Azərbaycan əsgəri, SƏNİNLƏYİK!

Azərbaycan əsgəri, SƏNİNLƏYİK!

Məktəblilərin "Əsgərə məktub" yazmaq təşəbbüsü vətən keşiyində dayanan əsgərlərimizin ruh yüksəkliyini daha da artırır

Vətən! Ərazisi, sərhədləri bəlli müqəddəs məkan… Bu torpağın hər qarışından qan qoxusu gəlir, şəhid qanı ilə nəfəs alır Azərbaycan torpağı. Tarix boyu yadelli işğalçıların, imperiyanın, erməni daşnaqlarının hücumuna məruz qalsa da, məğrur dayanıb.

Bu gün Azərbaycan torpağının 20 faizi erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olsa da, Azərbaycan əsgərinin əzmi, ƏSGƏR adını şərəflə daşıması bu torpaqların təzliklə qaytarılmasından soraq verir. Dünyada əsgər adı ən müqəddəs andır və bu andın yükü, çəkisi ölçüyə gəlməz. Qışın soyuğunda, qarında, yayın qızmar günəşində Azərbaycan əsgəri mərdi-mərdanə Vətən sərhələrinin keşiyində dayanaraq, onu ayıq-sayıq qoruyur. Bu gün yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan əsgərə mənəvi, yeri gələrsə, fiziki cəhətdən dayaqdır, arxadır. Doğma yurdun müdafiəsinə qalxmağa hər an hazır olan vətənpərvər Azərbaycan əsgərinə ölkəmizin məktəblərində təhsil alan məktəblilər də mənəvi dəstəkdirlər. Ölkəmizdə həyata keçirilən layihələrdən olan "Əsgərə məktub" yazmaq təşəbbüsləri də bu mənəvi dəstəyin bir təzahürüdür.

Onların əsgərlərimizə yazdıqları məktubların hər sətrində vətən torpağının ucsuz-bucaqsız məkanları görünür. Bu, bir inam hissidir, əsgərə olan inamdan doğan fikirdir ki, sanki məktəblilər onların şücaəti ilə Azərbaycan torpaqlarının geri alınacağına inanırlar. Azərbaycanın gənc əsgərinə munis duyğularını, hiss və düşüncələrini ifadə etməklə vətən keşiyində dayanan ərən oğullarımızla sanki məktəblilər sərhədlərdə, səngərlərdə söhbətləşir, bu da əsgərlərə mənəvi güc, dayaqdır ki, daha cəsarətli, mübariz vətənə xidmət etsinlər. Bu gün qarşımızda yüzlərlə məktəblinin əsgərə yazdığı məktulardan bir qismi var. Hamısı məzmunu, ideyası baxımından bir-birindən maraqlı, təsirlidir. Məktubları oxuyuruq.

İlk baxışda diqqətimi Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Həsən Fərman oğlu Orucovun "Əsgərə məktub"u cəlb edir:

"Əziz Əsgər! Səninlə tanış olduğuma çox şadam. Qarabağda hava necədir? Yəqin ki, sən də o isti yataq, ana əli ilə bişirilmiş yemək və ailən üçün darıxmısan. Biz rahat oxuyarkən siz bizi qoruyursununz. Mən sizə çox minnətdaram! Əgər bir gün zaman olarsa, əziz Əsgər, Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə görüşmək istəyirəm!!! Sizə cəbhədə bol şans!!!"

Məktəbli Həsənin məktubu cavabsız qalmayıb.

Əsgər ona belə yazır: "Bu məktubum birbaşa Orucov Həsən, sənədir. Mən də səninlə tanış olduğuma görə çox şadam. Mən hazırda Qarabağ ərazisində xidmət etmirəm, amma orada xidmət göstərən əsgər yoldaşlarımızın soyuq havada düşmənlə üz-üzə səngərdə necə əziyyət çəkdiyi haqda az da olsa məlumatımız var. Amma hər nə olursa-olsun, yaranan hər bir çətin şəraiti gözə alaraq vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canımız və qanımız bahasına olsa belə qorumağa hazırıq. Bəli, əlbəttə, mən də hamı kimi, ailəm və tanışlarım üçün çox darıxıram. Görüşməyə qaldıqda isə, söz verirəm: İnşallah, iyul ayında təxris olunacağam. O məktəbi də yaxşı tanıyıram. Bacardığım qədər gəlib səninlə görüşəcəyəm. Biz burada xidmət göstərdiyimiz zaman müddətində sən də dərslərini yaxşı oxu, qiymətlərin də yüksək olsun. Biz kimlərinsə, siz də bizim gələcəyimizsiniz. Bütün sinif yoldaşlarına məndən salam de. Biz yaxşıyıq. Siz də gələcəyimiz üçün əlinizdən gələni edin. Və ən əsas da valideynlərinizin sözündən çıxmayın, çünki, onlar hər zaman sizi, bizi qorumağa çalışır və bunun uğrunda əziyyət çəkir".

Sonda isə əsgər məktəbliyə bu məktubu saxlamağı və görüşəndə ona göstərməyi qeyd edir. Zərflərin içində olan bir-birindən maraqlı məktubları oxuyarkən bir daha təsdiqini tapır ki. biz hamımız bu torpağın Əsgəriyik. Onu qanımızla, canımızla son nəfsimizə qədər qorumalıyıq.

Azərbaycan əsgəri, hərbiçisi məktəblilərin ünvanladığı məktubları böyük sevgi ilə qarşılayır, dolğun şəkildə onların məktubunu cavabladırırlar. Məktəbli Zəhra Məmmədli "Siz vətənimizin fəxri, qürurusunuz, hamımız sizə ümid edib, bilirik ki, sizə tapşırılan işi müvəffəqiyyətlə yerinə yetirirsiniz", - deyə əsgərə məktubunda yazır.

Əsgər Mehdi isə ona cavab olaraq ünvanladığı məktubunda yazır: "…Sizlər bu ürəyimlə bədahətən gələn tövsiyə və məsləhətlərimi dərindən dərk edib qəbul etməyə özündə cəsarət bilərsə, o zaman bizlərə silahdaş olmağa, çiyin-çiyinə yağı düşmənlərimizə qarşı vuruşmağa üzərində şəhidlərimizin qanı olan əzəmət doğuran üç rəngli – ay ulduzlu bayrağımızı işğal olunmuş torpaqlarımıza sancmağa dəvət edirəm…" Bu bir əsgər, hərbiçi çağırışıdır. Bir azərbaycanlının içindən gələn vətən sevgisinin alovudur ki. qığılcımı hər tərəfə səpələnir.

Azərbaycan - mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

"Azərbaycan" deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Bəli, Məmməd Arazın od püskürən misralarında Azərbaycana, bu torpağa olan sevgi ələnir. Ələndikcə hər bir azərbaycanlıya sevgi, Vətənə sevgisini aşılayır.

Masa üstündə olan başqa bir Sumqayıt məktəblisinin zərfini açırıq. O isə əsgərin bizim üçün çəkdiyi əziyyətin qarşılığını heç nə ilə ödənilə bilinməyəcək əziyyət olduğunu yazır.

Dayısı şəhid olmuş məktəblinin məktubuna isə əsgərimiz belə cavab yazıb: "Allah şəhid dayına rəhmət eləsin. Bizim ordumuz düşməni məhv edəcək gücündədir. Biz Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyirik. Gec-tez biz torpaqarımızı alacağıq".

Məktəbli Əli Əsgərli isə "Sən varsansa, vətən var, Vətən varsa sən varsan, Vətənin keşiyində durmusan, bizi qoruyursan", - yazır. Səmimi sətirlərdə məktəbli hərbi xidmətin kişilik məktəbi olduğunu da qələmə alır. Yazır ki, unutma ki, vətəni qoruya bilməyən əsgər, ailəsini də qoruya bilməz.

Nəsir Hacızadənin, Nərmin İsayevanın, Elman Əhmədovun və onlarla məktəblinin məktubları səmimi fikirləri ilə diqqəti cəlb edir.

Əsgərlərimizin əli silahlı səngərlərdə dayanaraq keşik çəkməklərinə baxmayaraq, məktəblilərə cavab olaraq ünvanladıqları məktublarında böyük qardaş kimi tövsiyələrini də verməyi unutmayıblar:"… inda inkişaf edən ölkəmizdə məktəbli üçün yaradılan hər cür şərait var. Bu inkişafdan bəhrələnməyə çalış. İnşallah sənin də dediyin kimi, biz ermənilərə qalib gələcəyik. Əzəli torpaqlarımızı qürurla geri qaytaracağıq". Daha sonra vətəni qorumağın hər bir əsgərin borcu olduğunu yazaraq, əminliklə vurğulayır ki, bu günə kimi əmin-amanlıqla yaşadığız kimi, bu gündən sonra da əmin-amanlıqla yaşadığınız Azərbaycanı əsgər göz bəbəyi kimi qoruyacaq. Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı geri almaq əzmindədir.

İstər məktəblilərin əsgərlərə ünvanladıqları məktublarda, istərsə də əsgərlərin cavab yazdıqları məktublarda vətən sevgisi, vətən torpağının müqəddəs olması diqqəti çəkir. Bu torpaq hamınındır, hər bir azərbaycanlınındır. Qorumaq, müdafisində durmaq da hər birimizin məsuliyyətidir.

Məktublar çox, Azərbaycana sevgi isə bitib tükənmir. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyir. O yollara dönəcəyik. Mübariz ruhlu əsgərlərimizin ərənliyi ilə.

Bu məktub vətən keşiyində dayanan əsgərlərimizin ruh yüksəkliyini daha da artırmaq onlara mənəvi dayaqdır. Şagirdlərin məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq hissi, eləcə də ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. Azərbaycan vətəndaşının hər birinin döyüşə hazır olduğu bir daha özünü biruzə verir. Əsgərlərimiz yurdumuza, yurdumuzsa əsgərlərimiz söykənmişdir. Yurda söykənən əsgər isə məğlub olmaz.

Əlbəttə ki, "Əsgərə məktub" təşəbbüsünə qoşulan, əsgərlərimizi ruhlandıran məktəblilər əsl vətəndaşdırlar. Əsgər üçün "Salam əsgər!" ifadəsindən qürurverici nə söz ola bilər. "Rahat yaşamağımız üçün sizə borcluyuq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. İşğal altında olan bütün torpaqlarımızı geri qaytaracaqsınız!" kimi ifadələrdə Azərbaycan əsgəri öz gücünü bir daha dərk edir.

Bu gün bu sətirləri qələmə alan məktəbli sabah sərhədlərimizdə silahı ilə bizləri qoruyacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə