Nazim Şükürov: “İnnovativ inkişafdan daha çox alimlərimiz qazanacaq” MÜSAHİBƏ-ÖZƏL
Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun SİA-ya müsahibəsi
- Azərbaycanda iqtisadiyyatla bağlı yeni inkişaf modeli müəyyənləşdirilib. AMEA-da yeni iqtisadi modelə keçidlə bağlı hansı işlər görülür?
- Azərbaycan Respublikasında yeni inkişaf modeli ölkə başçısı tərəfindən müəyyənləşdirilib. Bu inkişaf modeli də dövlət idarəetmə orqanları, iqtisadiyyatın digər strukturları, elm və təhsil müəssisələri tərəfindən həyata keçirilməli olan və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il dekabrın 6-da imzalanan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin” təsdiq edilməsi haqqında Fərmanından irəli gələn məsələlərdir. Azərbaycan zəngin təbii ehtiyatlara malik dövlətdir. Neft və qaz ehtiyatlarımız olsa da, iqtisadiyyatımızın bu amildən asılılığını azaltmaq və qeyri-neft sektorunu daha da inkişaf etdirmək üçün biz ilk növbədə mövcud olan təbii sərvətlərimizdən səmərəli istifadə etməklə bilikli iqtisadiyyata keçməli, yeni iqtisadi model qurmalıyıq. Bu, iqtisadi inkişafın keyfiyyətcə yeni formasıdır. Bundan irəli gələrək Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərmanla müəyyən edilən bir çox dövlət, mərkəzi icra orqanlarına, iqtisadi strukturlara, elm və təhsil müəssisələrinə müəyyən tədbirlər planı ilə bağlı tapşırıqlar verilmişdi. Eyni zamanda Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına da bu Fərmandan irəli gələn tapşırıqlar verilərək, akademiya tərəfindən biliyə əsaslanaraq, keyfiyyətcə yeni iqtisadi modelə keçidlə bağlı Rəyasət Heyətinin qərarı ilə tədbirlər planı hazırlanmışdı. Bu tədbirlər planı üzrə AMEA-da daimi komissiya fəaliyyət göstərir və komissiya strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə və ondan irəli gələn təklifləri ümumiləşdirərək onların əsasında praktiki işləri həyata keçirir.
- Bir neçə gün bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında da Sərəncam imzaladı. Sərəncama əsasən AMEA-ya da müəyyən tapşırıqlar verildi. Hazırda işlər nə yerdədir?
- Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar tarixində ölkəmizdə innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında imzaladığı Sərəncam bilikli iqtisadi inkişaf modelinə keçidlə bağlı işlərin koordinasiya edilməsi ilə əlaqədardır. Respublikada innovativ inkişaf üzrə hər bir nazirlik, komitə, ölkə başçısının fərmanı ilə yaradılan mərkəzi icra hakimiyyəti orqanlarının yaratdığı publik hüquqi şəxslər, dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylara nəzarət zərfinin dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən innovativ inkişafla əlaqədar həyata keçirilən işlərin koordinasiyası üzrə təşkilatı məsələləri özündə əks etdirən sərəncam gələcəkdə əlaqəli işləri təşkil etməyə sövq edir. Bununla bağlı AMEA-ya da müəyyən tapşırıqlar verilib. Sərəncama əsasən Nazirlər Kabinetinə ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilən elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrinin tərtib olunması və aparılması qaydasının Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlanaraq Dövlət başçısı ilə razılaşdırılmaqla 3 ay müddətinə təsdiq edilməsi nəzərdə tutulub. Bir çox nazirlik və qurumlarda elmi tədqiqat institutları, mərkəzlər, onların laboratoriyaları və tədqiqat infrastrukturları olsa da, bu günə qədər onların icmallaşmış şəkildə reyestri hazırlanmayıb. Lakin sərəncamdan sonra respublikada mövcud olan tədqiqat institutlarının, infrastrukturlarının bütün məlumatları, onlarda mövcud olan avadanlıqlar haqqında, tədqiqat işlərinin istiqaməti barədə lazımi, zəruri informasiyalar reyestrdə əks olunacaq ki, bu da gələcəkdə tədqiqat qurumlarına, laboratoriyalara hansı layihələr üzrə tədqiqat işlərinin aparıldığı, perspektivləri, gələcəkdə iqtisadiyyatda onların hansı istiqamət üzrə tətbiqi, səmərəliliyi və perspektivinin nədən ibarət olduğunu, lazım olan investisiya məbləği, biznes planı haqqında respublikada ümumi informasiyanın mövcudluğuna imkan yaradacaq. Sərəncamdan irəli gələrək AMEA Nazirlər Kabineti ilə birgə reyestri tərtib edərək, onun aparılma qaydasını müəyyənləşdirəcək. Məlumatlar innovativ inkişaf üzrə görülən işlərdə istifadə olunacaq ki, bu da Azərbaycanın bilikli iqtisadiyyata, yeni inkişaf modelinə keçməsinə bir vasitə olacaq. Hazırda Nazirlər Kabineti ilə AMEA arasında bu istiqamətdə işlərə başlanılıb. AMEA-nın prezidenti akademik Akif Əlizadə Sərəncamın icrası ilə bağlı tapşırıqlar verib və nəzərdə tutulan işlər qısa müddətdə həyata keçiriləcək.
- İnnovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsinə daha hansı strukturlar cəlb ediləcək?
- “Elm haqqında” qanununa əsasən AMEA respublikada vahid elm üzrə siyasəti həyata keçirən dövlət təşkilatıdır. AMEA bütün nazirlik və komitələrin nəzdində olan tədqiqat institutları, mərkəzləri, laboratoriyalar haqqında məlumatlanmaq üçün onlara sorğu göndəriləcək, qısa müddət ərzində məlumatlar icmallaşdırılacaq. Bununla da biz həmin mərkəzlərdə mövcud olan avadanlıqlar, onların hansı tədqiqat işlərində istifadəsi haqqında, gələcəkdə sənayeləşdirilən və kommersiyalaşa bilən layihə, tədqiqat proqramı və ya predmeti haqqında məlumatları əldə edəcəyik. Bu məlumatlar Nazirlər Kabineti ilə birlikdə aidiyyatı şöbə, qurum və idarələr tərəfindən toplandıqdan sonra onların reyestri və reyestrin aparılması qaydası hazırlanacaq.
- Bilikli iqtisadiyyatın formalaşmasında qeyri-neft sektorunun payı necə olacaq?
- Ümumiyyətlə, Azərbaycan qlobal iqtisadiyyata addımlayıb. Neft və qaz ölkə iqtisadiyyatında lokomotiv rolunu oynayır. Hazırda biz bu sektorda ən yüksək keyfiyyətə malik olan neft məhsulları əldə edirik. AMEA-nın Yüksək Texnologiyalar Parkında iki rezident fəaliyyət göstərir ki, birində 70, digərində isə 40-dan çox mühərrik, mineral və sürtgü yağları istehsal edilir. Alimlərimizin iştirakı ilə keyfiyyətcə dünya standartına cavab verən neft məhsulları əldə edə bilmişik. Bu neft sektoruna aid olsa da, bura bilik tətbiq edərək yüksək nəticələr əldə etmək mümkün olmuşdur. Biz bilik və innovativ layihələri qeyri-neft sektoruna yönəldərək onun inkişafına çalışırıq. Hazırda ölkəmizdə bilikli, rəqəmsal iqtisadiyyat formalaşır. Bu səbəbdən də elmtutumlu, idxal əvəzedici, ixraca yönəlik məhsulların istehsalı ilə bağlı iqtisadi seqmentlər formalaşmalıdır. Burada da Azərbaycan alimlərinə istinad böyükdür. Alimlərimiz ölkə başçısı tərəfindən tapşırılan məsələlərlə əlaqədar əlindən gələnlərini əsirgəməyəcəklər.
- Alimlərimiz yeni iqtisadi modeldən nə qazanacaq?
- Bu işdə bəlkə də ən çox qazanan məhz alimlərimiz olacaq. Çünki alimlər ideya, ixtira hər hansı elmi tədqiqat və tapşırıq əsasında öz ixtiralarını patentləşdirirlər. “Patent haqqında” qanuna uyğun olaraq alimlərin ixtiraları patentləşdikdən sonra onların gələcəkdə sənayeləşdirilməsi dövlət tərəfindən dəstəklənəcək. Ölkə başçısı tərəfindən imzalanan sərəncam innovativ inkişafın dəstəklənməsi ilə əlaqədar görülən işlərə nəzarət mexanizmi yaratmaqla yanaşı, qurumların innovativ inkişafa, hətta startap fəaliyyətinə dəstəklə bağlı hesabatlanma mexanizmini yaradır ki, bu da qurumların məsuliyyətini artırır. Burada hətta müəyyən qurumların mənfəətinin bir hissəsinin innovativ layihələrə yönəldilməsi də nəzərdə tutulub ki, bu da alimlərin ideyasının kommersiyalaşmaya qədər olan mərhələdən gəlir əldə etməsinə əməli imkan yaradır.Yəni alimlərimiz yalnız ideya ixtira və patent səviyyəsində deyil, onun prototip, sənaye və sonda da kommersiyalaşma səviyyəsinə çatmasından qazanc əldə edə biləcəklər.
Bununla bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadənin də xüsusi qərarı var. Belə ki, alimlər son kommersiya mərhələsində ixtiralarından yüksək faiz nisbətində qazanc əldə etmiş olacaqlar.
- Bilikli iqtisadiyyata keçmək üçün kadr potensialımız yetərlidirmi?
- Kadr potensialı əsas məsələdir. Çünki, iqtisadiyyatın zirvəsində də insan amili dayanır. Azərbaycanda peşəkar kadrlar var. Lakin biz onları yeni iqtisadi modelin tələblərinə uyğunlaşdırmalı, onlarda innovativ düşüncəni təşviq etməliyik. Hər kəs bilməlidir ki, yeni inkişaf nəticəsində həyat tərzi, həyat keyfiyyəti daha da yaxşılaşacaq, qazancı daha da artacaq. Bu səbəbdən də gənc alimlərimizdə, iqtisadi strukturlarda çalışanlarda innovativ bacarıqları genişləndirməli, bu məsələnin inkişafına yönəltməliyik. Bu işlərin həyata keçirilməsi zaman tələb etsə də, burada dayanmaq olmaz. Dinamik inkişafa gedən qlobal iqtisadiyyatda öz layiqli yerimizi tutmalıyıq. Bütün görülən işlərdə məqsəd insanların maddi, rifah halının yaxşılaşdırılmasıdır.
- Ölkə başçısının innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi ilə bağlı sərəncamından sonra AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətini necə davam etdirəcək?
- Siz bilirsiniz ki, Yüksək Texnologiyalar Parkı (YTP) Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə Milli Elmlər Akademiyasının tərkibində yaradılıb. YTP 21 hektar ərazisi olan vergi, gömrük güzəştli xüsusi iqtisadi zonadır. Ərazi tam infrastruktur - qaz, işıq, su kommunikasiya, internet, telefon və digər şəraitlə tam şəkildə təmin olunub. YTP təşkilatlandıqdan sonra uzunmüddətli layihələr üzrə 10 sayda texnoparkın rezidenti fəaliyyət göstərir. Fəaliyyət iki - həm mülki, həm də müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilir. Qısa zamanda münbit yaradılan şərait investisiya cəlbedici formatına gətirib çıxarıb. Rezidentlər bizə layihələri ilə müraciət edir, yaradılan ekspertlər şurası tərəfindən onlar dəyərləndirilir, gələcək perspektivliyi, elmtutumluluğu, innovasiya, ixrac yönümlülüyü, idxal əvəzediciliyi məsələləri araşdırıldıqdan sonra qərar qəbul edilir. Hesab edirik ki, YTP Cənab Prezidentin göstərişi ilə olan məsələlərdə daha fəal iştirak edəcək, investisiyanın cəlb ediciliyi üçün daha əlverişli qanunvericilik layihə təkliflərini verəcək. Bununla yanaşı YTP innovativ layihələrin həyata keçirilməsi üçün biznes aləmi ilə təmas quraraq onların əlverişli platforma üzərindən fəaliyyət göstərməsinə dövlət dəstəyini həyata keçirəcək. Eyni zamanda AMEA-nın elmi tədqiqat institutlarında çoxlu sayda, universal və fərqli istiqamətlərdə tədqiqat işləri aparılır. Alimlər üçün tədqiqat, sınaq işlərinin aparılması, prototiplərin yaradılması və ideyalarını gələcəkdə kommersiyalaşdırması üçün burada münbit şərait yaradılıb. YTP elmlə biznesin toqquşduğu məkan olduğu üçün gələcəkdə alimlərimizin böyük vəsait qazanması üçün geniş imkanlar yaradılır. Bu da büdcə asılılığını getdikcə minimuma endirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB