və məcburi köçkünlərin universitetlərin tələbə yataqxanalarından köçürülməsinə nə zamandan başlanılacaq və bu proses necə həyata keçiriləcək?
- Təbii ki, qaçqın və məcburi köçkünlərin universitetlərin tələbə yataqxanalarından köçürülməsi istiqamətində mövcud olan bütün problemlər öz həllini tapıb. Artıq onların yeni evlərə köçürülməsi üçün Masazır qəsəbəsində 12 hektar torpaq sahəsi ayrılıb. Bu il ilkin olaraq Bakı Dövət Universitetində məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Hazırda Bakının 60 yataqxanasında 6 100 ailə - 24 min məcburi köçkün yaşayır. Bundan əlavə, pansionat və sanatoriyalarda müvəqqəti olaraq 2 836 ailə - 10 min məcburi köçkün məskunlaşıb. Müəyyən müddətdən sonra həmin qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrə, yeni evlərə köçürülməsi həyata keçiriləcək.
- Cari il ərzində qaçqın və məcburi köçünlərə verilən müavinətlərin və ya çörək pulların artırılması gözlənilirmi?
- Bildiyiniz kimi, Nazirlər Kabineti məcburi köçkünlərə "çörəkpulu" adlanan aylıq müavinətlərin verilməsi ilə bağlı qərarda bir sıra dəyişikliklər edib. Yeni qərara əsasən, hərbi qulluqçulara, valideynlərindən sadəcə biri məcburi köçkün olanlara, dövlət qulluğunda çalışan şəxslərə müavinətlərin ödənilməsi dayandırılacaq. Sözügedən dəyişikliyə müvafiq olaraq müəyyən olumuş şəxslərə "çörəkpulu" verilməyəcək, əvəzində bu pul daha çox ehtiyacı olan şəxslərə ödəniləcək.
Ancaq qeyd edim ki, qaçqın və məcburi köçünlərə verilən müavinətlərin və ya çörək pulların artırılması cənab prezidentin səlahiyyətində olan məsələdir. Ona görə də hər an hər şey ola bilər. Hələ ki, bu məsələ gündəmdə deyil, ancaq ola bilsin ki, il ərzində bu istiqamətdə hansısa işlər görülsün.
- Bu il qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həll olunması istiqamətində hansı yeniliklər həyata keçiriləcək?
- Cari il bu sahədə elə də ciddi bir yenilik yoxdur. Sadəcə olaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılacaq, yeni qəsəbələr tikiləcək. Amma bütün bunlar imtiyazlar saxlanmaq şərtilə həyata keçiriləcək. Bu il nə qədər evlərin, yeni qəsəbələrin tikiləcəyi ilə bağlı konkret rəqəmlər yoxdur. Ancaq hazırda işlər gedir. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisi Ağcəbədi, Mingəçevir və Bakı şəhərlərini əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB