Fond rəsmisi: “Ölkədə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi 2010-cu ilin inflyasiyasına uyğun aparılacaq”- Açıqlama

Fond rəsmisi: “Ölkədə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi 2010-cu ilin inflyasiyasına uyğun aparılacaq”- Açıqlama
Pensiya artımı ilə bağlı olaraq bu ay pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi həyata keçiriləcək. Bu barədə SİA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. O bildirib ki, ölkədə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi 2010-cu ilin inflyasiyasına uyğun aparılacaq. E.Babayev vurğulayıb ki, bu ay pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı cənab prezidentin sərəncamı gözlənilir. Bundan sonra fond öz üzərinə düşən səlahiyyətlər çərçivəsində bu sərəncamı icra edəcək.

"Artımla bağlı dəqiq bir söz deyə bilmərəm. Sadəcə olaraq pensiyaların sığorta hissəsi inflyasiyaya uyğun indeksləşdiriləcək. Qalan artımlar isə il ərzində olan iqtisadi proseslərdən asılıdır. Əmək Pensiyaları Haqqında Qanunda da nəzərdə tutulub ki, əmək pensiyalarının indeksləşdirilməsi hər il inflyasiyadan qorunmaq üçün dövlət tərəfindən həyata keçirilən bir addımdır. Hər il pensiyaların sığorta hissəsi inflyasiyaya uyğun indeksləşdirilir. Məsələn, 10 faizlik inflyasiya olarsa 10%, 5 faizlik inflyasiya olarsa isə 5 % artırılır. İllik inflyasiya göstəricilərini Dövlət Statistika Komitəsi rəsmi surətdə açıqladıqdan sonra buna uyğun sərəncam olacaq və fond öz üzərinə düşən işləri həyata keçirəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə