Daşkəsən rayonu inkişaf yolunda

Rayonda 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Bu gün Daşkəsən rayonunda 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon sakinlərinin iştirak etdiyi tədbirdə Daşkəsən rayon inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edərək, 2018-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu söyləyib. Bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin nəticəsi olaraq, ölkəmizin ictimai - sosial - iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub. N.Vəliyev, onu da vurğulayıb ki, 2018-ci ildə Daşkəsən şəhəri ərazisində də abadlıq və quruculuq işləri aparılıb: "Heydər Əliyev prospektində maşınların və sakinlərin təhlükəsizliyini nəzərə alınaraq, rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə istinad divarları bəzək daşları ilə üzlənmiş və səkilərin müasir qaydada tikintisi başa çatdırılmış, şəhərin girəcəyinin görünüşünü tamamilə gözəlləşdirmişdir.

Hesabat dövrü ərzində rayon nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görülübdür. Nümayəndəliyin Mədənçilər və Alunitdağ qəsəbələrində təmizlik-sanitariya işləri aparılaraq, zibil qutuları ilə təmin edilib və gündəlik zibil tullantılarının daşınması təşkil olunubdur.

Yığıncaqda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, ölkəmizdə gedən bütün bu uğurlu inkişafın, nailiyyətlərin ilham mənbəyi, məhz Ulu Öndər Heydər Əliyevin uzun illərə hesablanmış müdrik siyasətinin nəticəsidir: "Azərbaycan xalqı, bu mənada, xoşbəxt xalqdır ki, onun dünya şöhrətli Cənab İlham Əliyev kimi qurucu, yaradıcı və beynəlxalq aləmdə öz nüfuzu ilə seçilən Prezidenti vardır. Azərbaycanı və eləcə də, ölkəmizin bütün regionlarını xoş gələcək gözləyir".

Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə