DİN-in Polis Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı
Yanvarın 18-də DİN-in Polis Akademiyasının Heydər Əliyev Mərkəzində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Emin Məmmədov, akademiyanın müəllim və kursantları iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fərhad Süleymanov şəhidlərimizin adlarının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Qeyd edilib ki, sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklə divan tutulması xalqımızın müstəqillik əzmini qırmaq məqsədi daşıyırdı. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Daha sonra Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki Mahir Əhmədov çıxış edərək tarixi faktları gənc kursantların diqqətinə çatdırıb.
Digər çıxışlarda xalqımıza qarşı törədilmiş bu cür ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı xarici siyasətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, xalqımızın birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin qanlı və şanlı səhifələrindən olan “20 Yanvar” tariximizdə daim yaşayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB