"Nəsimi ili”nin elan olunması şairin yaradıcılığına yeni baxış ortaya qoyacaq" RƏY-ÖZƏL
“Prezident İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. Dövlət başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi də bu qəbil tədbirlərdəndir”. Bunu SİA-ya açıqlamasında AMEA-nın AMEA Rəyasət Heyəti aparatının Elektron informasiya şöbəsinin rəis müavini Nərgiz Qəhrəmanova deyib.
O bildirib ki, ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq qərar və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir.
Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olduğunu deyən N.Qəhrəmanova söyləyib ki, şair ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazıb.
Onun sözlərinə görə, Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir: “Azərbaycan Milli Elmlər Akademiyasının əhəmiyyətli elmi müəssisələrindən olan Dilçilik İnstitutunun məhz İmadəddin Nəsiminin adını daşıması heç də təsadüfi deyil. 1973-cü ildən Nəsiminin adını daşıyan Dilçilik İnstitutunda dahi mütəfəkkirin həyatı, bədii yaradıcılığı, eləcə də onun Azərbaycan dilinin inkişafındakı xidmətlərinə dair çoxsaylı tədqiqatlar aparılıb, monoqrafiyalar yazılıb, dissertasiya işləri müdafiə olunub”.
N. Qəhrəmanova vurğulayıb ki, şairin irsinin dərindən araşdırılması və təbliği Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə də aktual olub: “Böyük mütəfəkkirin 600 illiyinin YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb. 1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəlinin ucaldılması, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabrında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təşkili bu dahi insanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərdəndir”.
AJB üzvü qeyd edib ki, cari ilin “Nəsimi ili” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması, onun hazırkı dövrdə də aktuallıq kəsb edən ideyalarının təbliği baxımından böyük məna kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB