Bakıda ilk dəfə para-cüdo idman növü üzrə “Qran-pri” yarışı olacaq - ÖZƏL

Bakıda ilk dəfə para-cüdo idman növü üzrə “Qran-pri” yarışı olacaq - ÖZƏL

İctimai Televiziya Bakıda keçiriləcək cüdoüzrə paralimpiya yarışlarının rəsmi tərəfdaşı olacaq. SİA-nın məlumatına görə, bu günlərdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) Prezidenti İlqar Rəhimovla İctimai Televiziyanın Baş Direktoru Balakişi Qasımov arasında görüş keçirilib.

Görüş zamanı İlqar Rəhimov Azərbaycanda Paralimpiya Hərəkatı və bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib. O, qeyd edib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud olan insanların idmanla məşğul olması, yerli və beynəlxalq yarışlara qatılması üçün şərait yaradılıb: "Minlərlə vətəndaşımız Paralimpiya Hərəkatına qoşulub, ən mötəbər beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırırlar.
Belə beynəlxalq yarışlardan biri də may ayında Bakı şəhərində keçiriləcək. 13-14 may tarixlərində Bakı şəhərində para - cüdo idman növü üzrə “Qran - pri” yarışı olacaq. Şəhərimizdə ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək".

İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov da öz növbəsində Azərbaycanda Paralimpiya Hərəkatını izlədiyini qeyd edib, azərbaycanlı idmançıların uğurlarından söz açıb. O, bildirib ki, İctimai Televiziya Azərbaycanda sosial layihələrə hər zaman diqqətlə yanaşır. Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən bütün işləri dəstəkləyir.

Görüşün sonunda İctimai Televiziya ilə ARMPK əməkdaşlıq memorandumunun imzalanması barədə ilkin razılıq əldə edilib. Əməkdaşlıq çərçivəsində İctimai Televiziya Bakıda keçiriləcək para -cüdo idman növü üzrə “Qran- pri” yarışını canlı yayımlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə