Adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar edilib- Tarix

Adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar edilib- Tarix

Oğuz rayonunun Kərimli kəndində e.ə.II minilliyə aid olan, 250 il davam etməsi ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya institutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz ekspedisiyasının rəhbəri Nəsib Muxtarovun SİA-ya verdiyi məlumata görə, Kərimli kəndindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxıb.

"Kərimli kəndindəki 2 saylı kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə, yəni 2 saylı Kurqanda dəfn e.ə. II minilliyin I rübünə, yəni orta tunc dövrünə təsadüf edir. Əgər qızıl öküz başının tapıldığı 1 saylı kurqanı da e.ə. II minilliyin ortalarına aid etsək, onda belə çıxır ki, biz böyük həqiqətlə üz-üzə dayanmışıq. Ola bilsin ki, biz tarixdə adını bilmədiyimiz, amma e.ə II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər üçün nəzərdə tutulub", Nəsib Muxtarov deyib.

Qeyd edək ki, Kərimli kəndində təxminən 3 hektar ərazidə, 14 belə kurqanın olduğu yer və hazırda arxeoloji qazıntıların aparıldığı ərazi el arasında "Hökmdar məzarlığı", rəsmi sənədlərdə isə "Qazı yeri" adlanır.

Hazırda ərazidə arxeoloji tədqiqatlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə